31 oktyabr 2003 - yeni yüzilliyin başlanğıcı
31.10.2025 [07:42]
Andiçmə nitqindən reallığa gedən yol: 22 ilin dövlətçilik salnaməsi
2003-cü ildə verilmiş vədlər Azərbaycanın siyasi, iqtisadi və hərbi yüksəlişinin əsasını qoydu
Prezident İlham Əliyevin andiçmə nitqindən ötən 22 il: Azərbaycanın 100 illik sıçrayışını təmin edən liderlik
2003-cü il Azərbaycanın müasir tarixinə yeni inkişaf dövrünün başlanğıcı kimi yazıldı. Oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev 76,84 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin dövr nəinki Azərbaycanda və ya Cənubi Qafqazda, bütövlükdə dünyada yeni transformasiyaların baş verdiyi, yeni inkişaf prioritetlərinin müəyyənləşdiyi, yeni reallıqların və şərtlərin meydana çıxdığı bir dövr idi. Yeni əsrin qlobal münasibətlər sistemi yenidən formalaşırdı - belə bir kritik zamanda Azərbaycan beyqnəlxalq aləmə özünün yeni inkişaf məqsədlərini, parioritetlərini, hədəflərini və mövqeyini bəlli etdi. Prezident İlham Əliyevin oktyabrın 31-də andiçmə mərasimindəki nitqi Azərbaycanın gələcəyinin inkişaf konsepsiyası, strateji yol xəritəsi idi.
22 il sonra, 2003-cü ilin 31 oktyabrında İlham Əliyev Azərbaycanın Prezidenti kimi and içərkən səsləndirdiyi hər bir fikir, irəli sürdüyü hər bir tezis reallıqda öz təsdiqini tapıb. Son 22 ildə Azərbaycan tək regionda deyil, qlobal miqyasda da özünün yeni və nümunəvi inkişaf modelini təqdim edib - iqtisadi, siyasi, sosial və hərbi sahələrdə əldə olunan nailiyyətlər, dövlətin artan beynəlxalq nüfuzu, müstəqil siyasət kursu və milli maraqlara əsaslanan konseptual inkişaf strategiyası Azərbaycanı bu gün Cənubi Qafqazın lider dövləti, Avrasiya məkanının əsas tranzit və əməkdaşlıq mərkəzinə çevirib.
Azərbaycan son iki onillikdə qitələri birləşdirən körpü, sivilizasiyalararası dialoqun təşəbbüskarı və dayanıqlı inkişafın fəal tərəfdarı kimi tanınıb. Bu gün dünyanın diqqəti Cənubi Qafqazdadırsa, bu, məhz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Qarabağın azadlığı və ölkənin suverenliyinin tam bərpası isə bu siyasi kursun ən ali zirvəsidir. Bütün bu uğurların əsasında isə 2003-cü ilin andiçmə mərasimində səslənən sözlər, verilən vədlər, konseptual proqramlar dayanırdı. Həmin nitq Azərbaycanın gələcək 20-30 illik inkişaf xəritəsini müəyyənləşdirən proqram sənədi idi. Zaman göstərdi ki, həmin konsepsiya ölkəni regionun ən sabit, ən güclü və ən nüfuzlu dövlətinə çevirdi.
Heydər Əliyev siyasi kursunun davamı - inkişafın və birliyin təməli
Prezident İlham Əliyev andiçmə nitqində bəyan etmişdi ki. “Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır”.
Bu sözlər son 22 ildə dövlət idarəçiliyinin əsas ideoloji xəttinə çevrildi. Ulu öndərin müəyyən etdiyi müstəqil dövlətçilik konsepsiyası yeni şəraitdə daha çevik, dinamik və nəticəyönlü şəkildə həyata keçirildi. Heydər Əliyev siyasi irsinin strateji xətti Prezident İlham Əliyev dövründə modernləşdirildi və qlobal çağırışlara uyğunlaşdırıldı. Bu siyasət nəticəsində ölkədə sabitlik qorundu, iqtisadi islahatlar dərinləşdi, sosial rifah artırıldı. Azərbaycanın enerji müstəqilliyi, nəqliyyat-logistika imkanları, ordu quruculuğu və beynəlxalq əlaqələr sistemi gücləndirildi.
Ən əsası isə bu dövrdə xalq-hakimiyyət birliyi daha da möhkəmləndi. Prezident İlham Əliyev Özünün bütün strateji gedişlərinin əsas dayağı kimi məhz xalq etimadına güvəndi, arxalandı. Hər bir siyasi qərarın, sosial proqramın, beynəlxalq təşəbbüsün arxasında milli maraq və vətəndaş rifahı dayanırdı. Bunun nəticəsində Azərbaycanda milli ideoloji birlik formalaşdı, cəmiyyətin bütün təbəqələri inkişafın vahid hədəfi ətrafında birləşdi.
Bu, müasir dövlətçilik tariximizdə mühüm mərhələ idi - çünki Heydər Əliyev məktəbinin davamı olaraq formalaşan İlham Əliyev dövrü artıq Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni mərhələsini ifadə edir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində - nüfuzun və etimadın 22 ili...
Prezident İlham Əliyev 2003-cü ildə bildirmişdi ki, beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır: “Beynəlxalq təşkilatlarda Azərbaycan çox uğurlu fəaliyyət göstərir, onun nüfuzu artır. Bu proses davam edəcəkdir. Azərbaycan beynəlxalq aləmdə, dünya miqyasında daha da möhkəm mövqelərə sahib olacaqdır”.
Səslənən bu ideya, tezis 22 illik bir yol gələrək artıq tarixi fakta çevrilib. Həqiqətən də, Azərbaycan təkcə regional deyil, qlobal qərarların qəbulunda iştirak edən ölkəyə çevrilib. Son 22 ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və orada sədr kimi çıxış etdi. Qoşulmama Hərəkatında uğurlu sədrlik dövrü Azərbaycanın beynəlxalq nüfuzunu yeni səviyyəyə qaldırdı. Azərbaycanın sədrlik fəaliyyəti nəticəsində bu hərəkat 120 üzv dövlət üçün həmrəyliyin və bərabərhüquqlu əməkdaşlığın platformasına çevrildi.
Türk dünyasının inteqrasiyasında da Prezident İlham Əliyevin rolu həlledici oldu. 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Əməkdaşlıq Şurasının yaradılması təşəbbüsü məhz Prezident İlham Əliyevə məxsusdur. Bu gün Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzi kimi formalaşırsa, bu, Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir.
Azərbaycan COP29-a ev sahibliyi etməklə də beynəlxalq etimadın ən yüksək göstəricilərindən birini qazandı. Bu, həm də Azərbaycanın “yaşıl enerji”, ekoloji diplomatiya və dayanıqlı inkişaf istiqamətlərində lider mövqeyə yüksəlməsinin təsdiqidir.
22 il ərzində Azərbaycan BMT, Avropa Şurası, İƏT, MDB, ATƏT, GUAM, ECO kimi qurumlarda fəal və təsirli üzv kimi çıxış edib. Azərbaycanın beynəlxalq imici sülh, əməkdaşlıq və tərəfdaşlıq prinsipləri üzərində qurulub.
Bu gün Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsi Azərbaycanın iştirakı olmadan formalaşa bilmir. Azərbaycan artıq qlobal diplomatiyada etibarlı tərəfdaş, sülhün və ədalətin səsi kimi qəbul edilir.
Qonşularla uğurlu əməkdaşlıq - regional sabitliyin əsas dayağı
Azərbaycanın siyasi prioritetlərindən biri hər zaman yaxın və səmimi qonşuluq prinsipinə söykənib. Prezident 2003-cü il nitqində qətiyyətli bildirmişdi ki, qonşularımızla münasibətlərimiz çox uğurla inkişaf edir. Həm ikitərəfli münasibətlərimiz güclənir, həm də regional əməkdaşlıq inkişaf edir. Bu istiqamətdə ötən 22 ildə Azərbaycanın nailiyyətləri regional sabitliyin və iqtisadi inteqrasiyanın təməlini qoydu.
Bu gün Azərbaycan bir çox ikitərəfli, üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı və ev sahibidir. Bakı platforması artıq regionda etimad və dialoq məkanı kimi tanınır. Azərbaycan-Türkiyə münasibətləri isə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu birliyin tarixi sənədi və sübutu, təsdiqidir. Azərbaycan həm İran, həm Gürcüstan, həm də Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan əməkdaşlıq xəttini qoruyur.
Təşəbbüskarı olduğu Orta Dəhliz və Zəngəzur dəhlizi (TRİPP) kimi layihələr Azərbaycanın regional liderliyinin mühüm təzahürlərindəndir. Bu dəhlizlər təkcə iqtisadi layihə deyil, həm də Cənubi Qafqazda sabitliyin və qarşılıqlı asılılığın əsas mexanizmləridir. Ermənistanla münasibətlərdə isə tarixi dönüş baş verib. Azərbaycan artıq yük daşımalarına qoyulan qadağanı aradan qaldırmaqla yeni mərhələyə keçid üçün jest nümayiş etdirib. Prezident İlham Əliyevin təşəbbüsü olan sülh prosesi regiona yeni nəfəs gətirib. Bu, həm iqtisadi, həm də humanitar baxımdan Cənubi Qafqazda əməkdaşlıq erası üçün zəmin yaradır.
İqtisadi inkişaf - daha güclü Azərbaycan naminə...
Prezident İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadiyyatı güclənir, çoxşaxəli iqtisadi islahatlar aparılır. Bu islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində öz iqtisadiyyatının yüksəlişini təmin edib. Qarşıda ölkəmizin gələcək inkişafı ilə bağlı yeni hədəflər durur və iradəli iqtisadi islahatlar kursu ilə buna çatmaq mümkündür.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu güclü və fundamental baza üzərində qurulmuş möhtəşəm iqtisadi strategiyanı inkişaf etdirən Prezident İlham Əliyevin islahatlar proqramında başlıca yer tutan ən mühüm istiqamətlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi idi ki, son 22 ildə neftdən kənar sahələrin sıçrayışlı inkişafı təmin olunub.
Ötən dövr ərzində Azərbaycanda ümumi daxili məhsulun həcmi (ÜDM) real ifadədə 3,7 dəfə artaraq 7,1 milyard manatdan 126,3 milyard manata yüksəlib.
ÜDM-in nominal həcmi isə bu dövrdə 22 dəfə artıb. Adambaşına düşən ümumi daxili məhsulun dəyəri 3,1 dəfə artaraq 12 min 382 manat təşkil edib. Ölkə əhalisinin gəlirləri 13,7 dəfə artıb.
Qeyd edilən dövrdə neft-qaz sektoru üzrə ÜDM 2,3 milyard manatdan 47 milyard manata, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 3,6 dəfə artımla 4,9 milyard manatdan 78,8 milyard manata yüksəlib. 2003-2024-cü illərdə qeyri-dövlət sektorunun ÜDM-də payı 87 faizə çatıb.
İqtisadi inkişafda mühüm rol oynayan sənaye sektorunun payı hər il artımla müşahidə edilib, sənaye məhsullarının illik dəyəri bu illər ərzində 22 dəfədən çox artaraq 4 milyard manatdan 88 milyard manata çatıb. Qeyri-neft-qaz sənayesində istehsalın artması da ölkəmizin ixracının həcminə müsbət təsir edib. Belə ki, son 22 ildə ölkədə qeyri-neft-qaz sənayesində istehsal 1,7 milyard manatdan 18 milyard manata yüksəlib. Paralel olaraq qeyri-neft ixracı 12 dəfə artaraq 0,3 milyard dollardan 3,2 milyard dollara yüksəlib.
Bu müddətdə yaradılmış 9 sənaye parkı və 4 sənaye məhəlləsinin fəaliyyət nəticəsində sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 11 minə yaxın daimi iş yeri yaradılıb.
Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 82 faizə yüksəlib.
Sabahın təminatı - Neft Fondunun aktivləri 85 dəfə artıb
Ölkənin ticarət əlaqələri isə daha da genişlənib və inkişaf edib. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrin sayı 55-dən 2024-ci ildə 188-ə çatıb. Ölkəmizin xarici ticarət dövriyyəsi isə 3,8 milyard dollarından 52 milyard dollara yüksəlib. İxracın həcmi 2.2 milyard dollarından 38.1 milyard dolları çatıb. Ümumilikdə, 2024-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 2003-cü illə müqayisədə 14 dəfə, o cümlədən idxal 9 dəfə, ixrac isə 18 dəfə yüksəlib. Ötən dövr üzrə xarici ticarətin profisiti 0,5 milyard dollarından 24 milyard dollara çatıb. Bu isə ölkəyə böyük həcmdə valyuta axını və maliyyə sabitliyi bazasını formalaşdırıb.
Azərbaycanın maliyyə yığım ehtiyatları bu dövrdə əhəmiyyətli dərəcədə böyüyüb, əsas suveren yığım sütunu olan Dövlət Neft Fondunun (DNF) aktivləri 2003-cü ildə 815 milyon dollar təşkil etdiyi halda ötən 22 ildə bu rəqəm 85 dəfə artaraq 70 milyard dollara yüksəlib. Mərkəzi Bankla birlikdə, hazırda Azərbaycanın strateji valyuta rezervlərinin həcmi 80 milyard dollardan çoxdur. Ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda, 2024-cü ildə bu rəqəm 7 faiz təşkil edib.
Sabitliyin və inkişafın nümunəsi - dövlət büdcəsinin gəlir və xərcləri 30 dəfə yüksəlib
Son 22 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 1,2 milyard manatdan 34,9 milyard manata, xərcləri isə 1,2 milyard manatdan 36,7 milyard manata yüksəlib.
Nəticədə büdcə gəlirləri və xərcləri 30 dəfə artıb. Büdcədə təkcə hərbi xərclər bu dövrdə 16 dəfədən çox artıb.
Azərbaycanda aparılan sosial siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb. 2003-cü ildə orta aylıq əməkhaqqı 77,4 manat idisə, 2024-cü ildə bu rəqəm 1000 manatı ötüb. Qeyd edilən dövrdə minimum əməkhaqqı 9 manatdan 2025-ci yanvarın 1-dən 400 manata yüksəlib. Orta aylıq pensiya 25 manatdan 480 manata, minimum pensiya isə 20 manatdan 320 manata çatıb. Yürüdülən uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2024-ci ildə 5,5 faizə qədər azaldılıb. Bu illər ərzində 2,2 milyondan artıq yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır.
Dövlət başçısının strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatında 65 faiz paya malik olmaqla güclü iqtisadiyyatın sahibi kimi çıxış edir.
Azərbaycan dünyaya açıqdır - İqtisadiyyata 344 milyard dollar sərmayə qoyulub
Azərbaycan bu dövrdə xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Qlobal iqtisadiyyata inteqrasiya şəraitində aparıcı beynəlxalq şirkətlərə və xarici maliyyə qurumlarına, investorlara ölkəmizdə azad fəaliyyət üçün geniş və əlverişli imkanlar yaradılıb. Nəticədə 2003-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard dollar həcmində sərmayə qoyulub ki, onun əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmin cəmi sərmayələrin 50 faizindən çoxu xarici sərmayələrin payına düşür. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə olunmuş möhkəm etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya edirlər ki, bu da Azərbaycanın gələcək tərrəqisi üçün uzunmüddətli kapital bazası deməkdir.
Yeni qlobal enerji xəritəsi - Azərbaycan enerji təminatçısı rolunda...
Onun təşəbbüsü ilə ərsəyə gələn enerji, nəqliyyat, logistika layihələri qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşərək son 22 ildə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələrin və logistika şəbəkələrinin inkişafını təmin edib. Azərbaycan BTC, BTQ, TANAP, TAP, Şimal-Cənub, Şərq-Qərb, Orta Dəhliz kimi nəhəng enerji və nəqliyyat arteriyalarında lider dövlət kimi yer almaqla regionun iqtisadi xəritəsini zənginləşdirib. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir və Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır.
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyulub və yeni iqtisadi rifah arxitekturası formalaşıb. Hazırda Azərbaycanın mükəmməl iqtisadi diplomatiyası sayəsində Cənubi Qafqaz bölgəsində yeni əməkdaşlıq landşaftı formalaşır, xarici investorların azad ərazilərdə başlatdığı qeyri-neft proqramları, “yaşıl enerji” layihələri, qeyri-neft sahələrinin, turizm potensialının daha da güclənməsinə istiqamətlənmiş təşəbbüslər regionun iqtisadi rifah mənzərəsini dəyişir, böyük iqtisadi əməkdaşlıq koalisiyası qurulur, habelə Orta Dəhlizin ən mühüm xətti olan Zəngəzurun açılmasına yönəlik addımlar uzunömürlü rifaha möhkəm zəminlər yaradır. Beləliklə, İlham Əliyevin 22 illik prezidentlik dövrünü iqtisadi-sosial sahədə milli yüksəliş, rifah və tərəqqi dövrü kimi səciyyələndirmək olar.
Vətəndaşın rifahı amili - Azərbaycan siyasətinin əsas hədəfi...
Prezident İlham Əliyevin siyasi konsepsiyasının mərkəzində hər zaman Azərbaycan vətəndaşı, onun maraqları, sosial rifahı və təhlükəsizliyi dayanıb. Azəbaycan Prezidentinin “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, şüarı, “neft kapitalını insan kapitalına çevirək” devizi Azərbaycanın inkişaf tendensiyasının aparıcı avmili kimi ön plana çıxdı. İlham Əliyev 2003-cü ilin 31 oktyabrında andiçmə mərasimində söylədiyi fikirlər dövlət idarəçiliyinin əsas fəlsəfəsini ortaya qoymuşdu. Azərabycanda dövlətin mənbəyi xalqdır - Prezident İlham Əliyev özünün siyasi prinsiplərini məhz xalqın rifahı, sabitlik və milli həmrəyliyin qorunması prioritetləri ilə tənzimləmişdi. Bu, sadəcə siyasi bəyanat deyil, son 22 ilin bütün mərhələlərində öz təsdiqini tapan rəhbərlik missiyası idi.
Bəli, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində hər zaman insan amili dayanıb. Onun rəhbərliyi ilə ölkədə sosial rifahın yüksəldilməsi, regionların bərabər inkişafı, işsizliyin azaldılması, aztəminatlı təbəqələrin sosial müdafiəsi istiqamətində ardıcıl proqramlar həyata keçirilib. Şəhid ailələrinə, qazilərə, məcburi köçkünlərə və sosial cəhətdən həssas qruplara göstərilən diqqət və qayğı dövlət siyasətinin başlıca xəttinə çevrilib.
Bu illər ərzində Azərbaycanda xalq-dövlət birliyi yeni səviyyəyə yüksəlib.
İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi ölkənin hər bölgəsinə bərabər yanaşma, regionların iqtisadi və sosial dirçəlişini təmin edən dövlət proqramlarını icra edib. Bakıdan Naxçıvana, Qarabağdan Şimal bölgəsinə qədər hər bir ərazidə həyata keçirilən infrastruktur layihələri, yeni yollar, məktəblər, xəstəxanalar, sosial evlər məhz bu siyasətin konkret təzahürüdür.
Prezidentin sosial ədalətə və bərabərliyə əsaslanan yanaşması sayəsində bu gün Azərbaycanda vətəndaşların böyük əksəriyyəti dövlətin qayğısını real həyatda hiss edir. Onun siyasi kursu həm də xalqla dövlət arasında qarşılıqlı etimad modelini formalaşdırıb. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda sabitlik, təhlükəsizlik və sosial rifah bir-birini tamamlayan dövlət idarəetməsi systemi elementlərinə çevrilib.
Qarabağın azadlığı - 22 illik siyasi yolun zirvəsi
Həmin dövr üçün 10 ildən bir az artıq tarixə malik Qarabağ münaqişəsi Azərbaycanın əsas problemi idi - ölkənin bütün siyasi, iqtisadi və digər konsepsiyalarının təməlində, əsasında məhz qarabağın azadlığı uğrunda iş, fəaliyyət dayanırdı. Sülh danışıqlarının davam etdirilməsi, paralel olaraq ölkənin inkişafı paralel aparılırdı. Prezident İlham Əliyev isə andiçmə nitqində problemin yeganə həll yolunu göstərdi: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
O zaman bu fikirlər yeni prezidentin strateji hədəfi idi. 22 illik siyasi mübarizə, ardıcıl diplomatik fəaliyyət, iqtisadi və hərbi gücün sistemli şəkildə artırılması bu hədəfi reallığa çevirdi. Prezident İlham Əliyevin əsas strategiyası ölkəni hərtərəfli gücləndirmək, milli maraqları təmin etmək və beynəlxalq hüquqa əsaslanan ədalətli həllə nail olmaq idi. O, illərlə sülh danışıqlarında iştirak edərək, Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə qəbul etdirə bildi.
Amma Ermənistan rəhbərliyinin təxribatçı siyasəti, 2019-cu ildə Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı artıq yeni mərhələ açdı. Elə həmin il İlham Əliyev cavab olaraq tarixə düşən sözləri səsləndirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Bu, 20 illik gedilən siyasi yolun ən qəti və prinsipial mesajına çevrildi. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan ordusu 44 gün ərzində torpaqlarını azad etdi. Prezident Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində bildirdi: “Ata vəsiyyətini yerinə yetirdim.”
Bu, həm siyasi, həm mənəvi, həm də tarixi borcun yerinə yetirilməsi idi. 2023-cü ilin antiterror tədbirləri ilə isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Artıq separatizm anlayışı bu torpaqlarda mövcud deyil. Bu gün bütün dünya Azərbaycanın azad Qarabağda apardığı quruculuq işlərinə həsədlə baxır - bu fəaliyyət xalqının inamına, etimadına söykənərək ən çətin problemlərin həllinə nail olunmasının bariz sübutudur.
Prezidentin 2003-cü il nitqində səsləndirdiyi “ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir” fikri də zamanla öz təsdiqini tapdı. Bu gün Minsk qrupu tarixdən silinib, sülh prosesi birbaşa Bakı-İrəvan dialoqu üzərində qurulub. Azərbaycanın 22 illik siyasi yolunun ən böyük nəticəsi isə tam müstəqil, bütöv və suveren dövlət statusuna nail olmaqdır.
Tarix üçün nümunə - Azərbaycan 100 illik inkişaf yolunu 22 ilə qət etdi...
Beləliklə, 2003-cü ildən bu günə qədər keçilən yol əslində bir əsrlik inkişafın nümunəvi modelidir. Bu 22 il ərzində Azərbaycan tarixində görünməmiş sürətlə dəyişib, müasir, güclü və nüfuzlu dövlətə çevrilib. Bu inkişafın mərkəzində isə Prezident İlham Əliyevin uzaqgörənliyi, ardıcıllığı və fenomenal siyasi liderliyi dayanır. Dövlət başçımız qlobal miqyasda milli maraqların müdafiəsini təmin edən, xalqın rifahını dövlət siyasətinin mərkəzinə çevirən lider kimi tanınır. Məhz bu prinsipiallığın nəticəsində Azərbaycan həm iqtisadi gücə, həm də mənəvi dayanıqlığa malikdir. 22 illik inkişafın nəticəsi ondan ibarətdir ki, Azərbaycan artıq təkcə regionun deyil, dünyanın siyasi xəritəsində öz sözünü deyən, səsi eşidilən və nüfuzu qəbul edilən dövlətdir. Bu, Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin, Heydər Əliyev məktəbinin və Azərbaycan xalqının milli birliyinin böyük qələbəsidir.
Elbrus CƏFƏRLİ,
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                             
                    
 
                        
