Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qələmi ilə cəhalətə meydan oxuyan maarifçi!

Qələmi ilə cəhalətə meydan oxuyan maarifçi!

11.07.2026 [08:35]

Azərbaycanın zəngin ədəbi və ictimai fikir tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın intellektual oyanışının, milli özünüdərk prosesinin və müasir düşüncə tərzinin formalaşmasının simvoluna çevrilib. Belə simalardan biri yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovdur. Sabah dahi yazıçının anadan olmasından 214 il ötür.

1812-ci il iyulun 12-də dünyaya göz açan Mirzə Fətəli Axundov hələ gənc yaşlarından elmə, biliyə və maarifçiliyə böyük maraq göstərərək Şərq və Qərb mədəniyyətini dərindən öyrənib, fərqli dünyagörüşünü formalaşdırıb, yaşadığı dövrün ictimai problemlərini diqqətlə müşahidə edib. Axundov bütün bunları gələcək yaradıcılığının əsas istiqamətinə çevirərək xalqın inkişafının yalnız savadlanmaqdan, azad düşünməkdən və elmi biliklərə yiyələnməkdən keçdiyini qətiyyətlə müdafiə edib.

Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının banisi kimi tarixə düşməklə kifayətlənməyib, eyni zamanda, realist ədəbiyyatın əsasını qoyub, satiranın gücündən məharətlə istifadə edərək cəmiyyətin nöqsanlarını açıq şəkildə göstərib. Dahi yazıçı insanları düşünməyə, dəyişməyə və tərəqqiyə doğru addımlamağa çağırıb. Onun qələmə aldığı komediyalar bu gün də yalnız ədəbi əsər kimi deyil, həm də ictimai tənqid nümunəsi, insan psixologiyasını və dövrün sosial problemlərini ustalıqla əks etdirən qiymətli irs kimi böyük maraq doğurur.

Axundovun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, o, cəmiyyətin inkişafına mane olan bütün amilləri cəsarətlə tənqid edir, mövhumatı, rüşvətxorluğu, savadsızlığı, cahilliyi və köhnə düşüncə tərzini kəskin satira ilə ifşa edir. İnsanların taleyini dəyişdirə biləcək ən güclü silahın məhz elm və maarif olduğunu dönə-dönə vurğulayır. Buna görə də onun əsərləri zamanın sınağından çıxaraq bu gün də öz aktuallığını qoruyub saxlayır və müxtəlif nəsillər tərəfindən maraqla oxunur.

Onun “Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Hacı Qara”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və digər məşhur əsərləri təkcə Azərbaycan oxucusunun deyil, bütün Şərq ədəbiyyatının inkişafına mühüm töhfə verib, dramaturgiya sahəsində yeni bir mərhələnin əsasını qoyub, teatr sənətinin inkişafına güclü təkan verib.

Mirzə Fətəli Axundov yalnız yazıçı və dramaturq deyildi, o, eyni zamanda, böyük filosof, mütəfəkkir, publisist və islahatçı idi. Əlifba islahatı ideyasını irəli sürərək xalqın savadlanmasının daha da asanlaşdırılması üçün yeni yollar axtarıb, təhsilin inkişafını milli tərəqqinin əsas şərti hesab edib. Əlifbada dəyişiklik etmək ideyası ilk dəfə 19-cu əsrdə meydana çıxmışdı. İdeyanı irəli sürən Mirzə Fətəli Axundov ərəb əlifbasının Azərbaycan üçün yararsız olduğunu göstərərək yazırdı: “Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza elə bir əlifba da bağlamışlar ki, onun sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur”. Axundov ərəb əlifbasının xüsusilə tədris üçün yaramadığını, çox ağır olduğunu göstərərək deyirdi ki, bu əlifbanı 3-4 ilə ancaq öyrənmək olur, ilk gündə əlifbanı öyrənmək uşağa riyaziyyatı öyrənməkdən çətin gəlir, elə buna görə də uşaq bezir və ona nifrət edir. O, ərəb əlifbasının bütün çatışmazlıqlarını müəyyən etdikdən sonra yeni bir əlifba layihəsi üzərində çalışmağa başlayıb. Həmçinin təkcə Azərbaycan yazısını deyil, ümumiyyətlə, ərəb əlifasından istifadə edən bütün xalqların yazılarını asanlaşdırmağı nəzərdə tuturdu.

Tarix böyük şəxsiyyətləri yalnız onların yazdıqları əsərlərlə deyil, cəmiyyətə bəxş etdikləri düşüncə tərzi ilə yaşadır. Mirzə Fətəli Axundov da məhz belə ölməz simalardandır. Çünki onun qələmi insanların zehnində azadlıq, elm, maarif və tərəqqi ideyalarının cücərməsinə xidmət edib. Axundzadə 1878-ci il 10 martda ürək xəstəliyindən vəfat edib və Tbilisidə dəfn olunub.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31