Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan dünyada bir presedent yaratdı...

Azərbaycan dünyada bir presedent yaratdı...

18.09.2026 [12:35]

Cənubi Qafqazda yeni sülh mərhələsi başlayıb

İlham Əliyev: Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək

6 ildir ki, Cənubi Qafqazda yeni bir reallıq - sülh və ədalət reallığı hökm sürür. Bu yeni reallığın əsas müəllifi isə məhz Azərbaycandır. Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyəti düzgün qiymətləndirən rəsmi Bakı hərbi qələbəni siyasi və diplomatik üstünlüyə çevirməyi bacardı.

Qarabağ müharibəsi mühüm bir prosesin nəticəsi idi - zəfər yürüşü, qalibiyyət məhz Vətən sevgisinin, Vətənə bağlılığın simvolu kimi yadda qaldı. Cəmisi 44 gün ərzində yüzlərlə kənd, qəsəbə, şəhər, rayon öz azadlığına qovuşdu. Bu, Azərbaycanın qələbə təntənəsinin müjdəsi idi.

Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan əldə etdiyi qələbədən revanşizm və ya təzyiq vasitəsi kimi istifadə etmədi. Əksinə, regionda davamlı sülhün, qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın formalaşdırılmasını dövlət siyasətinin əsas prioriteti elan etdi.

Bəli, Azərbaycan dövləti 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda onilliklər boyu pozulmuş ədaləti yenidən bərqərar etdi. Otuz ildən artıq müddətdə doğma yurd-yuvasından didərgin düşmüş minlərlə insanın öz isti ocağına qayıdışı bu Qələbənin ən böyük mənəvi nəticəsi idi. Bu gün qalib ölkə olaraq bölgədəki siyasi proseslər məhz Azərbaycanın iradəsi əsasında inkişaf edir. Hər zaman dayanıqlı sülhün tərəfdarı kimi çıxış edən ölkəmiz bu gün qalib ölkə olmasına baxmayaraq, bölgədə əməkdaşlığın, normal münasibətlərin formalaşdırılmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib ki, Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi: “Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq”.

“Azərbaycan xalqı öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”

Azərbaycanın suverenliyinin bərpa edilməsi ilə yanaşı həm də illərlə regionda separatizm yayan cinayətkarlar ədalət mühakiməsi qarşısına çıxarıldılar. Xatırladaq ki, 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimin bir çox üzvlərini, eləcə də, rəhbərlərini həbs edərək Bakıya gətirdi. Azərbaycan dövləti bu şəxslərin addımlarına hüquqi qiymət verilməsini istəyirdi - qanun çərçivəsində, hüquq müstəvisində onlar etdikləri cinayətlərin məsuliyətini daşımalı idilər. Çünki Azərbaycan hüquqi dövlətdir - bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı isə bütövlükdə sabit inkişafın əsas təməl prinsipidir. Bu mənada, bir sıra maddələrlə saxlanılan həmin şəxslərin məhkəmə prosesi də qanunvericiliyə uyğun aparıldı - Azərbaycan dövləti özünün ali hüquq anlayışına hörmətini bir daha nümayiş etdirdi, ən qatı cinayətkarların mühakimə edilmək və müdafiə olunmaq hüququnu tanıdı, nəticədə ədalətli qərar çıxarıldı. Bu amil həm də ölkəmizin hüquqi dövlət prinsiplərinin nə qədər dərin olduğunu göstərir. Azərbaycan bu kimi məsələlərdə heç bir zaman nə kompromisə, nə də güzəştə getmir - qanun Azərbaycan dövlətində yeganə istinad mənbəyidir. Biz hər zaman bəyan edirik ki, hüquqi yanaşmalar nəinki subyekt olaraq bəzi xalqlara və ya dövlətlərə xitabən, ümumilikdə beynəlxalq qanunvericiliyə və prosedurlara uyğun aparılmalı, bu norma mütləq şəkildə gözlənilməlidir. Prezident İlham

Əliyev bildirib ki, separatçi liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər: “Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”.

“Böyük Qayıdış” Proqramı uğurla icra edilir...

Artıq o günlərdən 6 il ötür. Bu illər ərzində həmin torpaqlarımızda yenidən həyat canlanır - kəndlər salınır, şəhərlər abadlaşdırılır, həmin ərazilərin əsl sahibləri evlərinə dönürlər. Bu qayıdış isə Qələbənin ən əsas təminatçısı, təsdiqidir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətin strateji baxışının, planlı və məqsədyönlü siyasətinin bariz göstəricisidir. Yol infrastrukturu, enerji təminatı, sosial obyektlər, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri qısa müddətdə inşa olunur. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin reallaşdırılması Qarabağın yalnız bərpa olunmadığını, eyni zamanda müasir inkişaf modelinə uyğun şəkildə formalaşdırıldığını göstərir. Doğma torpaqlarına qayıdan insanlar üçün bu torpaqlar sadəcə yaşayış məkanı deyil, həm də ümid, inam və gələcək deməkdir. Hər bir bərpa olunan kənd, hər bir yenidən salınan qəsəbə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Qarabağ bu gün yeni bir mərhələyə qədəm qoyur - sülhün, quruculuğun və davamlı inkişafın mərhələsinə. Müharibəni şanlı Zəfərlə başa vuran, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib Azərbaycan quruculuq sahəsində də dünyaya nümunə göstərir. Dövlət başçısı çıxışında bildirib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır: “Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq”.

Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir

Artıq “Qarabağ münaqişəsi”“ anlayışı beynəlxalq siyasi leksikondan çıxıb və tarixə qovuşub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tək hərbi qələbə qazanmadı, eyni zamanda regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı. Qalib dövlət statusu Azərbaycana bölgənin gələcəyini müəyyənləşdirən əsas aktor kimi çıxış etmək imkanı verdi. Azərbaycanın gücü və siyasi iradəsi nəticəsində Cənubi Qafqazda yeni sülh mərhələsi başlayıb. Sülh təkcə müharibənin bitməsi deyil, eyni zamanda inkişaf, tərəqqi və uzunmüddətli sabitlik üçün əsas şərtdir. Xüsusilə müasir dünyada sülh amili iqtisadi inkişafın, investisiya axınının və regional əməkdaşlığın əsas açarına çevrilib.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması həm də Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Sülh prosesi yeni iqtisadi-siyasi nizamın mühüm ştrixlərindən birinə çevrilə bilər - məhz imzalanacaq sülh Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq, ümumən bölgənin qlobal layihələrdəki iştirakını daha da irəliyə daşıyacaq. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu, Bakının diktəsi ilə həyata keçən sülh layihəsinin prioritet istiqamətləri bütövlükdə Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Prezident İlham Əliyev çıxışında bildirib ki, bu gün sülh var və müharibə dayanıb: “Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir”.

Törədilən vəhşilikləri heç vaxt unutmayacağıq

Bununla belə, Azərbaycan xalqı özünün dünənini unutmur, keçmişi yaddan çıxarmır. Çünki torpaqlarımızın azadlığı olduqca gərgin, keşməkeşli bir prosesin nəticəsi oldu - bu yolda canından keçən minlərlə igid Azərbaycanın ədalətli mövqeyinin bərqərar olunmasına töhfə verdi. Bu səbəbdən də tariximizi unutmamalıyıq - əksinə, ondan dərs çıxarmalı, gələcək üçün nümunə yaratmalıyıq. Dövlət başçısı çıxışında qeyd edib ki, biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq: “Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30