Fransada həyəcan təbili çalınır - Paris müharibəyə hazırlaşır
04.09.2025 [10:00]
Qorxu bütün Avropanı bürüyüb
Fransada müharibəyə hazırlıq istiqamətində ciddi tədbirlər görülməyə başlanılıb. Belə ki, Avropada artan gərginlik fonunda Fransa hökuməti ölkənin səhiyyə sisteminə misilsiz göstəriş verib. “Le Figaro” qəzeti yazır ki, Fransadakı xəstəxanalara 2026-cı ilin martına qədər mümkün genişmiqyaslı hərbi münaqişəyə hazır olmaq tapşırılıb. Fransa Səhiyyə Nazirliyinin tapşırığına əsasən, həkimlər və tibbi personal ilk döyüş günlərində 10 mindən 50 minədək hərbi qulluqçunu qəbul etməyə hazır olmalıdırlar. Bu, yalnız müharibə zamanı yaralı hərbçilərin təxliyəsi deyil, həm də mülki əhalinin böyük sayda tibbi yardım tələbatı nəzərə alınaraq planlaşdırılıb. Qeyd edək ki, Paris bu qərarı Almaniyanın son addımlarından sonra qəbul edib - Qonşu ölkədə Rusiya ilə ehtimal olunan müharibəyə hazırlıq üçün təlimlərin intensivləşməsi və ordunun yüksək hazırlıq vəziyyətinə gətirilməsi fonunda Fransa da ən pis ssenaridən çıxış edir. Ekspertlər hesab edirlər ki, Paris Rusiya ilə genişmiqyaslı toqquşmanı artıq ehtimal kimi yox, real təhlükə kimi qiymətləndirir. Almaniya və Fransa ilə yanaşı Böyük Britaniya da bu istiqamətdə addımlar atmağa başlayıb - Baş nazir Keir Starmer ötən həftə ölkəsini istənilən müharibəyə hazırlamaq zərurətini vurğulayıb.
Skandinaviya və Baltikyanı ölkələr də prosesə qoşulub
“Le Figaro” qəzetinin məlumatında, həmçinin qeyd olunur ki, Rusiya ilə ehtimal olunan müharibəyə hazırlıq prosesinə Skandinaviya və Baltikyanı ölkələr, o cümlədən Polşa və Rumıniya da qoşulmaq qərarına gəlib. Skandinaviya ölkələri - İsveç və Finlandiya NATO-ya üzv olduqdan sonra ordusunu daha da modernləşdirmək və sərhəd ərazilərinin təhlükəsizliyini möhkəmləndirmək üçün hərbi xərclərini artırıb. Polşa isə Rusiya ilə sərhəddə istənilən hücumun qarşısını almaq üçün köhnə müdafiə metodunu yenidən gündəmə gətirib - ölkə bataqlıqları su ilə doldurmaq qərarı verib və eyni addımı digər sərhəd dövlətlərinə də təklif edib. Baltikyanı ölkələr və Rumıniya da Rusiya təhlükəsini “gələcək müharibənin başlanğıcı” kimi dəyərləndirir və hərbi büdcələrini artırır. Belə görünür ki, Avropada təşviş, qorxu və narahatlıq hökm sürür - Avropada belə bir düşüncə dolaşır ki, Rusiya Ukraynada müharibəni bitirəndən sonra üzünü Avropaya çevirəcək, Kreml Avropaya qarşı genişmiqyaslı hücum əməliyyatları hazırlayır və qitənin sabitliyi təhlükə altındadır - buna görə də indidən hazırlıq tədbirləri görmək qərarına gəliblər. Lakin Rusiya Prezidenti Vladimir Putin son çıxışlarında narahatlığa heç bir əsasın olmadığını qeyd edərək bəyan edib ki, Moskvanın Avropaya hücum etməklə bağlı heç bir planı yoxdur.
Ehtimal özünü doğrulda bilər?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Fransanın səhiyyə sisteminə mümkün müharibə ssenarisinə hazır olmaq barədə göstəriş verməsi Avropada geosiyasi gərginliyin hansı səviyyəyə çatdığını göstərir. Ekspertin sözlərinə görə, bu addım yalnız texniki və tibbi hazırlıq məsələsi deyil, həm də siyasi mesajdır. “Paris bu qərarla avropalılara açıq şəkildə bildirir ki, təhlükə uzaq perspektiv deyil, yaxın gələcəkdə real ssenari ola bilər. Avropanın böyük müharibə ilə üzləşmə ehtimalı hələ də geniş müzakirə mövzusudur. Bəzi ekspertlər bu həyəcan təbilinin daha çox ictimaiyyəti psixoloji baxımdan hazırlamaq, həmçinin NATO-nun birliyini gücləndirmək məqsədi daşıdığını deyirlər. Amma Rusiya ilə bağlı faktiki gedişata baxanda Avropanın özünü ən pis ssenariyə hazırlaması əslində rasional görünür. Çünki Moskvanın Ukraynada sərgilədiyi təcavüzkar mövqe sabah Baltikyanı ölkələr, Polşa və ya digər NATO üzvləri üçün də eyni təhdidə çevrilə bilər,” - deyə T.İsmayılov vurğulayıb ki, Rusiyanın birbaşa Avropaya hücum ehtimalı hələ də tamamilə qaçılmaz deyil. “Kreml hazırda Ukraynada ciddi resurs sərf edir və genişmiqyaslı müharibə Rusiyanın iqtisadi və siyasi gücünü daha da zəiflədə bilər. Ancaq tarixi təcrübə göstərir ki, Moskva öz maraqları üçün rasional risk hesablamalarına hər zaman əməl etmir. Ona görə də Avropanın riskləri minimal sayması böyük səhv olardı”.
ABŞ-sız Avropa öz müdafiəsini təmin edə bilər?
Ekspert hesab edir ki, ABŞ-sız Avropanın Rusiya təhlükəsinin qarşısını alıb-almayacağı isə xüsusi mübahisə doğurur. “NATO-nun əsas hərbi gücü hələ də Vaşinqtonun üzərindədir. Avropanın kollektiv müdafiə potensialı nəzərə alınsa belə, ABŞ-sız NATO demək olar ki, tam gücünü itirir. Avropa ölkələri texnoloji, iqtisadi və kadr resurslarına sahibdirlər, amma bunların koordinasiyası hələ də zəifdir”.
Ekspert, həmçinin bildirib ki, Böyük Britaniya, Almaniya, Fransa və Polşa Avropanın hərbi sütunları hesab olunur. “Britaniya dəniz və hava qüvvələri ilə, Polşa isə quru qoşunları ilə önə çıxır. Almaniya uzun müddət passiv siyasət yürütmüşdü, lakin son illərdə müdafiə xərclərini artıraraq yeni strategiya qəbul edib. Fransa isə həm nüvə silahına sahib olması, həm də Afrika və Yaxın Şərqdəki hərbi təcrübəsi ilə fərqlənir. Bu dörd ölkə birlikdə Avropanın təhlükəsizliyi üçün nəzəri cəhətdən kifayət qədər güclü ola bilər. Amma praktiki reallıqda onların ABŞ-sız Rusiya qarşısında uzunmüddətli müqavimət göstərməsi çətindir,” - deyə T.İsmayılov əlavə edib ki, Avropanın hərbi hazırlığını artırması və mülki sahələri də bu prosesə cəlb etməsi vacib siqnaldır. “Söhbət təkcə əsgərlərin döyüş meydanında yerləşdirilməsindən yox, həm də müharibənin gətirəcəyi sosial sarsıntılara hazırlıqdan gedir. Bu, yeni bir “soyuq müharibə” dönəminin başlanğıcına bənzəyir. Avropalılar artıq başa düşürlər ki, Rusiya ilə dialoq və kompromis strategiyası əvvəlki kimi işləmir”.
Avropada böyük müharibə ehtimalı tam qaçılmaz deyil, amma risk realdır
“Fransanın və Almaniyanın atdığı addımlar həm ictimaiyyəti hazırlamaq, həm də siyasi iradəni gücləndirmək məqsədi daşıyır. ABŞ-sız Avropanın Rusiyaya qarşı dayanması hazırda qeyri-mümkün görünür. Lakin Britaniya, Fransa, Almaniya və Polşanın potensialı ABŞ-ın dəstəyi ilə birlikdə qitənin təhlükəsizliyini təmin edə biləcək əsas dayaqlardır. Bu reallıq Avropanı həm daxildə, həm də qlobal miqyasda yeni bir güc balansı axtarışına məcbur edir,” -deyə T.İsmayılov bildirib.
Rusiya Avropanı qorxudur
Politoloq Natiq Miri qəzetimizə şərhində bildirib ki, Rusiya NATO ilə müharibə aparmaq imkanlarına sahib deyil, Moskva sadəcə olaraq, Avropanı təhdid edir. “Yaxın zamanda Belarusda belarus və rus qoşunlarının birgə hərbi təlimlərinin keçirilməsi gözlənilir. Deyilənə görə, Rusiya geniş hərbi kontingentlə bu təlimlərdə iştirak edəcək. Belarusdakı gələcək hərbi təlimlər barədə məlumatlar Rusiya KİV-lərində geniş şəkildə işıqlandırılır. Sözsüz ki, Kreml bunu məqsədyönlü şəkildə həyata keçirir - bir növ rəqiblərinə və düşmənlərinə qarşı informasiya müharibəsi aparır, yəni bu yolla həm Ukraynanı, həm də Avropanı təhdid edir. Moskva bununla göstərməyə çalışır ki, o, Belarus ərazisindən yenidən Ukraynanın şimal ərazilərinə, xüsusilə Kiyevə, o cümlədən Şərqi Avropa və Baltikyanı ölkələrə genişmiqyaslı hücumlar təşkil etmək iqtidarındadır. Moskva Ukraynada müharibəni öz şərtləri altında bitirməkdə israrlıdır və Kremldə hesab edirlər ki, Avropa ölkələri Rusiyanın şərtlərini mütləq qəbul etməlidir,” - deyə N.Miri vurğulayıb. Rusiya ilə NATO arasında müharibə məsələsinə gəlincə, ekspert qeyd edib ki, Moskvanın bu müharibəni aparmaq üçün kifayət qədər resursları və imkanları yoxdur. “Rusiya Avropanı taktiki nüvə silahı ilə təhdid edir. Halbuki Britaniya və Fransa da taktiki nüvə silahlarına malikdirlər. ABŞ da bu yaxınlarda Britaniyada öz taktiki nüvə silahlarını yerləşdirib. Rusiya hücum edərsə, qarşı tərəf də adevkat cavab verəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Sosial
11 Sentyabr 11:54

Gündəm
11 Sentyabr 11:42

Sosial
11 Sentyabr 11:27

Sosial
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

Siyasət
11 Sentyabr 11:19

İqtisadiyyat
11 Sentyabr 10:57

İqtisadiyyat
11 Sentyabr 10:35

Analitik
11 Sentyabr 10:17

MEDİA
11 Sentyabr 09:56

Analitik
11 Sentyabr 09:43

Analitik
11 Sentyabr 09:30

Analitik
11 Sentyabr 09:15

Analitik
11 Sentyabr 08:54

Dünya
11 Sentyabr 08:46

Sosial
11 Sentyabr 08:45

Sosial
11 Sentyabr 08:22

Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39
