Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Jurnalistlərin VIII qurultayı nə ilə yadda qaldı?

Jurnalistlərin VIII qurultayı nə ilə yadda qaldı?

27.09.2022 [10:19]

Nicat PAŞA

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirildi.

Qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin, eyni zamanda, peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcərin Susuzluq kəndində minanın partlaması nəticəsində həlak olan jurnalistlər - AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, həmçinin əvvəlki qurultaydan ötən dövr ərzində dünyasını dəyişmiş digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

MŞ sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Azərbaycan jurnalistlərinin VII qurultayından bu günədək Şuraya ümumilikdə 1615 şikayət daxil olub. İlkin mərhələdə baxılan 1615 məsələdən 963-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. Şikayətlər üzrə komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb, digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib.

Daha sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

Sonra Mətbuat Şurasının fəaliyyəti ilə bağlı çıxışlar olub. Bildirilib ki, Şura yarandığı gündən jurnalistlərin peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etmələrinə ictimai nəzarəti həyata keçirib, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasına kömək göstərib. Həmçinin media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulunu, öyrənilməsini və bununla bağlı qərarların çıxarılmasını həyata keçirib. Ümumilikdə Şuranın gördüyü işlər qənaətbəxş hesab edilib.

MŞ sədrinin müavini Müşviq Ələsgərli Şuranın Nizamnaməsində ediləcək dəyişikliklərlə bağlı məlumat verib.

Qurultayda Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişiklik edilib. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi” olaraq dəyişdirilib. Eyni zamanda, Nizamnaməyə “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” prinsipi əlavə olunub.

Tədbirdə, həmçinin MŞ nəzarət-təftiş komissiyasının və İdarə Heyəti üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, MŞ 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.

Azərbaycan jurnalistlərinin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olunub.

Məlumat üçün bildirək ki, qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edib.

Şuranın gələcək fəaliyyəti ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan MŞ yeni sədri Rəşad Məcid İdarə Heyətinə üzv seçilən gənclərin quruma yeni nəfəs gətirəcəyini bildirib: “Biz birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq, jurnalist adına xələl gətirən amillərin qarşısını birlikdə almağa cəhd göstərəcəyik. Mətbuat Şurası ənənələrini davam etdirərək onu daha yüksək zirvələrə qaldıracaq. Çalışacağıq, Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən gözləntilərini doğruldaq”.

Azərbaycan Mətbuat Şurasının indiyədək səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran R.Məcid qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi həm də dövlətimizin başçısının jurnalistlərə verdiyi qiymət kimi dəyərləndirilməlidir.

O bildirib ki, ötən müddət ərzində bir çox məsələlər öz həllini tapıb, mövcud problemlər həll edilib.

“Hazırda informasiya məkanı çox genişlənib. Jurnalist­lərin etik davranış qaydaları ilə yeni kodeks qəbul olunub”, - deyən MŞ-nın yeni sədri fikirlərinə belə davam edib: “Yaxın günlərdə media reyestri fəaliyyətə başlayacaq və peşəkar jurnalist fəaliyyəti ilə məşğul olanlar müəyyən ediləcək. Qalanlar media haqqında qanuna uyğun öz fəaliyyətlərini davam etdirəcəklər. Jurnalist fəaliyyətinin və peşə etikasının pozulmadığı hallarda jurnalistlərin hüquqları qanunla qorunacaq”.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31