Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Banjul Sammitində ilk...

Banjul Sammitində ilk...

09.05.2024 [10:25]

İƏT-dən Qərbi azərbaycanlıların qayıdışına dəstək

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Ermənistanda isə məsələ “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.

Məlumdur ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb və İcma soydaşlarımızın hüquqlarının bərpası istiqamətində ardıcıl fəaliyyət göstərir. Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq müstəviyə çıxarılması isə prosesdə çox önəmli amildir. Demək olar ki, dünyanın bir çox dövlət və qurumlarına müraciətlər ünvanlanıb, bəyanatlar səslənib. Təsadüfi deyil ki, indiyədək Qərbi Azərbaycan İcmasının səkkiz sənədi artıq BMT-nin rəsmi sənədi kimi təşkilatın bütün rəsmi dillərində və quruma üzv olan bütün dövlətlər arasında yayılıb. Bu, dünya ictimaiyyətinin diqqətini Qərbi Azərbaycan həqiqətlərinə cəlb etmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa, Qərbi Azərbaycan İcması nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər edib. BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-nun rəhbərinə müraciətlər buna nümunədir. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və UNESCO-nun Baş katibi Qərbi Azərbaycan İcmasının müraciətinə cavab verib.

Bu istiqamətdə daha bir mühüm nailiyyət mayın 4-də  Qambiyanın Banjul şəhərində keçirilən  İslam Əməkdaşlıq Təşkilatının  15-ci İslam Sammitində əldə olunub. Xatırladaq ki, sammitdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı Cənubi Qafqazda mövcud vəziyyət barədə məlumat verib. Ermənistanın işğalçı siyasəti dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırladan nazir Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb. C.Bayramov postmünaqişə dövründə mövcud regional vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər barədə ətraflı məlumat verib.

Sammitin sonunda qəbul olunmuş Yekun Kommunike də ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, sənəddə keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub. Yekun Kommunikedə Ermənistandakı İslam irsi barədə də məqamlar yer alıb.

İƏT-in sammitinin yekun sənədində bu məsələnin əksini tapması beynəlxalq təşkilatlar müstəvisində bir ilkdir. Yəni indiyə qədər hansısa beynəlxalq təşkilatın sənədlərində Qərbi azərbaycanlıların qayıdışı məsələsi qeyd olunmur. İƏT-in Qambiyada keçirilən sammitinin yekun sənədində əksini tapan bu fakt deməyə əsas verir ki, gələcəkdə digər beynəlxalq qurumlarda da Qərbi azərbaycanlıların qayıdışına dəstək verilsin. Bu baxımdan, İƏT-in Banjul Sammitində qəbul edilmiş sənəd ciddi əsas rolunu oynayacaq.

Nəzərə alaq ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanət məsələsi də əksini tapır. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. “İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. Bu baxımdan, qayıdışın məsələsinin beynəlxalq təşkilatlar müstəvisinə çıxırarılması böyük əhəmiyyət kəsb edir.

NARDAR

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31