Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Vahid Rusiya” rekordunu yeniləyib

“Vahid Rusiya” rekordunu yeniləyib

23.09.2026 [09:17]

Hakim partiya Dövlət Dumasında 355 yer qazanıb

Rusiyada IX çağırış Dövlət Dumasına deputat seçkilərinin ilkin nəticələri məlumdur. Dövlət Dumasına seçkilərdə səsvermə sentyabrın 18-dən 20-dək keçirilib. Federal seçki dairəsi üzrə 10 partiyanın siyahısı qeydə alınıb. Bunlar  “Vahid Rusiya”, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF), Rusiya Liberal Demokrat Partiyası (LDPR), “Yeni insanlar”, “Ədalətli Rusiya”, “Sosial ədalət naminə Rusiya Pensiyaçılar Partiyası”, “Rusiya kommunistləri”, “Vətən”, “Yaşıllar” Rusiya Ekoloji Partiyası və Birbaşa Demokratiya Partiyasıdır. Rusiya vətəndaşları üçün xaricdə də səsvermə təşkil olunub.

Partiya siyahıları üzrə protokolların 94,41 faizi işləndikdən sonra “Vahid Rusiya” 57,83 faiz səs toplayıb. Sonrakı yerlərdə 13,81 faiz səslə Kommunist Partiyası, 8,96 faizlə Liberal Demokrat Partiyası (LDPR), 7,97 faizlə “Yeni insanlar” və 4,96 faiz səslə “Ədalətli Rusiya” partiyası qərarlaşıb. Sonuncu partiya hazırda 5 faizlik baryeri keçə bilməyib və Dövlət Dumasına düşməmək təhlükəsi ilə üzləşirdi. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə bu partiyanın Dövlət Dumasına düşmək şansının qaldığını bildirmişdi.

Birmandatlı seçki dairələri “Vahid Rusiya”ya daha çox yer qazandırıb. Hazırda partiya 225 dairədən 209-da liderdir. Kommunist Partiyası isə 5 mandat əldə edib.

Ella Pamfilova bəyan edib ki, Rusiyanın hakim partiyası - “Vahid Rusiya” Dövlət Dumasında ən çox yer əldə edəcək: “İlkin olaraq, “Vahid Rusiya”nın Dövlət Dumasında 355, Kommunist Partiyasının 40, Rusiya Liberal-Demokrat Partiyasının 25, “Yeni insanlar”ın 20, “Ədalətli Rusiya”nın isə hələlik 4 yeri olacaq”.  Onun sözlərinə görə, seçki kampaniyası sakit keçib. MSK sədri, həmçinin qeyd edib ki, Dövlət Dumasına keçirilmiş seçkilərdə seçici fəallığı 59,32 faiz təşkil edib, 62,6 milyondan çox vətəndaş səs verib. Təqdim olunan məlumatlara görə, səsvermədə 62 milyon 619 min 380 seçici iştirak edib.

Beləliklə, Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumatlar göstərir ki, “Vahid Rusiya” IX çağırış Dövlət Dumasında sadəcə konstitusiya çoxluğu deyil, həmçinin tarixində ən böyük fraksiyanı əldə edir. Əvvəlki rekord 2016-cı il seçkilərinin nəticələrinə əsasən əldə edilmiş 343 mandat olub.

Rusiya Prezidenti Vladimir Putin isə IX çağırış Dövlət Dumasına deputat seçkilərində distant qaydada səs verib. Kremlin mətbuat xidmətinin yaydığı görüntülərdə Vladimir Putin iş kabinetində kompüter qarşısında əyləşərək distant elektron səsvermə sistemi vasitəsilə səsini verib. Son illərdə V.Putin əsasən elektron səsvermə üsulundan istifadə edir. 2024-cü ildə dövlət başçısı prezident seçkilərində və Moskva Şəhər Dumasına deputat seçkilərində də distant qaydada səs verib. Bundan əvvəl də o, payız seçkiləri, o cümlədən Moskva meri seçkiləri zamanı onlayn səsvermədə iştirak edib.

Qeyd edək ki, IX çağırış Dövlət Duması 450 deputatdan ibarət olacaq. Onlardan 225 mandat federal partiya siyahıları üzrə, digər 225 mandat isə birmandatlı seçki dairələri üzrə bölüşdürülür. Yeni çağırışın səlahiyyət müddəti 5 il olacaq. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, seçkilərin yekun nəticələri sentyabrın 25-dən tez olmayaraq açıqlanacaq. O deyib ki, bu müddət Mərkəzi Seçki Komissiyasının baxmasını tələb edən şikayətlərin daxil olması ehtimalı nəzərə alınaraq müəyyənləşdirilib. Ona görə də, rəqəmlərin müəyyən dəyişikliklərə məruz qalacağı istisna deyil.

Xatırladaq ki, səsverməni 133 ölkədən 1,2 mindən çox beynəlxalq müşahidəçi izləyib. Səsvermənin gedişini Azərbaycan Milli Məclisinin deputatları da müşahidə edib. Rusiyaya yollanan nümayəndə heyətinin tərkibinə parlament komitəsinin sədri Azər Əmiraslanov, deputatlar Fatma Yıldırım, Anar Məmmədov, Eyvaz Qurbanov və Sabir Hacıyev daxil olublar. Deputatlar seçki prosesini Moskva və Sankt-Peterburqda müşahidə ediblər. Azərbaycanlı millət vəkilləri seçki məntəqələrinin fəaliyyətinin təşkili, səsvermə proseduru və səslərin hesablanması qaydası ilə də tanış olublar.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30