Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İran - “Avropa üçlüyü” danışıqları bərpa edilir

İran - “Avropa üçlüyü” danışıqları bərpa edilir

22.07.2025 [09:43]

Tərəflərin görüş yeri İstanbul olacaq

İranın nüvə proqramı ilə bağlı beynəlxalq müstəvidə müzakirələr davam etdirilir. İran və “Avropa üçlüyü” danışıqların iyulun 25-də Türkiyənin İstanbul şəhərində keçirilməsinə dair razılığa gəliblər. İran dövlət televiziyasının xəbərinə görə, 2015-ci il nüvə sazişinin avropalı iştirakçılarının (Böyük Britaniya, Fransa, Almaniya) tələbi ilə İran yeni danışıqlar turunu qəbul edib. Cümə günü İstanbulda xarici işlər üzrə nazir müavinləri səviyyəsində keçiriləcək nüvə danışıqlarında İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevançi və Kazım Qaribabadi təmsil edəcəklər.

İran zəmanət tələb edir

Qeyd edək ki, 2025-ci ilin aprelindən başlayaraq İran və ABŞ Tehranın nüvə proqramı ətrafında yaranan vəziyyətin həlli üçün danışıqlar aparırdılar. Tərəflər Omanın vasitəçiliyi ilə yeni razılaşma əldə etmək üçün bir neçə cəhd göstərib, lakin uranın zənginləşdirilməsi məsələsindəki fikir ayrılıqları səbəbindən proses dalana dirənib. Danışıqların növbəti raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməli olsa da, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar səbəbindən baş tutmayıb. Dialoqdan imtina etmədiyini bir daha bəyan edən Tehran bunun üçün ABŞ-dan təcavüzün təkrarlanmaması ilə bağlı zəmanət tələb edib.

Belə bir şəraitdə “Avropa üçlüyü” adlandrılan Böyük Britaniya, Almaniya və Fransa təşəbbüslər ortaya qoyur. Xatırladaq ki, iyunun 20-də İsveçrənin Cenevrə şəhərində Britaniya, Fransa, Almaniya və İran XİN rəhbərləri arasında görüş keçirilmişdi. Görüşdə əsasən nüvə proqramı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Lakin həmin görüş nəticəsiz başa çatıb. İran KİV-nin məlumatına görə, Avropa İrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb edib, İran isə bunu rədd edib. İranın XİN rəhbəri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirmişdi ki, rəsmi Tehran uranın zənginləşdirilməsini azaltmağa və nüvə obyektləri üzərində beynəlxalq nəzarəti müzakirə etməyə hazırdır, amma nüvə proqramından imtina və ya ballistik raket istehsalını dayandırmaqla bağlı tələbləri qəbul etməyəcək.

Almaniya yeni sanksiyalarla hədələyir

İstanbul görüşü ərəfəsində isə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Qərb İranla nüvə mübahisəsində Tehran hakimiyyətinə qarşı sanksiyaların yenidən tətbiqi məsələsini qüvvədə saxlayır.  “İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin təhlükəsizlik maraqlarını nəzərə alan, davamlı və yoxlanıla bilən diplomatik həllə ehtiyac var. Əgər belə bir həll yay aylarında əldə olunmazsa, mövcud sanksiya mexanizminə əsasən, “Snapback” (sanksiyaların avtomatik bərpası) E3 ölkələri - Almaniya, Fransa və Böyük Britaniya üçün bir seçim olaraq qalır”, - deyə XİN nümayəndəsi qeyd edib. Bu məsələ ilə bağlı 3 ölkənin hökumətləri arasında sıx koordinasiyanın aparıldığını vurğulayan sözçü deyib: “İran heç vaxt nüvə silahına sahib olmamalıdır”.

Görünür, ABŞ-ın bombardmanlarından sonra Tehranın sərgilədiyi mövqe Avropa ölkələrini proseslərə müdaxilə etməyə sövq edib. Yeri gəlmişkən, İran parlamenti ABŞ-la nüvə proqramı üzrə danışıqların yenidən başlaması üçün əvvəlcədən müəyyən edilmiş şərtlərin irəli sürülməsini vacib hesab edir. “ABŞ danışıqları İranı aldatmaq və İsrailin həyata keçirdiyi hücumu informasiya pərdəsi ilə ört-basdır etmək üçün aparıb. Bu səbəbdən danışıqları əvvəlki şərtlərlə aparmaq mümkün deyil. Danışıqlara yalnız əvvəlcədən irəli sürülən şərtlər yerinə yetirildikdən sonra başlamaq olar”, - deyə İran parlamentinin bəyanatında bildirilib.

ABŞ Müdafiə Nazirliyinin hərbi təhlükələrin azaldılması agentliyi isə iyunun 22-də GBU-57 tipli bunker əleyhinə bombaların İranın nüvə obyektlərini tam məhv etməsi ilə bağlı dəqiq sübutlara malik deyil. “Associated Press” agentliyi bu barədə qurumun iki yüksəkvəzifəli əməkdaşına istinadla məlumat yayıb. Bildirilir ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra bombaların nüvə obyektlərinin yerləşdiyi dərinliyə tam nüfuz edib-etmədiyi ilə bağlı agentlikdə qəti əminlik yoxdur. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, əməliyyatın uğurla nəticələndiyini sübut edən etibarlı məlumatlar hələlik əldə olunmayıb.

İran bütün potensialından istifadə etmir?

Qeyd edək ki, bir müddət öncə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi CBS telekanalına müsahibəsində İranın nüvə proqramının bir sıra komponentlərini qoruduğunu və bir neçə ay ərzində uranın zənginləşdirilməsinə yenidən başlaya biləcəyini deyib. O, həmçinin “Fordo”, “Natanz” və İsfahandakı müəssisələrdə uranın emalı və zənginləşdirilməsi imkanlarının qismən məhv edildiyinə baxmayaraq, tamamilə sıradan çıxarılmadığını vurğulayıb.

Bütün bunların fonunda İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 faizdən yuxarı zənginləşdirməyə başlaya bilər. Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər. İ.Rezai qeyd edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq haqqında əlavə protokolun icrasını könüllü olaraq dayandırıb: “Lakin ölkə hələ də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə üzvlüyünü saxlayır, ancaq davam edən xarici təzyiq İranın siyasətində dəyişikliyə səbəb ola bilər. Təzyiq İranı müqavilədən çıxmağı, uranı 60 faizdən yuxarı zənginləşdirməyi, nüvə əməkdaşlığının genişləndirilməsini nəzərdən keçirməyə məcbur edəcək”.

Belə bir şəraitdə İranla “Avropa üçlüyü” arasında İstanbulda keçiriləcək görüş mövcud gərginliyi bir qədər azalda bilər.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30