Gürcüstan AP-nın hədəfində...
11.10.2024 [08:43]
Təşkilatın bu ölkəyə qarşı qətnaməsi növbəti təzyiq cəhdidir Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edildikdən sonra Qərbin bu ölkəyə təzyiqləri xeyli artıb. Buna səbəb sözügedən qanunun Qərb dairələrinin və ölkə müxalifətinin kəskin etirazlarına səbəb olmasıdır. Hətta Prezident Zurabaşvilinin sənədə veto qoyması da hökumətin və parlamentin mövqeyinə əngəl ola bilməyib.
Qətnamədə Bidzina İvanişviliyə sanksiya, Saakaşviliyə azadlıq tələb olunur
Rəsmi Tbilisiyə qarşı növbəti təzyiq cəhdi Avropa Parlamentindən gəlib. Belə ki, bu qurum oktyabrın 9-da Gürcüstanla bağlı qətnamə qəbul edib. Avropa Parlamentinin 495 üzvü qətnamənin lehinə, 73-ü əleyhinə səs verib, 86-sı isə bitərəf qalıb. Qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda demokratiyanın azalmasından dərin təəssüf hissi keçirir və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır. Qətnamənin mətnində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması və viza rejiminin liberallaşdırılması məsələsindən də bəhs edilir. Avropa Parlamenti, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Sənəddə bildirilir ki, 2023-cü ilin dekabrında Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusu verilsə də, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gələcəyi gözlənilən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası getdikcə avtoritar gündəmi təşviq edir. Həmçinin qeyd olunur ki, Gürcüstanın yeni qanunları ölkənin seçki qanunlarına edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə söz azadlığını pozur, mediaya senzura tətbiq edir, vətəndaş cəmiyyəti və QHT sektorunda tənqidi səslərə məhdudiyyətlər qoyur və həssas insan qruplarına qarşı ayrı-seçkilik yaradır. AP “hesab edir” ki, belə qanunlar ləğv edilməsə, Gürcüstanın Aİ ilə münasibətlərində irəliləyiş mümkün olmayacaq. AP deputatları “qeyri-demokratik” qanunlar ləğv edilənə qədər Aİ-nin Gürcüstan hökumətinə ayırdığı bütün maliyyə vəsaitlərinin dondurulmasını tələb edirlər.
Daxili işlərə “həyasız müdaxilə”...
Avropa Parlamentinin bu addımı isə Gürcüstan hakimiyyətində etirazla qarşılanıb. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə ölkənin daxili işlərinə “həyasız müdaxilədir”. Qaribaşvili deyib: “Bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. Yadınızdadırsa, 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu “mesajlarla” ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi. O zaman da Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, Saakaşvilinin azad edilməsi, Kezeraşvilinin media meneceri kimi qeyd olunması ilə bağlı tələbləri var idi”.
Onun sözlərinə görə, bu qərar iki il əvvəl qəbul edilib. “İndi seçkilərə iki həftə qalmış görürük ki, bizim radikal, müflis müxalifətimizi dəstəkləyən və müdafiə edən lobbiçilər Gürcüstan əleyhinə oxşar məzmunlu qətnamə hazırlayırlar. Bu da təbii ki, daxili işlərimizə açıq-aşkar müdaxilənin növbəti nümayişidir. Mən bunu ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilə adlandırardım. Heç kim seçkilərə iki həftə qalmış hansısa ölkədə seçki proseslərinə belə kobud, həyasız müdaxilə, manipulyasiya və insanlara təsir cəhdini görməyib”, - deyə Qaribaşvili vurğulayıb.
Hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze isə deyib ki, bugünkü müxalifət tamamilə xarici göstərişlərdən asılıdır və yalnız ölkədən kənardan alınan əmr və təlimatlarla fəaliyyət göstərir. Onun sözlərinə görə, Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxariyaya verilən hər bir səs ölkənin mövcudluğu üçün böyük təhlükədir: “Biz dəfələrlə ictimaiyyətə bildirmişik ki, bugünkü müxalifət tamamilə xarici göstərişlərdən asılıdır və yalnız ölkədən kənardan alınan əmr və təlimatlarla fəaliyyət göstərir. Onlar yalnız seçki nömrəsi və partiya loqotipləri ilə fərqlənirlər, amma məzmuna və antigürcü məqsədlərinə görə eynidirlər”.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze isə hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur və heç bir əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, onlar yenə də Saakaşvilinin qeyd-şərtsiz azad edilməli olduğunu təkrar edir, Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edirlər. “Rusiyaya qarşı sanksiyalara gəldikdə, biz müharibənin nə olduğunu və onun nə qədər bəlalar gətirdiyini bilirik. Sanksiyaların nəyə gətirib çıxara biləcəyini də bilirik. Əgər zəif hakimiyyət olsaydıq, bəzilərindən qorxub sanksiyalara qoşulardıq və bu zaman işləyən kəndli, Gürcüstanın iqtisadiyyatı zərər çəkərdi, bəlkə də məqsəd məhz bu idi”, - deyə Kaladze vurğulayıb.
Gürcü cəmiyyəti nə baş verdiyini yaxşı başa düşür
Məsələyə ölkənin Baş naziri İrakli Kobaxidze də münasibət bildirib. Onun fikrincə, Avropa Parlamentinin qətnaməsində ədalətsizlik aydın şəkildə görünür: “Aydındır ki, müəyyən qüvvələr Gürcüstanda ikinci cəbhənin açılmaması və müharibənin başlamaması faktını qəbul edə bilmir. Bu, həmin qüvvələr üçün belə ssenarini inkişaf etdirmək məqsədilə sonuncu mübarizədir. Onlar parlament seçkilərinə ümid bəsləyirlər, məhz buna görə də Avropa Parlamentində müzakirə aparıldı, qətnamə qəbul edildi. Buna baxmayaraq, həmin qüvvələrin cəhdi sadə bir səbəbə görə uğursuzluğa düçar olacaq - gürcü cəmiyyəti ətrafımızda nə baş verdiyini və bizə qarşı fəaliyyət göstərən qüvvələrin maraqlarını yaxşı başa düşdü”.
Xatırladaq ki, Gürcüstanın Qərblə münasibətlərinin gərginləşməsinə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunması sırf milli maraqlara yaranan təhdidlərin qarşısını almaq zərurəti ilə bağlıdır. Qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Gürcüstan hakimiyyəti verdiyi izahatlarda bildirir ki, ölkənin milli maraqları bu qanunun qəbul olunmasını zəruri edib.
Gürcüstan təzyiqləri neytrallaşdıra biləcəkmi?
Gürcüstanı təzyiqlər altında saxlamaq istəyən Qərb dairələri isə bu qanunun guya “anti-demokratik olduğunu bildirirlər. Qanunun hələ müzakirə mərhələsində olduğu vaxtlarda gürcü müxalifətinin təşkil etdiyi mitinqlərdə, konkret olaraq may ayında Avropa İttifaqına üzv olan Litva, Estoniya, İslandiya və Latviyanın xarici işlər nazirlərinin iştirak etməsi də Qərbin açıq-aşkar təzyiqlərinin göstəricisi idi. Lakin Gürcüstan hakimiyyəti geri çəkilməyərək sözügüdən qanunu qəbul etdi. Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxılacağı və sanksiyaların tətbiqi ilə hədələyib. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də, Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib.
ABŞ-da da Gürcüstana qarşı “cəza” tədbirlərinə başlanıb. Belə ki, iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Konqresin Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.
Bütün bunların fonunda Gürcüstan hakimiyyəti dövlət maraqlarını qorumaq naminə Qərbə dirəniş göstərməkdədir. Qarşıdan gələn parlament seçkiləri isə gələcək proseslərə aydınlıq gətirə bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Dekabr 15:52
Dünya
13 Dekabr 15:48
Sosial
13 Dekabr 15:46
Sosial
13 Dekabr 15:45
Dünya
13 Dekabr 15:41
Sosial
13 Dekabr 15:20
Yeni texnologiyalar
13 Dekabr 15:05
Sosial
13 Dekabr 14:37
Sosial
13 Dekabr 14:28
Dünya
13 Dekabr 14:12
Xəbər lenti
13 Dekabr 14:12
Siyasət
13 Dekabr 14:01
Siyasət
13 Dekabr 13:18
Sosial
13 Dekabr 12:37
Sosial
13 Dekabr 12:35
İqtisadiyyat
13 Dekabr 12:18
Sosial
13 Dekabr 12:14
İdman
13 Dekabr 12:08
Sosial
13 Dekabr 12:00
Dünya
13 Dekabr 11:41
YAP xəbərləri
13 Dekabr 11:26
Siyasət
13 Dekabr 11:16
Elm
13 Dekabr 10:58
Siyasət
13 Dekabr 10:57
Sosial
13 Dekabr 10:49
Siyasət
13 Dekabr 10:48
Siyasət
13 Dekabr 10:41
MEDİA
13 Dekabr 10:25
Sosial
13 Dekabr 10:15
Hadisə
13 Dekabr 10:15
İqtisadiyyat
13 Dekabr 10:14
İqtisadiyyat
13 Dekabr 10:11
İqtisadiyyat
13 Dekabr 09:52
Siyasət
13 Dekabr 09:36
Analitik
13 Dekabr 09:14
Ədəbiyyat
13 Dekabr 08:51
Analitik
13 Dekabr 08:34
Dünya
13 Dekabr 08:12
Xəbər lenti
12 Dekabr 23:45
Xəbər lenti
12 Dekabr 23:39
Elm
12 Dekabr 23:12
Hərbi
12 Dekabr 22:58
Xəbər lenti
12 Dekabr 22:37
İdman
12 Dekabr 22:15
İqtisadiyyat
12 Dekabr 21:54
Xəbər lenti
12 Dekabr 21:34
Xəbər lenti
12 Dekabr 21:12
Xəbər lenti
12 Dekabr 20:58
Sosial
12 Dekabr 20:32
Elm
12 Dekabr 20:17
İdman
12 Dekabr 19:52
MEDİA
12 Dekabr 19:35
İqtisadiyyat
12 Dekabr 19:14
Sosial
12 Dekabr 18:46
Xəbər lenti
12 Dekabr 18:41
Xəbər lenti
12 Dekabr 18:23
YAP xəbərləri
12 Dekabr 17:25
YAP xəbərləri
12 Dekabr 17:24
YAP xəbərləri
12 Dekabr 17:23
Sosial
12 Dekabr 17:13
Siyasət
12 Dekabr 16:37
YAP xəbərləri
12 Dekabr 16:30
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:23
YAP xəbərləri
12 Dekabr 16:09
Hərbi
12 Dekabr 15:44
YAP xəbərləri
12 Dekabr 15:41
Xəbər lenti
12 Dekabr 15:39
YAP xəbərləri
12 Dekabr 15:37