Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–Qazaxıstan əlaqələri: qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol

Azərbaycan–Qazaxıstan əlaqələri: qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol

28.10.2025 [13:21]

Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Qədim dövrlərdən ortaq etnik-mədəni mənsubiyyətə, eyni dil ailəsinə və türk dünyasının mənəvi dəyərlərinə söykənən bu münasibətlər əsrlər boyu qarşılıqlı hörmət və etimad prinsipləri üzərində formalaşıb. Hər iki xalqın qəhrəmanlıq ənənələrində, xalq ədəbiyyatında və adət-ənənələrində oxşar cizgilərin mövcudluğu bu birliyi daha da möhkəmləndirib.

Orta əsrlərdə Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Qazaxıstan xalqları ticarət, sənətkarlıq və mədəniyyət sahələrində geniş əlaqələr qurmuş, türkdilli xalqların qarşılıqlı inkişafında mühüm rol oynamışlar. Sovet dövründə də bu dostluq mühiti qorunub saxlanılmış, mədəni, elmi və sosial sahələrdə əməkdaşlıq münasibətləri davam etmişdir.

1991-ci ildə müstəqilliyini bərpa edən hər iki dövlət münasibətləri yeni, bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurmağa başladı. 1992-ci ildə diplomatik əlaqələrin təsis olunması Azərbaycan–Qazaxıstan münasibətlərinin rəsmi əsasını formalaşdırdı. Qısa müddət ərzində siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək bu münasibətlərin əsas sütunlarına çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrə, o cümlədən Qazaxıstanla tərəfdaşlığa xüsusi önəm verir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, BMT və digər beynəlxalq qurumlarda eyni mövqedən çıxış edir, regional təhlükəsizlik və inkişaf naminə səylərini birləşdirir. Bu illər ərzində imzalanan çoxsaylı sənədlər, dövlət başçılarının qarşılıqlı səfərləri və birgə iqtisadi layihələr əlaqələrin strateji xarakter daşıdığını göstərir.

2025-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanaya rəsmi səfəri iki ölkə münasibətlərində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən təkbətək və geniş tərkibli görüşlərdə qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq mühiti bir daha təsdiqləndi. Səfər çərçivəsində Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi. İclasda müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadi, enerji, nəqliyyat və humanitar istiqamətlərdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə konkret razılaşmalar əldə olundu.

Mətbuata verilən bəyanatlarda dövlət başçıları iki ölkə arasında əlaqələrin nümunəvi xarakter daşıdığını vurğulayaraq bildirdilər ki, Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş xalqlar kimi vahid məqsədlərə xidmət edirlər. Hər iki liderin çıxışlarında Türk dünyasının həmrəyliyinin gücləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və regionda sülh, sabitlik və inkişafın təmin olunması əsas prioritet kimi qeyd olundu.
Səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirdi. Siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji, təhsil və mədəniyyət sahələrini əhatə edən razılaşmalar gələcək əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirdi. Xüsusilə Xəzər regionunda limanlararası əməkdaşlığın genişləndirilməsi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində yeni imkanların yaradılması, həmçinin rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahəsində birgə təşəbbüslər diqqət mərkəzində oldu.

Bu gün Azərbaycan–Qazaxıstan əlaqələri qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qardaşlıq prinsipləri üzərində qurulmuş nümunəvi modeldir. Dövlət başçılarının siyasi iradəsi və xalqların mənəvi yaxınlığı bu münasibətləri daha da möhkəmləndirir. Hər iki ölkə təkcə regionda deyil, həm də Türk dünyasında inteqrasiyanın, iqtisadi əməkdaşlığın və mədəni həmrəyliyin güclənməsində aparıcı rol oynayır.

Azərbaycan və Qazaxıstan münasibətləri bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə regionun sabitliyi, rifahı və inkişafına xidmət edir. Prezident İlham Əliyevin Astanaya səfəri bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan dostluğu zamanın sınaqlarından çıxmış, gələcəyə yönəlmiş güclü tərəfdaşlıq nümunəsidir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31