Təhlükəsizlik, həmrəylik və vahid mövqe...
19.09.2026 [08:16]
Türk dövlətlərinin koordinasiyalı fəaliyyəti regional sabitliyin zəruri şərtinə çevrilir
İlham Əliyev: Sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil
Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi bloklaşmaların, hətta qütbləşmələrin formalaşdığı və beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Qlobal güclər arasında qarşıdurmalar, müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir.
Sirr deyil ki, ənənəvi qlobal idarəetmənin mərkəzlərində müəyyən geriləmələr hiss olunur - başqa sözlə, beynəlxalq təşkilatlar arasında güc balansı dəyişir, yeni regional birliklər dünya siyasətinə təsir imkanlarını daha da artırır. Bu yeni siyasi mənzərədə Türk Dövlətləri Təşkilatı (TDT) öz tarixi, mədəni və geosiyasi potensialına söykənərək müasir dünyanın çoxqütblü modelində önəmli regional təhlükəsizlik aktoru kimi fəaliyyətini genişləndirir. Qeyd edək ki, TDT-nin meydana çıxması və son illərdə qazandığı dinamik inkişaf onu yalnız türkdilli xalqların əməkdaşlıq platforması kimi deyil, eyni zamanda qlobal münasibətlər sisteminin yeni dayaqlarından biri kimi təqdim edir. Təşkilat üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı inteqrasiyanı möhkəmləndirməklə yanaşı, Avrasiya məkanında sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın təminatçısı rolunu da üzərinə götürür. Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibini və ölkələrin milli təhlükəsizlik şuraları rəhbərlərini qəbul edərkən çıxışında bildirib ki, TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür: “Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir”.
Regional təhlükəsizliklə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir
Azərbaycan isə bu proseslərdə özünəməxsus mövqeyi, siyasəti ilə seçilir. Ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Türk dünyasında, hətta Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya, beynəlxalq tərəfdaşlıq platformaları və təhlükəsizlik təşəbbüsləri Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasət Türk ailəsi daxilində təhlükəsizlik indeksinin artırılmasına yönəlməsi ölkəmizin bu platformada artan nüfuzunu və strateji əhəmiyyətini təsdiqləyir. Təhlükəsizlik məsələlərinin effektiv həllində vahid yanaşma, dövlətlərin həmrəyliyi xüsusi rol oynayır. Məhz bu baxımdan, Bakıda TDT-nin təhlükəsizlik şuraları rəhbərlərinin toplanması bir çox mətləblərdən xəbər verir. Bu tədbir müasir dövrün tələblərinə cavab verən mühüm platforma kimi çıxış edir, həmçinin qlobal təhdidlərə qarşı mübarizədə koordinasiyalı fəaliyyətə şərait yaradır. Bakı platforması həm regional, həm də beynəlxalq miqyasda sülhün qorunması, risklərin azaldılması və gələcək təhlükəsizlik modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir.
Belə halda isə, iqtisadi inteqrasiya ilə yanaşı, müdafiə immunitetinin güclənidirilməsi də təşkilatın əsas hədəflərindən biri kimi ortaya çıxır. Bu günün rakursunda TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, hər bir ölkə ayıq-sayıqlığını itirməməlidir. Bölgəmiz hazırda münaqişələrin müşahidə olunduğu bir regiondur. O baxımdan, hər an təhlükəsizliyin təmini, sabitliyin bərqərar olunması üçün səfərbər olmaq lazımdır. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq: “Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir”.
Hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə
Hazırkı mürəkkəb geosiyasi şəraitdə təhlükəsizlik məsələsi Türk Dövlətləri Təşkilatının gündəliyində daha mühüm yer tutmağa başlayır. Xüsusilə TDT məkanına yaxın regionlarda davam edən münaqişələr, hərbi-siyasi gərginliklər və yeni təhlükəsizlik riskləri üzv dövlətlərin koordinasiyalı fəaliyyətini zərurətə çevirir. Təsadüfi deyil ki, təşkilat çərçivəsində təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr artıq Milli Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində keçirilir. Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci görüşünün keçirilməsi bu istiqamətin aktuallığını bir daha göstərir.
Burada söhbət yalnız mümkün hərbi təhdidlərdən getmir. Terrorizm, ekstremizm, kibertəhlükələr, transmilli cinayətkarlıq, qeyri-qanuni silah və narkotik dövriyyəsi, enerji və nəqliyyat infrastrukturlarının təhlükəsizliyi də ümumi yanaşma tələb edən məsələlər sırasındadır. TDT-nin mövcud sənədlərində təhlükəsizlik qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi, birgə yanaşmaların hazırlanması və fövqəladə hallara qarşı qarşılıqlı yardım mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan TDT qarşısında mühüm vəzifələrdən biri siyasi məsləhətləşmələri praktiki əməkdaşlıq mexanizmlərinə çevirməkdir. 2026-cı ilin martında təşkilatın xarici işlər nazirləri regiondakı silahlı münaqişələrlə bağlı birgə mövqe nümayiş etdirərək üzv dövlətlərin təhlükəsizliyinə təhdidlərin bütün təşkilat üçün narahatlıq doğurduğunu vurğulamışdılar. İndiki mərhələdə artıq TDT yalnız iqtisadi və nəqliyyat əlaqələri ilə deyil, üzv ölkələrin təhlükəsizlik məsələlərində həmrəyliyi ilə də nümunə nümayiş etdirməlidir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır: “Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik”.
Gənclərin həmrəyliyi TDT inteqrasiyasının mühüm dayağıdır
Qloballaşmanın sürətləndiyi bir dövrdə milli dövlətlərin qarşısında dayanan çağırışlar yalnız iqtisadi və siyasi xarakter daşımır. İnformasiya məkanı, sosial şəbəkələr və rəqəmsal platformalar cəmiyyətlərə təsir imkanlarını da genişləndirib. Müxtəlif xarici mərkəzlərin ayrı-ayrı ölkələrin daxili proseslərinə təsir göstərməyə, ictimai rəyi istiqamətləndirməyə və xüsusilə gənclər arasında müəyyən baxışları yaymağa çalışması bu reallığın tərkib hissəsidir. Belə hallarda əsas məsələ gənclərin dünyada baş verən prosesləri düzgün qiymətləndirmək, milli maraqları dərk etmək və informasiya manipulyasiyalarını ayırd etmək imkanlarının gücləndirilməsidir.
Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərlə iş xüsusi əhəmiyyət daşıyır. Gənc nəsil yalnız gələcəyin deyil, həm də bu günün ictimai-siyasi və sosial həyatının fəal iştirakçısıdır. Ona görə də türk dövlətlərinin gəncləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin, forumların, konfransların, təhsil və mədəniyyət proqramlarının artırılması ortaq məkan haqqında təsəvvürlərin möhkəmlənməsinə xidmət edə bilər.
Gəncləri milli dövlətçiliyin mahiyyəti, müstəqilliyin dəyəri, informasiya təhlükəsizliyi və müasir çağırışlar barədə daha məlumatlı etmək vacibdir. Bir-birini daha yaxından tanıyan, ortaq tarix və mədəni irs haqqında biliklərini genişləndirən gənclər arasında qarşılıqlı etimad da güclənir. TDT bu istiqamətdə vahid gənclər platformalarını daha da inkişaf etdirə bilər. Müxtəlif ölkələrdən olan gənclərin mütəmadi görüşləri, birgə layihələri və akademik-mədəni mübadilələri təşkilat daxilində sosial inteqrasiyanı dərinləşdirər. Beləliklə, gənclərin həmrəyliyi TDT-nin yalnız bugünkü əməkdaşlığını deyil, gələcək nəsillər üçün daha möhkəm və dayanıqlı inteqrasiya əsaslarını da formalaşdıra bilər. Prezident İlham Əliyev çıxışında deyib ki, müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir: “Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21

