Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri yüksək səviyyədədir

Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri yüksək səviyyədədir

14.03.2026 [11:36]

Tərəflər münasibətləri daha da inkişaf etdirmək üçün əhatəli ikitərəfli saziş sənədi hazırlayır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri davamlı olaraq inkişaf etdirməkdədir. Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq çoxsaylı layihələrin və təşəbbüslərin icrasını təmin etməklə, münasibətləri yüksək səviyyəyə çatdırıb. Hər iki tərəf son illərdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradan mühüm sazişlər və anlaşma sənədləri imzalayıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana səfəri isə uğurla inkişaf edən ikitərəfli əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq.

Azərbaycan-Aİ tərəfdaşlığının ən mühüm prioritetləri sırasında iqtisadi sahədə nümunəvi əməkdaşlıq mühüm yer tutur və tərəflər enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, investisiya mübadilələri ilə təmasları yüksək səviyyəyə çatdırmağa nail olub. Ötən illər ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi yaxın tərəfdaşa çevrilmiş Azərbaycan 2020-ci ilin dekabr ayından Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə Avropa İttifaqına qaz bazarına da daxil olub. 2022-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Saziş enerji əməkdaşlığında yeni mərhələnin əsasını qoyub və həmin il Azərbaycan Avropa regionuna 11 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə bu rəqəm 12 milyard, 2024-cü ildə 13 milyard, 2025-ci ildə isə 13,5 milyard kubmetr təşkil edib. Bu, enerji qətiyyəti və şaxələndirmə Azərbaycanın Aİ coğrafiyasının əhəmiyyətli bir hissəsini yanacaqla təmin etməsini möhkəmləndirir və Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı artır.

Pan-Avropa enerji təchizatçısı

Azərbaycan Avropa enerji ailəsinin ən sadiq üzvü kimi uzunmüddətli təminat blokunda yer almaqla, yanacağın həcmlərinin artırılması və şaxələndirilməsi ilə coğrafiyanı da genişləndirib. Hazırda Azərbaycanın qaz nəql etdiyi 16 dövlətin 10-u Aİ ölkələridir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır. Mövcud proqnozlara görə, 2026-2028-ci illərdə ölkəmizin Avropa regionuna ixracı 15-16 milyard kubmetrə çataçaq. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi növbəti iki və ya üç il ərzində minimum 10 milyard kubmetr əlavə qazımız olacaq. Yanacağın böyük bir qismi də məhz Avropa qitəsinə yönləndiriləcək. Tərəflər arasında sadiqlik və həmrəylik amili nəzərə alınmaqla, uzunmüddətli vacib enerji platforması qurulacaq. Cənab Antonio Koştanın da etiraf etdiyi kimi Azərbaycanın Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində rolu nəzərə alınaraq bu istiqamətdə mövcud imkan resurslarının daha da diversifikasiyası nəzərdə tutulur. Mövcud möhkəm hüquqi çərçivə sənədinə əsasən, Cənub Qaz Dəhlizinin nəql infrastrukturlarının artırılması da bu ssenariyə daxildir.

Ticarət dövriyyəsinin artırılması, “yaşıl enerji” nəqlinə hazırlıq

Əməkdaşlığın digər gündəliyi bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığını genişləndirilməsi və Azərbaycanın “yaşıl potensialı”nın Avropaya tədarükü, Qara dəniz sualtı kabeli layihəsinin qlobal bağlantıya çevrilməsinin başa çatdırılması ilə bağlıdır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu da bu prioritetləri əks etdirir. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək və Günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutur. “Həmrəylik halqası” marşrutu sxeminə əsasən, Xəzər-Aİ “yaşıl enerji” dəhlizi Avropaya təhlükəsiz və etibarlı mənbədən bərpaolunan enerji resurslarını nəql etməklə, Azərbaycanın ixracının şaxələnməsini təmin edəcək.

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin dəyəri və strukturu da hər il artmaqdadır. Ölkəmizin əmtəə dövriyyəsinin 50 faizi Aİ ilə bağlıdır. Bu, onu göstərir ki, Avropa İttifaqı ölkəmiz üçün bir nömrəli ticari tərəfdaşdır. Bu həcmləri daha da artırmaq üçün hər iki tərəf dayanmadan öz səylərini yüksəldir, yeni imkanları araşdırır. Cənab İlham Əliyevin də vurğuladığı kimi yeni layihələri və investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq və ticari dövriyyələrimiz birmənalı olaraq artacaq. Hazırda Azərbaycan Aİ ilə ticarət dövriyyəsinin daha da artırıması üçün çoxşaxəli ixrac xəritəsi üzərində işləyir və gələcək dövrdə əməkdaşlıqda qeyri-neft məhsullarının ixracının artırılması hədəflənib.

Qarabağ və Şərqi Zəngəzur quruculuğunda Aİ-nin fəal rolu artır

Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu Aİ tərəfindən təqdir edilir. Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bəyan edib ki, bu da bölgədə geniş strateji yol xəritəsinin həyata keçməsini sürətləndirəcək.

Aİ Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərinə də dəstək vermək niyyətini bəyan edib ki, bu da regionda humanitar dəstək və beynəlxalq maliyyə çərçivəsinin qurulmasına imkan verəcək.

Azərbaycanın ortamüddətli inkişaf hədəflərinin reallaşmasında da Avropa İttifaqının təcrübə və yüksək iqtisadi fəaliyyət imkanlarından istifadə nəzərdə tutulur. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin həyata keçirilməsində tərəflərin birgə ortaq layihələr icra etməsi istisna olunmur. Bu format ticarət, daşımalar, sərmayə, iqtisadi dayanıqlılıq və təmiz enerji daxil olmaqla, müvafiq prioritet sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını genişləndirmək üçün əla fürsət deməkdir.

Viza rejiminin sadələşdirilməsi

Hər iki tərəf rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini də qeyd ediblər. Bura süni intellekt və inkişaf etməkdə olan digər texnologiyaların artan əhəmiyyəti fonunda Aİ-nin qabaqcıl təcrübəsindən istifadəni artırmaq, qitənin nəhəng innovasiya korporasiyalarının Azərbaycana gəlişini stimullaşdırmaq və davamlı artıma yönəlmiş rəqəmsal ekosistemləri təşviq etmək niyyətlərini də bəyan edib. Qarşılıqlı səyahətləri daha da asanlaşdırmaq məqsədilə Viza Sadələşdirilməsi Sazişinin davamlı icrası da əməkdaşlıq prioritetləri sırasında yer tutur. Bu, turizm, xidmət və s. sahələrdə əlaqələri daha da gücləndirəcək. 

Azərbaycan və Aİ arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqlar da intensivləşib və tez bir zamanda yekunlaşması nəzərdə tutulur. Eyni zamanda, yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsi və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının fəaliyyətinin artırılması barədə razılığın əldə olunması iqtisadi, ticari və investisiya sahələrində yeni potensiallar formalaşdıracaq. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında davamlı inkişafın təşviqinə töhfə verir.

Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri Azərbaycan-Aİ münasibətlərini yeni inkişaf mərhələsinə çatdırmaqla bölgədə rifah və əməkdaşlıq quruculuğunu gücləndirəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31