Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Təbiətin tarazlığı pozularsa...

Təbiətin tarazlığı pozularsa...

03.03.2026 [08:50]

Vəhşi təbiəti qorumaq zamanıdır

Dünya sürətlə dəyişir. Meşələr azalır, iqlim dəyişir, okeanlar çirklənir. Hər il minlərlə canlı növü ya məhv olur, ya da yox olmaq təhlükəsi ilə üzləşir. Vəhşi təbiət isə sadəcə ekzotik heyvanlardan və ya uzaq tropik meşələrdən ibarət deyil. O, bizim nəfəs aldığımız havadır, içdiyimiz sudur, süfrəmizə gələn nemətdir.

Planetin təbii tarazlığı pozulduqda, bunun təsiri birbaşa insan həyatına toxunur. Arıların azalması kənd təsərrüfatına, meşələrin qırılması iqlimə, dəniz canlılarının tükənməsi qida təhlükəsizliyinə təsir göstərir. Bir sözlə, təbiətin hər bir elementi böyük bir zəncirin halqasıdır.

53 yaşlı konvensiya

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür. 2013-cü il dekabrın 20-də BMT Baş Assambleyası qətnamə ilə geniş ictimaiyyəti vəhşi fauna və flora məsələlərində məlumatlandırmaq üçün 3 mart tarixini elan etmək qərarına gəlib. Həmin hadisə BMT-nin tarixində ayrıca bir mərhələdir. Belə ki, həmin il təbii müxtəlifliyin qorunması sahəsində daha bir mühüm sənədin qəbul edilməsinin 40 illiyinə təsadüf edirdi. Bu, nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CITES) adlanırdı. Sənəd 1973-cü il martın 3-də qəbul edilmişdi. Bu il Konvensiyanın imzalanmasının 53 illiyi qeyd edilir.

1 milyon növ təhlükə altındadır

Ümumilikdə CITES tərəfindən təxminən 5,9 min heyvan və 32,8 min bitki növü qorunur. Onlar CITES-in üç əlavəsində verilib və məhv olmaq təhlükəsi dərəcəsinə görə qruplaşdırılıb.

Bu gün bütün dünyada vəhşi təbiət təhlükə altındadır. Növlərin dörddəbiri nəsli kəsilmək təhlükəsi ilə üzləşir, çünki planet sakinləri onların yaşadıqları ekosistemlərin demək olar ki, yarısını məhv edib. Nəsli kəsilməkdə olan növlər qrupuna kaktuslar, dəniz yosunları, zürafələr, tutuquşular və palıdlar daxildir. Hazırda bir milyon növ təhlükə altındadır. Bu tendensiyanın qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.

Ümumdünya Vəhşi Təbiət Günü vəhşi təbiətin müxtəlifliyini və gözəlliyini vurğulamaq imkanı verir. Bundan əlavə, bu gün bizə geniş iqtisadi, ekoloji və sosial nəticələri olan vəhşi təbiət cinayətlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini xatırladır.

Dünyada hər 5 nəfərdən biri...

Nəsli kəsilməkdə olan fauna və flora növlərinin sayının qorunub saxlanması, onların tamamilə yox olmasının digər növlər üçün mümkün nəticələri ilə bağlı narahatlıq bütün dünyada qayğıkeş elm, siyasət, iqtisadi sahə və sadə vətəndaşları vəhşi təbiəti xilas etmək üçün güclərini birləşdirməyə sövq edir. Getdikcə daha çox insan planetin həyatında təkcə insanın deyil, hər bir canlının, istər heyvanın, istərsə də bitkinin əhəmiyyəti haqqında düşünür. Axı dünyada milyardlarla insan 50 min vəhşi flora və fauna növündən asılıdır. Dünyada hər 5 nəfərdən biri gəlirini və qidasını vəhşi növlərdən əldə edir və 2,4 milyard insan yemək bişirmək üçün odun yanacağından asılıdır.

İnsanların təbiətin gözəlliyi, onun müxtəlifliyi və hər bir fərdi növün unikallığı haqqında məlumatlandırılması bu uyğunlaşma prosesinə kömək etməlidir. Şüurun və vəhşi təbiətə münasibətin dəyişməsi, təbii sərvətlərin sonsuzluğu ideyasından imtina gələcək nəsillərə vəhşi təbiətlə çox ahəngdar yaşamağın yolunu tapmağa imkan verəcək...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31