Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülhə doğru keçilən böyük yol

Sülhə doğru keçilən böyük yol

04.07.2026 [11:59]

Bu gün dünyada izlənilən son dərəcə ziddiyyətli proseslərin, Yaxın Şərqdə, Şərqi Avropada uzanan dağıdıcı müharibələrin fonunda sülhün, sabitliyin nə qədər önəmli olduğu bir daha aydın görünür. Sülh yoxdursa, ölkələrin inkişafından, insanların rifahından, təhlükəsizlikdən danışmaq absurddur. İlk baxışda elə görünür ki, uzun illər ərzində münaqişə vəziyyətində olan ölkələr arasında dialoq qurmaq və sülh yaratmaq əsla mümkün deyil. Ancaq Azərbaycan-Ermənistan nümunəsinin timsalında dünya gördü ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduqda müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq mümkündür. Prezident İlham Əliyev bu günlərdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin respublikamıza baş tutan səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bildirib ki, de-fakto sülh qurulub və biz faydasını görürük.

Azərbaycanın yaratdığı reallıqların təsdiqi

Bu gün uzun illər boyunca müharibə risklərindən əziyyət çəkən Cənubi Qafqaz heç vaxt olmadığı qədər sülhə yaxındır ki, bu da qalib Azərbaycanın sırf öz gücü ilə yaratdığı reallıqların məntiqi davamıdır. Ancaq sülh prosesindən bəhs edərkən keçmişdə baş verənləri də heç vaxt unutmaq olmaz. Artıq tarixdə qalan otuz illik münaqişənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından çıxış etməsi olub. Bu ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı ərazi iddialarını açıq müstəviyə keçirməklə işğalçılıq siyasətinə başlayıb. Qonşu dövlət xarici havadarlarının dəstəyi ilə və o dövrdə respublikamızdakı qarışıq vəziyyətdən sui-istifadə etməklə keçmiş Dağlıq Qarabağı və ora bitişik əraziləri zəbt edib. Bu, dünya tarixində misli görünməmiş bir işğal idi. O dövrə aid foto və video-materiallar işğalçıların Azərbaycan əsilli vətəndaşlarla necə qəddar davrandıqlarını, ələ keçirdikləri ərazilərdəki bütün sərvətləri vəhşicəsinə taladıqlarını, yaşayış məntəqələrini yerlə-yeksan etdiklərini, tarixi mədəni-dini abidələri dağıtdıqlarını, inanc yerlərimizi, o cümlədən də məscidləri və qəbiristanlıqları təhqirlərə məruz qoyduqlarını bütün cəhətləri ilə əks etdirir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma ev-eşiyindən didərgin düşmək məcburiyyətində qalmışdı. 30 il ərzində  münaqişə ilə əlaqədar çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıqlar raundları aparılıb. Münaqişənin sülh yolu ilə həllinə cəlb olunan böyük dövlətlər ilhaq siyasəti aparan Ermənistanı cəzalandırmaq, ona qarşı sanksiyalar tətbiq etmək əvəzinə, işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymağa çalışırdılar.

Danışıqlar prosesinin ilkin mərhələsində ölkəmizin, xalqımızın böyük  ümidləri var idi. Prezident İlham Əliyev 2003-cü ildən  sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak edib, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışıb. Azərbaycan tərəfi deyirdi: “Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün”. Bunun müqabilində isə yalnız bir cavab alırdıq: “Gedin razılaşın” birinci mesaj. İkinci mesaj: “Bu münaqişənin hərbi həlli yoxdur”. Üçüncü mesaj: “Siz müharibəyə başlaya bilməzsiniz”. Dördüncü mesaj: “Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız” və bunun kimi çoxsaylı başqa mesajlar verilirdi...

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Respublikanın milli gücü bu ideya ətrafında səfərbər edildi. Belə ki, respublikamız danışıqlar prasesində fəallıq göstərməklə yanaşı, həm də özünün iqtisadi-maliyyə imkanlarını genişləndirdi, müasir , güclü ordu qurdu. Prezident İlham Əliyev keçmiş Minsk qrupu çərçivəsində aparılan danışıqlarda və digər beynəlxalq auditoriyalarda birmənalı şəkildə bildirdi ki, ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və buna istənilən yolla nail olacağıq.

Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. 2023-cü ilin sentyabr ayında Ordumuz 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi, Xankəndidəki və digər ərazilərimizdəki separatizm yuvasını tamam dağıtdı. Bir vaxtlar ölkəmizə qarşı dövləti və amansız müharibə cinayətləri törətmiş şəxslər tutularaq Bakıya gətirildilər və hazırda onlar məhkəmənin qərarı ilə cəzalarını çəkməkdədirlər.

Yalnız lokal xarakterli antiterror əməliyatından sonra bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanat verdi və Qarabağın respublikamıza aid olduğunu bildirdi. Baş nazirin bu bəyanatı Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələri, eləcə də bu ölkənin yaxın-uzaq coğrafiyalardakı havadarlarını şoka salsa da, əslində, reallığın təsdiqi idi. Beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibə aparan qalib Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu.

Regionda sülh reallıqdır

Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb və heç vaxt da qonşu dövlətlərin ərazilərini zor gücünə ilhaq etmək niyyətinə düşməyib. Əksinə, ölkəmiz regional əməkdaşlığın dərinləşdirlməsini özünün xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyev dəfələrlə belə bir tezisi əsaslandırıb ki, özünü qonşu dövlətlərdən təcrid etmiş hər hansı bir ölkə inkişafa nail ola bilməz.

Tarixdən məlumdur ki, müharibələrdə qalib gələn dövlətlər qarşı tərəfə şərtlər diktə edirlər. Sülh tərəfdarı olan qalib Azərbaycan isə bu yolu tutmadı, müharibə başa çatdıqdan sonra Ermənistana 5 bənddən ibarət sülh paketi ünvanladı. Həmin sənəd sırf beynəlxalq prinsiplər nəzərə alınmaqla hazırlanmışdı. Sonrakı mərhələdə isə Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyi sayəsində 5 baza prinsipi əsas götürülməklə hər iki tərəfi qane edən sülh gündəliyi müəyyənləşdirildi. Məhz ölkəmizin fəal diplomatiyası sayəsində son 5 ildə sülhə doğru böyük yol keçilib. Bu yolda ötən il avustun 8-də Vaşinqtonda , Ağ Evdə, dünyanın bir nömrəli ofisində  Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması, Birgə Bəyannamənin qəbul edilməsi böyük nailiyyətdir. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatıb, iki ölkə arasında sülh, etimad quruculuğu prosesinə keçid edilib. “Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır “, - deyə Prezident İlham Əliyev vurğulayıb..

Sülh yolunda yeganə maneə

Beləliklə, Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesi son mərhələyədək irəliləyib. Hazırda Vaşinqtonda paraflanan yekun sülh sazişinin  imzalanması və sonradan ratifikasiyası yolunda yeganə maneə Ermənistanın hazırda qüvvədə olan konstitusiyasnın məzmunudur. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür?

Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirlməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31