Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vaxta qənaət, şəffaflığa zəmanət...

Vaxta qənaət, şəffaflığa zəmanət...

02.04.2024 [11:15]

Nağdsız ödənişlərin həcmi artıb

2023-cü il ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 48 978 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 39 115 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 9 784 milyon manatı POS-terminallar, 70.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib. Ümumilikdə, ötən il ölkədaxili nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə, elektron ticarətin həcmi 2.1 dəfə, POS-terminallarla ödənişin həcmi isə 68.6% artıb. Belə ki, 2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 24 170.5 milyon manat, elektron ticarətin həcmi 18 333 milyon manat, POS-terminallarla ödənişin həcmi isə 5 801 milyon manat təşkil edib.  2024-cü il yanvar ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki illə müqayisədə 24.2% artaraq 16 milyon 925 min ədəd təşkil edib.

Nağdsız ödənişlərin miqyasının artmasına bir neçə fundamental amil təsir göstərib. Birincisi, dövlətin hüquqi-iqtisadi təminatları yaratması, qanunvericlikdə nağdsız ödənişlərin dövriyyəsinin artırılmasını təşviq edən motivasiyaedici vasitələrə geniş yer verməsi mühüm rol oynayıb. Belə ki, Vergi Məcəlləsinə, “Nağdsız Hesablaşmlar haqqında” Qanuna dəyişikliklər. “Rəqəmsal ödənişlərin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi və digər qanunvericlik aktlarına müvafiq dəyişikliklər edilməsi elektron ödənişlərin dövriyyəsini böyüdüb. 2022-2023-cü illərdə əqəmsal ödənişlər arxitekturasının daha da genişləndirilməsi, “Nağdsız hesablaşmalar haqqında” qanuna yeni dəyişikliklərin qüvvəyə minməsi də bütün sektorlarda yığımların nağdszılşamasına stimul verib.

İkinci amil hökumətin nağdsız ödənişlərin rahat və asan aparılması üçün zəruri infrastrukturlar yaratmasıdır. Hökumət Ödənişləri Portalı, banklar tərəfindən təmin edilmiş elektron ödəmə vasitələrinin istifadəyə verilməsi, internet üzərindən qeyri-nağd kanalların tətbiqinin genişlənməsi kommunal xərclərdən tutmuş, ticarət və digər bütün əməliyyatların nağdsız qatdada aparılmasını təmin edib. Eləcə də, çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin ölkə daxilində geniş ərazini əhatə edən “ASAN ödəniş” terminalları, nağdsız ödəmə vasitələri e-ödənişlərin maneəsiz həyata keçirilməsini təmin edir.

Üçüncü amil, hökumətin təşviqedici və ya motivasiya xarakterli layihələridir. Bu istiqamətdə ən uğurlu layihələrdən biri kimi “ƏDV geri al” təşviqini xüsusi qeyd etmək lazımdır. Ən böyük innovativ “ƏDV geri al” layihəsi çərçivəsində 1 milyarddan çox kassa çeki üzrə istehlakçılara yarım milyard manatdan artıq vəsait qaytarılıb. Bu isə sözsüz ki, iqtisadiyyatın “ağardılması”na, eyni zamanda, nizam-intizamın, vergi mədəniyyətinin formalaşmasına xidmət edir. Nəticədə bu təşviqedici kampaniya başlıca məqsəd olan nağdsız dövriyyələrin böyüməsində də əhəmiyyətli rol oyamaqdadır.

Maraqldır ki, nağdsız dövriyyələrin böyüməsində mobil təbiq də xüsusi əhəmiyyət daşıyır və hazırda POS-terminallar vasitəsilə həyata keçirilən hər 4 nağdsız ödənişdən 1-i məhz “ApplePay” və ya “GooglePay” həlli vasitəsilə icra olunur. Məsələn, ötən il istifadəçilər tərəfindən “ApplePay” həlli vasitəsilə ümumi həcmi 1,9 milyard manat ekvivalentində olan 67,5 milyon ödəniş, “GooglePay” həlli vasitəsilə isə ümumi həcmi 813,2 milyon manat ekvivalentində 39,6 milyon ödəniş həyata keçirilib ki, bu da son 5 ildə 10 dəfəyə yaxın böyümə deməkdir. 

Başqa bir amil isə ticarət və xidmət sektoirlarında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılmasıdır. Son 4 ildə bu cihazlraın quraşdırılması vergi ödənişlərinin qeyri-nağd qaydada həyata keçirilməsində və şəffaflığın təmin edilməsində mühüm rol oynayıb və illər üzrə nağdsız dövriyyə böyüyüb. Hazırda ölkə üzrə ticarət, xidmət və iaşə sektorunda sayı 100 minə çatıb.

Nağdsız ödənişlərin artması iqtisadiyya üçün hansı müsbət nəticələrə səbəb olub? Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır. Məhz qeyri-nağd ödəmələrin stimullaşdırılması sayəsində qeyri-neft-qaz sektorundan daxilolmalar da yüksəlib və  6,5 milyard manata yaxınlaşıb.

Nağdsız və ya elektron ödənişlərin vətəndaşlar üçün faydasına gəldikdə, bu layihələr əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir.

Ümumilikdə, dövlətin genişşaxəli nağdsız iqtisadiyyat və rəqəmsal cəmiyyət quruculuğu istiqamətində atdığı addımlar öz töhfəsini verməklə, iqtisadiyyatın şəffaflaşması və qeyri-neft yığımlarının həcminin böyüməsi baxımından hədəf prioritetlərə çatmağa nail olunduğunu göstərir. 

Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31