Yaxın Şərq təhlükəsizliyinin mühüm mərhələsi...
30.09.2026 [10:16]
Məkkə sazişinin qərargah rəisləri görüşdü
Sazişin ratifikasiyasını gözləmədən keçirilən görüşün səbəbləri
Beynəlxalq münasibətlər sisteminə yenicə qədəm qoymuş Məkkə Birgə Müdafiə Sazişi, qısaca “Məkkə sazişi” ölkələri müzakirələrə start verir. Maraqlıdır ki, ilk toplantı ordunun əsas beyin mərkəzlərinin rəhbərləri - yəni, qərargah rəisləri statusunda baş tutub. Belə ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisləri Ər-Riyadda bir araya gəliblər. Tədbirdə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Pakistan Müdafiə Qüvvələri və Ordu Qərargah rəisi marşal Seyid Asim Munir və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general Feyyad bin Hamed əl-Ruvaili də iştirak ediblər. Yayılan məlumatlara görə, tərəflərin görüşü saziş çərçivəsində müdafiə sahəsində əməkdaşlığı və koordinasiyanı əhatə edib.
Siyasi ekspertlər isə yenicə yaranan, hələ üzv dövlətlər tərəfindən tam ratifikasiya edilməmiş Sazişin tərəflərinin məhz Qərargah rəisləri statusunda toplanmasını təsadüfi saymırlar. Regionda get-gedə güclənən təhlükəsizlik hədələrinin Sazişi aktivləşdirəcəyini şərtləndirə bilər. Bu halda isə...
Üçlü saziş, yoxsa NATO-nun Yaxın Şərq analoqu?
Xatırladaq ki, Məkkə Paktı kimi də tanınan Məkkə Birgə Müdafiə Sazişi bu ilin 7 avqustunda Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanıb və üçtərəfli müdafiə müqaviləsi hesab olunur. Müqavilə ABŞ-İran müharibəsi və Səudiyyə Ərəbistanı ilə Yəmən Husi üsyançıları arasında yenidən başlayan münaqişə fonunda imzalanıb.
Bu saziş özlüyündə iki ayrı sazişin birgə təzahürüdür. Belə ki, 17 sentyabr 2025-ci ildə Ər-Riyadda Səudiyyə Ərəbistanı və Pakistan arasında Strateji Qarşılıqlı Müdafiə Sazişi (SMDA) imzalanmışdı və bu müqavilə ölkələr arasında on ildən artıqdır davam edən əməkdaşlığın rəsmiləşdirilməsi idi. Öz növbəsində, Türkiyə ilə Pakistan arasında da analoji saziş mövcud idi və iki ölkə hərbi gəmilər mübadiləsi apararaq müdafiə əlaqələrini gücləndirir, birgə hava təlimləri keçirirdilər. 7 avqust 2026-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkədə bu iki müqavilə əsasında kollektiv müdafiə müqaviləsi imzaladılar. Müqavilə təcavüzə qarşı kollektiv çəkindirməni gücləndirməyi hədəfləyir. Bir üzvə edilən hücum bütün tərəflərə edilən hücum hesab olunur ki, bu da İttifaqın NATO-nun analoqu olması məsələsini ortaya çıxarır. Başqa sözlə, bu birlik “Müsəlman NATO-su” da adlandırılır.
“Kağız pələng” ritorikası - Məkkə sazişi aktivləşir?
O ki qaldı, müqavilənin ratifikasiya edilməmiş toplantısının təşkilinə, siyasi şərhçilərin düşüncəsinə görə bu da ehtiyacdan yaranıb. Belə ki, husilərin birbaşa Səudiyyə Ərəbistanına 24 sentyabrda hücumları böyük ajiotaj yaradıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Taif və Yanbuya yönəlmiş altı ballistik raketi ələ keçirib. Husilər, həmçinin, Ər-Riyad və Aramco obyektlərinə də zərbələr endirdiklərini bildiriblər. Belə olan halda, qlobal siyasi kluarlarda Məkkə sazişinin qeyri-işlək olması, birgə müdafiə mexanizmləri məsələsinin yalnız sözdə olması haqda xəbərlər dolaşıb. Nyu-Yorkda keçirilən “Yüzillik ərəfəsində Türkiyə-Amerika münasibətləri” panelində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bu xəbərlərə reaksiya verib. Belə ki, o, ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefriyə yaxınlaşaraq orduya nə vaxt qoşulduğunu soruşub. Cefri cavabında “Təxminən 50 il əvvəl” deyib. Daha sonra Fidan bu müddət ərzində NATO-nun 5-ci maddəsinə neçə dəfə istinad edildiyini soruşub. Cavab belə olub: “yalnız bir dəfə”. Türkiyənin xarici işlər naziri ardınca bildirib ki, “amma heç kim NATO-nu “kağız pələng” kimi tənqid etmir”. Fidanın sözlərinə görə, Yəməndəki hadisələrə (hüsilərdən söhbət gedir - red.) əsaslanaraq, Məkkə anlaşmasının təsirsiz olduğu qənaətinə gəlmək tezdir. “Biz hələ təzə başlamışıq”, - nazir vurğulayıb.
Bu arada “Al-Monitor” Türkiyənin diplomatik mənbələrinə istinadən bildirib ki, Ankaranın Məkkə Sazişində iştirakı Yəmənin rəsmi hakimiyyət orqanlarının Ənsar Allah (Husi) üsyançı hərəkatı ilə münaqişədə hərbi müdaxiləsini nəzərdə tutmur. Bu mənbələrə görə, Ankara bu iki məsələni birbaşa əlaqələndirmir. Türkiyənin nöqteyi-nəzərindən Məkkə Sazişi Səudiyyə Ərəbistanının ərazisini husilərin hücumlarından müdafiə etməsinə kömək etməsini nəzərdə tutan müdafiə paktıdır. Yəmənin öz ərazisindəki münaqişədə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin tərəfində iştirak etmək, Türkiyənin Məkkə Sazişi çərçivəsində öhdəlikləri ilə əlaqəsi olmayan ayrı bir məsələdir.
Yaxın şərqin yeni təhlükəsizlik “çətiri”...
Vurğulandığı kimi, Yaxın Şərqdə təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi, regional qarşıdurmaların qeyri-müəyyən istiqamət qazandığı bir vaxtda Məkkə Sazişi yeni strateji reallığın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız hərbi əməkdaşlıqdan deyil, dəyişən regional güc balansına kollektiv cavab mexanizminin formalaşdırılmasından gedir. Ekspertlərin də qeyd etdiyi kimi, Məkkə sazişi Türkiyənin NATO təcrübəsi və hərbi sənaye imkanlarını, Pakistanın nüvə çəkindiriciliyini və Səudiyyə Ərəbistanının maliyyə-strateji potensialını vahid təhlükəsizlik çərçivəsində bir araya gətirir. Bu baxımdan saziş Yaxın Şərqdə güc balansının yenidən qurulmasına təsir göstərə biləcək mühüm platformadır. Eyni zamanda onun gələcəkdə digər dövlətlərin də əməkdaşlığa cəlb olunması üçün açıq modelə çevrilməsi regional təhlükəsizlik arxitekturasının coğrafiyasını daha da genişləndirə bilər.
Əslində proses daha böyük tendensiyanın - Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının regional aktorların iştirakı ilə yenidən qurulmasının tərkib hissəsidir. Bu mənada Ankara-Ər Riyad-İslamabad əməkdaşlığı regionun ən mühüm geosiyasi platformalarından birinə çevrilə bilər. Siyasi mütəxəssislər ciddi qərarların veriləcəyi təqdirdə alyansın Yaxın Şərqin ən ciddi hərbi-siyasi koordinasiya platformalarından birinə çevrilmə imkanına malik olduğunu bildirir. Siyasi mütəxəssislər prosesi Yaxın Şərqdə “təhlükəsizliyin regionalizasiyası” prosesinin mühüm mərhələsi hesab edir. sazişin hərbi potensialı da göz oxşayır.
Statistik göstəricilər bu potensialın miqyasını aydın göstərir. Belə ki, ölkələrin hərbi müdafiə xərclərinə ayırdığı büdcəyə baxsaq 2025-ci ildə bu rəqəm Səudiyyə Ərəbistanı üzrə 83,2 milyard, Türkiyə üçün 30 milyard, Pakistan üçün isə 11,9 milyard dollar olub. Paralel olaraq Səudiyyə Ərəbistanının aktiv hərbçi sayı 247 min, Türkiyənin 481 min, Pakistanın 660 mindir. Səudiyyə Ərəbistanın arsenalında 917 təyyarə, 1085 tank, Turkiyə ordusunda 1101 təyyarə, 2284 tank, Pakistanda 1397 təyyarə, 2677 tank var. Hazırkı üçtərəfli formatda Türkiyə texnoloji və müdafiə sənayesi imkanları, Pakistan böyük quru qoşunları, raket və nüvə potensialı, Səudiyyə Ərəbistanı isə maliyyə imkanları, yüksək texnologiyalı Qərb silah sistemləri və strateji coğrafiyası ilə seçilir. Pakistan eyni zamanda müsəlman dünyasının yeganə nüvə silahına malik dövlətidir. Qahirənin sazişə qoşulması üç ölkəni qarşılıqlı müdafiə mexanizmindən çıxararaq Şimali Afrikadan Cənubi Asiyaya qədər uzanan regional təhlükəsizlik platformasına çevirə bilər. Ən mühüm qazanc isə hava hücumundan müdafiə, dəniz təhlükəsizliyi, kəşfiyyat və hərbi logistika sahələrində imkanların birləşdirilməsi olacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38

