Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyevin həyat amalının təntənəsi - Müasir Azərbaycan

Heydər Əliyevin həyat amalının təntənəsi - Müasir Azərbaycan

28.11.2023 [10:25]

2023-cü il harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının yaddaşında, çoxəsrlik tariximizdə qürurla qeyd edəcəyimiz bir il kimi qalacaq. Bu qürura əsas verən dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və il çərçivəsində Ümummilli Liderin  fəaliyyətinin yeni sahələrinin araşdırılması nəticəsində   elmi məqalələrin yazılması,  nəşrlərin çap edilməsi, gələcək nəsillər üçün zəngin mənbənin yaradılmasıdır. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri daim təhlil edilir, indiki və gələcək nəsillərə çatdırılır. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.  Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edildi. 18 istiqaməti özündə ehtiva edən Tədbirlər Planı dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş mənzərəsini təqdim edir. Təbii ki, Ümummilli Liderin siyasi portretini, ideal lider obrazını, milyonlarla dünya azərbaycanlılarının qürurlu ünvanı, sağlığında əfsanəyə çevrilən, həyatının hər bir məqamı örnək olan dövlət xadimi kimi təhlilini bir yazıda əhatə etmək qeyri-mümkündür. Dahi şəxsiyyətin Azərbaycanı daim zəfərlərə aparan milli inkişaf konsepsiyası mütərrəqqi irəliləyişin Azərbaycan modeli kimi təqdim edilir.

Ulu Öndərin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, sovet hakimiyyəti illərində Onun fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Azərbaycanın bu günü üçün iqtisadi, siyasi, sosial, elmi, hərbi, mədəni potensial məhz o illərdə yaradılmışdır. Həmin illərdə xalqımızın şüurunda azərbaycançılıq ideyası əbədilik həkk olunmuşdur.

Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın bu günündən dünəninə nəzər saldıqda lider amilinin hər bir ölkənin həyatında oynadığı böyük və əhəmiyyətli rol özünü aydın şəkildə nümayiş etdirir. Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı yenidən qurdu. Müstəqiliyimizin bərpasının ilk illərində ölkəyə idarəçilik təcrübəsi olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərb?ycanı böyük faciələrlə, təhlükələrlə üz-üzə qoymuşdur. Ölkədə ictimai-siyasi durum olduqca gərgin idi. Hər bir sahədə uğursuzluqlar, torpaqlarımızın mənfur düşmən tərəfindən işğalı xalqımızın sabaha ümidini itirmişdi. Belə çətin məqamda xalq ayağa qalxdı, xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Hər zaman xalqının yanında olan, Azərbaycanı zirvələrdə görmək istəyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın düşdüyü vəziyyətə biganə qala bilməzdi. Onun xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın, Azərbaycan xalqının həyatında yeni bir mərhələnin əsasını qoydu. Çoxəsrlik tariximizin Heydər Əliyev dövrü Azərbaycanın bu günü və gələcəyi üçün yaradılan möhkəm təməl ilə xarakterizə edilir.  

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə, onun hüdudlarından kənarda böyük rəğbət hissi ilə qeyd edilir, Azərbaycanı zirvələrə aparan siyasətin müəllifi kimi zamana sığmayan xidmətləri, gördüyü işlər ölkə və dünya ictimaiyyətinə çatdırılır. Dünya siyasətçilərinin Ümummilli Lider Heydər Əliyev haqqında söylədikləri fikirlərə diqqət yetirsək, bu məqamların xüsusi vurğulandığını görərik. Qeyd edirlər ki, bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna çıxardı. Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Ümummilli Lideri tanıdıqları üçün özlərini xoşbəxt hiss edirlər. O da bildirilir ki, Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaq. Onun dəyərli töhfələri ilə başlanmış layihələr ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Bu münasibətlər sarsılmaz təməllər üzərində qurulduğu üçün uğurla davam edir.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. 

Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi qərarlarla, həyata keçirdiyi quruculuq tədbirləri ilə, ən əsası gələcəkdə Azərbaycanın müstəqilliyə qovuşacağını nəzərə alaraq atdığı digər məqsədyönlü addımları ilə özünün Ümummili Lider obrazını yaratmış, tarix isə dahi şəxsiyyətin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Əvvəldə də qeyd etdiyimiz kimi, hakimiyyətinin birinci dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi imkanları genişləndi. İllər boyu bu istiqamətdə formalaşdırılan potensial ötən əsrin sonlarına doğru müstəqil Azərbaycan dövlətinin yaranmasında təzahür etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü əsasən Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, indiki dövrdə Azərbaycanın dövlət suverenliyi, iqtisadi müstəqilliyi, xarici siyasəti, iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi, dünya iqtisadiyyatına daha dərin  inteqrasiya prosesi 1970-1980-ci illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini daimi və əbədi edərək bugünkü uğurlarımız üçün möhkəm təməl yaratdı. Torpaqlarımızın işğaldan azad edilməsinə gedən yol günbəgün yaxınlaşdı, xalqımız gec-tez tarixi ədalətin qələbə çalacağına böyük inamla yanaşdı. Ümummilli Lider sabitliyi və iqtisadi tərəqqini hər bir ölkənin dayanıqlı inkişafında vacib faktor kimi önə çəkdi. Bildirmişdir ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihədən söhbət gedə bilməz. Eyni zamanda, bu mühüm çağırışı da etmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu Öndərin iqtisadiyyatın inkişaf etdirilməsində neft amilinə verdiyi önəm Onun uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan xalqının ən böyük arzularından biri təbii sərvətlərinin əsil sahibinə çevrilmək idi. Ümummilli Lider xalqımıza bu sevinci yaşatdı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın nüfuzu daha da artdı, iqtisadi mövqeyi möhkəmləndi. Ulu Pndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft erası başlandı. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təmin edildi, dünya iqtisadi sisteminə inteqrasiyası sürətləndi. Ümummilli ?ider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının ayrılmaz hissəsi olan Dövlət Neft Fondunun yaradılmasının əsasında xalqımızın milli sərvəti olan neftdən gələn gəlirlərin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi dayanır. Bu ideya Ümummilli Lider Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur” çağırışında aydın ifadəsini tapıb.  Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondu Ulu Öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradıldı. Burada yığılan vəsait hələ bir neçə nəsil Azərbaycan vətəndaşlarının rifahına xidmət edəcək. Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamızın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi məhz Ümummilli Liderin xidmətləridir. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiyası, milli ordumuzun formalaşması və Cənubi Qafqazda aparıcı hərbi qüvvəyə çevrilməsi, ana dilimizin dövlət dili kimi tətbiqi, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsi, mədəniyyətimizin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin məntiqi nəticəsidir. Ümummilli Liderin rəhbərliyi ilə milli maraqlara əsaslanan xarici siyasət kursu müəyyənləşdirildi. Ulu Öndər Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtdı. Dahi şəxsiyyət Heydər Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir ideya-azərbaycançılıq ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin təşəbbüsü və Sərəncamı əsasında 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu birliyin, həmrəyliyin təminatında öz sözünü dedi. Bu günümüzün qürurlu hadisələrindən biri dünya azərbaycanlılarının tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda ötən il Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirmələri oldu. Bu məkandan bir daha birliyimizi, həmrəyliyimizi dünyaya çatdıran dünya azərbaycanlıları postmünaqişə dövründə qarşıda dayanan vəzifələrini müzakirə etdilər.

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilir. Bu müraciət Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyev həmin müraciətdə cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işlərin, planların Onun axıra çatdıra biləcəyinə əminliyini ifadə etdi. Təbii ki, əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı idi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Liderə belə bir müraciəti etdi ki, Sizin yolunuzu davam etdirəcək, əsəriniz olan müasir müstəqil Azərbaycanı zəfərlərə doğru aparacağam.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 20 ilin hesabatını oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaldaraq verdi. Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, verilən vədlər, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirildi.

20 il bundan öncə xalqa bu vəd verilmişdir ki, torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu hədəfin reallığa çevrilməsinin təqdimatı oldu. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, son üç ili isə bu ərazilərimizin düşmən tapdağından azad edilməsindən sonra bərpası və yenidən qurulması işlərinə həsr edilib. 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın suverenliyini tam təmin etdi. Sentyabrın

19-da həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində bu istəyimizə də nail olduq.  Heydər Əliyev siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı İlham

Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Günəş kimi dünyaya doğan Azərbaycan Prezident İlham Əliyevin təkmil siyasəti ilə tarixinin Zəfər səhifəsini yazdı. Adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizin qəhrəmanlarından böyük qürur hissi ilə danışır. Şəhidlərimiz qanları, canları ilə torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Onlar bu Zəfər səhifəsini yazmaqla torpaq, Vətən sevgilərini təsdiqlədilər. 8 noyabr-Zəfər Günündə keçirilən hərbi paradda Müzəffər Ali Baş Komandan

İlham Əliyev bir daha bu çağırışı etdi: “Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Yəni, hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.”  

Bu gün Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımızın qayıdış ünvanları biri-birini əvəzləyir. Tezliklə Böyük Qayıdış Proqramının icrası uğurla başa çatacaq, soydaşlarımız tam şəkildə bu torpaqlara qayıdacaq və yeni həyat başlayacaq.

Azərbaycanın hər bir uğurunda payı olan, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Böyük Qayıdış Proqramının icrasına öz töhfəsini verir. Tarixi Zəfərimizin reallıqları əsasında yeni Proqramı təsdiqlənən YAP “Biz birlikdə güclüyük!” çağırışı ilə qarşısına mühüm hədəflər qoyub. Adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Hər bir partiya üzvü Heydər Əliyev ideyalarının, Onun layiqli davamçısı cənab İlham Əliyevin təkmil siyasətinin uğurlarının təbliğatçısı olmaqdan qürur hissi keçirir. Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP daim zəfərlərə doğru addımlayır. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın qurultayında böyük əminliklə qeyd etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Keçilən yolun qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasına möhtəşəm uğurlar qazandıracaq. Nə qədər ki Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir.

Habil Qurbanov,

YAP Zaqatala rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31