Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq səyyahların gözü ilə...

Beynəlxalq səyyahların gözü ilə...

05.11.2023 [11:41]

Qarabağ və Şərqi Zəngəzura 9-cu səfər

Y.SAHİB

İşğal altında olan ərazilərimiz azad olunduqdan sonra həmin yerləri görmək istəyən tanınmış səyyahların sayı gündən-günə artır. Artıq indiyə kimi çoxsaylı məşhur blogger və səyyahlar Qarabağı görmək imkanı qazanıblar. Onlar azad olunan rayonlara səfər edərək orada törədilən erməni vandalizmini öz gözləri ilə görürlər. Bu, həm də misli görünməmiş dağıntılara məruz qalan ərazilərimizin bütün dünyada tanıdılması üçün böyük əhəmiyyətə malikdir.

Belə səfərlər vasitəsilə dünya ictimaiyyətininin diqqətini işğaldan azad olnmuş ərazilərdə törədilən vəhşiliklərə yönəltmək mümkün olur. Səyyahlar həm də Qarabağda aparılan sürətli bərpa və quruculuq işləri ilə tanış olurlar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla, ermənilərin hansı xislətə malik olduqlarını görürlər. Səyyahların Qarabağa səfər etməsi bölgənin turizm potensialnın da dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyətə malikdir.

26 ölkədən 50-yə yaxın səyyah...

Dünən dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Səyyahlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək. Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alıb. Qrupa “NomadMania” klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edib.

Səyyahlar Cıdır düzündə...

Beynəlxalq səyyahların Zəfər günü ərəfəsində təşkil olunmuş səfər çərçivəsində Şuşa şəhəri ilə tanışlığa başlayıb. Səyyahlar Şuşa qalası ilə tanış olublar. Burada onlara qalanın tarixi və əhəmiyyəti barədə məlumat verilib.

Daha sonra beynəlxalq səyyahlar Cıdır düzünə qalxıblar. Bu, səyyahların Şuşa şəhərində son dayanacaqları olub. Burada onlara İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsinə dair məlumatlar verilib.

Azərbaycanlıları yaxşı başa düşürəm...

Ukraynalı səyyah Orest Zub jurnalistlərə açıqlamasında Şuşaya ikinci səfəri olduğunu deyib. Səyyah bildirib ki, buradakı yenidənqurma və bərpa prosesləri onu valeh edib: “Şuşada tikinti-quruculuq işləri çox sürətli gedir. Bu məni həm təəccübləndirdi, həm də valeh etdi. İşğaldan azad olunmuş ərazilərdə mina problemi hələ də qalmaqdadır. Bu cinayətə beynəlxalq təşkilatlar reaksiya verməlidirlər. Çünki azad olunmuş ərazilərin böyük turizm potensialı var. Minalardan təmizlənmə sürətli getməlidir. Bu, həm də azad edilmiş ərazilərə geri qayıdışı daha da sürətləndirəcək.

Mən ukraynalıyam. Bu gün ölkəmiz dünyada minalarla çirklənən ölkələrdəndir. Ona görə azərbaycanlıları və törədilən faciələri yaxşı başa düşürəm”.

Qonaqpərvərliyə görə minnətdarıq...

ABŞ-dan gəlmiş səyyah Brayan Qreko da səfərlə bağlı təəssüratlarını bölüşüb: “Qarabağa səfər zamanı yeni hava limanı ilə tanış olduq və tikintinin sürətlə aparıldığını gördük. Həmçinin dövlətin bu ərazilərdə quruculuq işləri həyata keçirməsinin şahidi olduq. Bunlar yalnız ölkənin insanları üçün deyil, bütün region üçün faydalı olacaq. Düşünürəm ki, bu infrastrukturlara yatırım etmək gələcək, sülh və rifah üçün böyük uğur gətirəcək.

Artıq bir neçə ildir ki, Türkiyədə yaşayıram. Orada yalnız türk xalqının mədəniyyəti ilə deyil, Azərbaycan xalqı ilə də yaxından tanış olmuşam. Burada qarşılaşdığımız qonaqpərvərliyə görə minnətdarıq. Əldə olunan nailiyyətlər bütün Türk dünyası xalqları üçün qürur mənbəyidir”.

İndiyədək 300-dən çox səyyah...

Səfərin təşkilatçısı səyyah Mehrac Mahmudov bildirib ki, 26 ölkədən olan 50 nəfərə yaxın tanınmış səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfəri Şuşadan başlayıb: “Məqsədimiz səyyahlar vasitəsilə dünyaya işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri barədə məlumat verməkdir. Biz həm də işğaldan azad olunmuş ərazilərin turizm potensialını göstərməyə çalışırıq. İndiyədək 300-dən çox səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib”.

M.Mahmudov onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə gələn səyyahların əksəriyyəti zəngin insanlardır və onlar bölgəyə sərmayə yatırmaqda maraqlıdırlar: “Hazırda aidiyyəti qurumlarla bəzi səyyahlar arasında bu istiqamətdə danışıqlar getməkdədir”.

9-cu səfər...

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - “ETIC”, “MTP”, “TCC”, “NomadMania” kimi klubların üzvü olan beynəlxalq səyyahların sayca 9-cu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, digər dördü isə 2023-cü ildə reallaşıb. Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün də müstəsna əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31