Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Biz sülh şəraitində yaşamağı öyrənirik”...

“Biz sülh şəraitində yaşamağı öyrənirik”...

06.02.2026 [11:36]

Azərbaycan bu mərhələni məsuliyyətlə və uzaqgörənliklə keçir

Birinci Qarabağ müharibəsi yeni müstəqilliyini bərpa etmiş Azərbaycanın dövlətçilik yolunda qarşılaşdığı ən ağır və taleyüklü sınaqlardan biri oldu. Müstəqilliyin ilk illərində üzləşdiyimiz hərbi təcavüz, torpaqlarımızın işğalı və bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatına məhkum edilməsi ölkənin həm siyasi, həm iqtisadi, həm də sosial inkişafına ciddi zərbələr vurdu. Son 30 il ərzində Azərbaycanın daxili və xarici siyasətinin əsas prioriteti suverenliyin və ərazi bütövlüyünün bərpası məsələsi oldu.

Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq və sülh yolu ilə həllinə hər zaman sadiq qaldığını nümayiş etdirdi. Danışıqlar prosesində konstruktiv mövqe tutmaqla yanaşı, ölkəmiz paralel şəkildə güclü və peşəkar ordu quruculuğuna da xüsusi önəm verdi. Bu proses təkcə hərbi texnika və silahlanma ilə məhdudlaşmadı, eyni zamanda, milli hərb sənayesinin formalaşdırılması, peşəkar kadr hazırlığı və müasir döyüş təlimlərinin keçirilməsi ilə müşayiət olundu.

Bununla yanaşı, Azərbaycan dövləti ağır sosial yükə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxladı. Minlərlə yaşayış kompleksi tikildi, sosial infrastruktur yaradıldı, insanların layiqli həyat şəraiti təmin olundu. Ən mühüm məqam isə ondan ibarətdir ki, bütün bu addımlar əsasən Azərbaycanın öz daxili iqtisadi potensialı hesabına reallaşdırıldı. Neft strategiyasından əldə edilən gəlirlərin mühüm bir hissəsi ölkənin müdafiə qabiliyyətinin artırılmasına, sosial rifahın yaxşılaşdırılmasına və dövlətçiliyin möhkəmləndirilməsinə yönəldildi. Beləliklə, Azərbaycan bir tərəfdən müharibənin ağır nəticələrini aradan qaldırmağa çalışdı, digər tərəfdən isə gələcək qələbənin təməlini səbrlə və ardıcıllıqla formalaşdırırdı.

Qalib dövlət reallığı

Artıq “Qarabağ münaqişəsi”“ anlayışı beynəlxalq siyasi leksikondan çıxıb və tarixə qovuşub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tək hərbi qələbə qazanmadı, eyni zamanda, regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı. Qalib dövlət statusu Azərbaycana bölgənin gələcəyini müəyyənləşdirən əsas aktor kimi çıxış etmək imkanı verdi.

30 illik müstəqillik dövründə nə Azərbaycan, nə də Ermənistan xalqları sülh şəraitində yaşaya bilməyib. Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızın talan edilməsi, şəhər və kəndlərin viran qoyulması bütün region üçün uzunmüddətli gərginlik mənbəyinə çevrildi. Buna baxmayaraq, Azərbaycan torpaqları işğal altında olduğu illərdə belə regional və qlobal əhəmiyyətli layihələrə imza atmaqla diqqət çəkdi. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr, beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi təşəbbüslər ölkəmizi etibarlı tərəfdaş kimi tanıtdı.

Bu illərdə Azərbaycan sürətli və dayanıqlı inkişaf yolu keçdiyi halda, Ermənistan faydasız və nəticəsiz işğal siyasətinin girovuna çevrildi. İqtisadi tənəzzül, sosial problemlər və demoqrafik böhran bu ölkənin əsas reallığı oldu. İşğal nə erməni xalqına rifah gətirdi, nə də dövlətçiliyi gücləndirdi. Əksinə, onları regional layihələrdən və inkişaf imkanlarından kənarda qoydu. Bu müqayisə bir daha sübut edir ki, güc yalnız silahda deyil, düzgün strategiyada, iqtisadi müstəqillikdə və siyasi iradədədir. Azərbaycan məhz bu keyfiyyətlər hesabına qalib gəldi və yeni mərhələyə qədəm qoydu.

Sülh mərhələsi - region üçün yeni perspektivlər

Azərbaycanın gücü və siyasi iradəsi nəticəsində Cənubi Qafqazda yeni sülh mərhələsi başlayıb. Sülh təkcə müharibənin bitməsi deyil, eyni zamanda, inkişaf, tərəqqi və uzunmüddətli sabitlik üçün əsas şərtdir. Xüsusilə müasir dünyada sülh amili iqtisadi inkişafın, investisiya axınının və regional əməkdaşlığın əsas açarına çevrilib.

Azərbaycan bu reallığı dərindən anlayaraq postmünaqişə dövründə bərpa və quruculuq prosesinə sürətlə start verdi. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr, infrastrukturun yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi bölgənin gələcək inkişaf modelini müəyyən edir. Bu proses təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni iqtisadi imkanlar yaradır.

“Bu, xüsusi bir hissdir”...

Sülh şəraitində yaşamaq asan deyil - xüsusilə uzun illər müharibə psixologiyası ilə yaşayan cəmiyyətlər üçün. Azərbaycan bu mərhələni məsuliyyətlə və uzaqgörənliklə keçir. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik”.

Qarşıda uzun və perspektivli bir yol var, lakin bu yolun gətirəcəyi dividendlər böyükdür. Sülh regionu qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirə bilər. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi revanşizmə deyil, gələcəyə hesablanıb. Bu yanaşma Cənubi Qafqazın sabit, təhlükəsiz və inkişaf edən bir regiona çevrilməsi üçün real əsas yaradır.

Əbədi rifahın yeganə yolu

Beləliklə Azərbaycan Cənubi Qafqaza sülh gətirməklə yeni bir inkişaf mərhələsi yaradıb - erməni işğalına son qoymaqla biz tək öz haqqımızı, hüququmuzu bərpa etmədik, eyni zamanda, Ermənistanı da yanlış və dağıdıcı siyasətin nəticələrindən xilas etmiş olduq. Biz sülhün nə olduğunu təkcə sözlə deyil, real addımlarla Ermənistana da nümyaiş etdiririk. Azərbaycanın ortaya qoyduğu model sübut edir ki, güclü dövlət olmaq sülhü təmin etmək bacarığıdır. Bu isə regionun əbədi rifahın yeganə yoludur.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28