Duanı kin çılğınına döndərən bu adamlar dinə haqsızlıq edirlər
02.11.2022 [10:49]
1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:
Fərəh Pəhləvi
Xatirələr
Yıxılan rejimin və bitməyən eşqin hekayəsi
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Əvvəli ötən sayımızda...
Tarixin zalım olduğu əvvəlcədən təxmin edilməyəcək həqiqət olsa da, bu mənim əzabımı heç cür azaltmır. General Əzharinin hökumət başçısı təyin edilməsinin dərhal xeyirli təsiri də oldu. Abadandakı müəssisələr yenidən işləməyə başladılar, nümayişlər möcüzəli şəkildə başa çatdı və Tehran küçələri az-çox yenə əvvəlki görünüşünə qayıtdı. Ayətullah Xomeyninin noyabrın 12-də keçirilməsini əmr elədiyi başlıca tətil uğursuzluğa düçar oldu. Buna baxmayaraq, o qorxunc həftələrdə bu din adamının adamlar üzərində təsirinin nə qədər təhlükəli olduğunu ölçə bildim. (1978-ci il noyabrın 18-də yanımda qızım Fərəhnaz və oğlum Əli Rza böyük Ayətullah Xomeyni ilə görüşmək üçün İraqa, şiələr tərəfindən müqəddəs sayılan iki şəhərə - Kərbəla və Nəcəfə səfərə çıxdım. Ayətullah Xomeyninin şiə kütləsi üzərində təsiri böyük idi. Mənimlə çox təvazökarlıqla yaşadığı kiçik otağında görüşdü və üzərində dualar yazılmış qırmızı əqiq daşlı üzüyü Şaha çatdırmaq üçün mənə verdi. Şah üçün, onun İslama və İrana xidmətində uğur qazanması üçün dua eləyəcəyini ərimə söyləməyimi istədi.) Mollaların mübarizəsinə qoşulan iki gənc əsgər - çavuş Abidi və Salamatbaxış bir gün yeməkxanada olan bir qrup zabitə atəş açdılar. Mənə aralarından çoxunun ağır yaralı olduğu bildirildi (on üç ölü və otuz altı yaralı varıydı.). Kömək eləmək üçün dərhal hadisə yerinə getdim və əlimdən gəldiyi qədər yaralılara cəsarət verməyə çalışdım. Mənzərə insanı alt-üst eləyirdi. Xüsusilə, yaralılardan soyuyan əlindən tutduğum və bir neçə saat sonra ölən zabitin baxışındakı nəcibliyi unuda bilmirəm... Atəş açanlar öldürüldülər.
Sonralar mənə Salamatbaxışın sui-qəsddən əvvəl arvadına müraciətlə yazdığı məktubun surətini gətirdilər. “Bunu Ayətullah Xomeyninin əmrini yerinə yetirmək üçün elədim və düz cənnətə gedəcəyəm, - yazırdı və əlavə eləyirdi: - Amma sən fikir eləmə, hurilərə baxmayacağam, səni o biri dünyada gözləyəcəyəm”. Yenə eyni dövrdə müxalifətin Şah üsul-idarəsinə tərəfdar olan (yüksək rütbəli zabit, iş adamı, siyasətçi) yüzə qədər adamın adının və hər birinin ölkədən xaricə çıxardıqlarını iddia elədikləri pul miqdarının yazıldığı siyahını dərc eləyib, sadə və sadəlövh vətəndaşları öz sıralarına çəkdikləri qətiydi. Siyahıda göstərilən rəqəmlərin hamısı heç bir əsası olmayan, xəyali rəqəmləriydi, amma ehtirasları alovlandırmağa bəs elədi. Adamları zəhərləmək üçün uydurulan bu yeni böhtanın təsirinin qarşısını vaxt itirmədən almaq məqsədiylə yeni baş nazir siyahıda adı olan şəxslərin ölkədən çıxmalarına qadağa qoydu. Amma bu qadağa küyə getmək, tamam yalandan ibarət olan dedi-qodulara etibar eləmək demək idi və axırıncı təbii ki, yıxıcı oldu. (Eyni yalan zənciri içərisində bir gün kaset ortaya çıxdı; bu kasetdə Şah hərbi məsləhətçiləriylə apardığı yığıncaq vaxtı xalqa atəş açmaq və bundan başqa İsrail üçün əlavə neft ayırmaq əmrini verirdi. Bu kaseti mən özüm dinlədim: Şahın səsini mükəmməl şəkildə təqlid eləyən bir nəfər həmin cümlələri deyirdi, gerisi ərimin həqiqətən verdiyi rəsmi göstərişlərdən ibarətiydi. Kaseti ekspertizadan keçirilməsi üçün Amerikadakı laboratoriyaya göndərdik, montaj olduğu sübutlarıyla ortaya çıxanda, iş-işdən keçmişdi.) General Əzharinin vəzifə başına keçməsindən sonra yaranan sakitlik dövrü qısa sürdü. Matəm ayı olan Məhərrəm ayının əvvəlində, dekabrın 3-də ölkədə hadisələr yenidən alovlandı. Ayətullah Xomeyni sığındığı Neauphle - le - Chatean-dan kasetlərə yazdırdığı alovlu nitqləriylə bütün İrana sel kimi yayılmışdı. (Xomeyninin ixtiyarında bir çox telefon xətti varıydı. Parisdə lentə alınan nitqləri ya Air Franse yoluyla, ya da Şərqi Almaniya üzərindən Tehrana çatırdı.) Artıq minlərlə evdə bu inadkar adamın yeni islami quruluş qurulana qədər hər şeyi yandırıb-yaxmaq barədə çağırışları həqiqətən, ilahi səs kimi, böyük diqqətlə dillənirdi. Ayətullahın müəyyən elədiyi axşamlar, saat düz iyirmidə adamlar evlərinin damlarına çıxıb, hamısı bir ağızdan “Allahü-əkbər!” bağırmağa başladılar.
Bu duanın çox kiçik yaşlarımdan bəri mənim qəlbimi rahatlayan təsiri varıydı, ona görə də indi savaşa çağıran, narahatlıq doğuran mənayla yükləndiyini düşünürdüm və eşidəndə, qanım donurdu. Öz-özümə “bunu bacaran adamlar, duanı kin çılğınına döndərən bu adamlar dinə haqsızlıq eləyirlər,” - düşündüm.
İmam Hüseynin qətlə yetirilməsinin ildönümü olan 10 və 11 dekabrda Tasua və Aşura günləri münasibətiylə Ayətullah Xomeyni hamını bütün ölkədə nümayişlər keçirməyə çağırdı. Yenə də bu çağırışın qarşısının necə alınması məsələsi ortaya çıxdı. Fövqəladə vəziyyət rejimi qüvvədə olduğundan, general Üveysi üsyançıların küçələrdə nümayiş keçirilmələrinə qadağa qoymağı israr elədi. Lazım gəldiyi təqdirdə zor işlətməyə hazır olduğunu söylədi. Bunu öz etik anlayışına uyğun saymayan ərim generalın təklifini rədd elədi. Beləcə, ordu Tehranın mərkəzindən tanklarını çəkdi, yalnız inzibati binaların ətrafında az qüvvələr qoydu. Kütləvi nümayişçilər qrupu şəhəri tutub, iki gün ərzində hamısı bir ağızdan Şah üsul-idarəsinin devrilməsi barədə şüarlar söylədilər. İlk dəfə üsyançıların İslam Respublikası qurulmasını tələb elədikləri eşidildi. “Elə onda ölkənin çökməsinə səbəb olan tətillər başladı,” - Şah yazırdı.
“Hər gün saatlarla sürən elektrik kəsilmələri olurdu, nəqliyyatçılar, su və neft paylama idarələrində çalışanlar tətil elədilər; sonra banklarda, nazirliklərdə, bütün vacib sahələrdə işləyənlər bir-birinin ardınca, ya da hamısı birlikdə işləri ləngidir, yaxud tamam dayandırır və ölkə miqyasında xalqın güzəranının pisləşməsinə yol açırdılar. Fəhlələr və digər tətilçilər tətilləri təşkil eləyən əlaltılar tərəfindən ya həqiqətən özlərini, ya da ailələrini hədəfə alan təhdidlərlə qarşılaşırdılar. Tamamilə aydındı ki, elektriki kəsmək üçün elektrik stansiyalarına beş-altı adamın yerləşdirilməsi kifayətdi. Neftçıxarma idarələrində də eyni vəziyyətin yarandığı çox aydın məsələdi. Azacıq sayda əlaltılarla üsyançıların bu tətilləri həyata keçirmələri onların necə mükəmməl planla hərəkət elədiklərinin sübutudu”.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

