Etibarlı və strateji tərəfdaş...
05.07.2023 [11:31]
Azərbaycan - ABŞ əlaqələri dostluq və əməkdaşlıq zəminində dinamik inkişafa malikdir
Prezident İlham Əliyev ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydenə məktub ünvanlayıb
Müstəqil Azərbaycan dövlətinin milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu beynəlxalq aləm tərəfindən müsbət qarşılanır. Bunun nəticəsidir ki, Azərbaycan bütün platformalarda yaxın tərəfdaş, inamlı əməkdaş kimi qəbul edilir. Eyni zamanda, ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Ölkəmizin xoş mərama əsaslanaraq irəli sürdüyü təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Hər zaman ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu çoxşaxəli fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı məktub da bunun bariz sübutudur.
Səmərəli birgə işimiz, geniş spektrdə qarşılıqlı fəaliyyətimiz…
ABŞ-ın Azərbaycanla son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri xüsusi qeyd edilməlidir. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Prezident İlham Əliyev məktubunda bildirib ki, Azərbaycan ilə ABŞ arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir".
Qeyd edildiyi kimi, ABŞ ilə Azərbaycan arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaş hesab edilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti Cozef Bayden və digər rəsmi şəxslər də Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycan - ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini isə hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş…
Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xəttləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir – bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq – Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır.
Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Prezident İlham Əliyev məktubunda bildirib ki, enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləyib: "Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk".
Ölkəmizin enerji ixracatçısı qismində rolunun daha da effektiv hal alması genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqunun prioritetliyini daha da aktuallaşdırıb. Avropada artan geosiyasi gərginliklər səbəbindən köhnə qitənin qarşılaşdığı enerji təhlükəsi ötən dövr ərzində bəlli səviyyəyə gəlib çatıb. Avropa İttifaqına üzv dövlətlər isə qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan bu ehtiyacın qarşılanması üçün geniş imkanlara sahibdir.
ABŞ-ın səyləri yüksək qiymətləndirilir
Azərbaycan hər zaman qanunun aliliyi prinsipinə hörmətlə yanaşıb və bu prinsipə sadiqlik nümayiş etdirib. ABŞ-ın Azərbaycan ilə yaxın tərəfdaş qismində əlaqələrin inkişafında maraqlı olmasının ən əsas amillərindən biri ölkəmizin hətta ən ağır günlərində belə beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara əsaslanmasıdır. 30 ilə yaxın işğala məruz qalan ölkə olmasına baxmayaraq Azərbaycan hər zaman sülhü və ədaləti dəstəkləyib, beynəlxalq hüququn kodekslərindən kənara çıxmayıb. Hətta 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti, Azərbaycan Prezidenti bütün addımlarında beynəlxalq hüququ əsas tutaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu amil isə mövqeyimizin bütün dünya ölkələri tərəfindən dəstəklənməsində əsaslı rol oynadı.
İndiki halda, Ağ Ev həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesi diqqət mərkəzində saxlayır. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Son aylarda Vaşinqtonda Ermənistan ilə Azərbaycan arasında baş tutan danışıqlar prosesinin müsbət impulsla yekunlaşması, Brüssel prosesinin mühüm nəticələrə yol aça biləcək məqamlarla yadda qalması çox şeydən xəbər verir. ABŞ tərəflər arasında birbaşa dialoq təşəbbüsü irəli sürür və danışıqların bu istiqamətdə inkişafını arzulayır.
Prezident İlham Əliyev məktubunda bu məqama toxunaraq vurğulayıb ki, hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşıb: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk".
Azərbaycan-ABŞ münasibətləri yeni mərhələdə…
Ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir və ölkəmizin böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış etdiyini hər zaman vurğulayır. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə hər iki tərəfin maraqlı olduğunu sübut edir. ABŞ Prezidenti Baydenin ötən dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda bu məqam xüsusi yer alır. Bu isə onu deməyə əsas verir ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur - indiki dövrdə yaranan mühüm perspektivlər də göz önündədir. Belə ki:
- Azərbaycanın apardığı siyasət ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır;
- ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib;
- Enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edir;
- Qarşıdakı perspektivdə regionda sülhün formalaşması yeni iqtisadi mühitin formalaşmasına yol açacaq ki, ABŞ bu əməkdaşlıq mühitində real oyunçulardan birinə çevrilə bilər.
Prezident İlham Əliyev məktubunda bildirib ki, bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik: "Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32

