Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 104 yaşlı Bakı Dövlət Universiteti

104 yaşlı Bakı Dövlət Universiteti

01.09.2022 [10:32]

Yeganə BAYRAMOVA

Bu gün Bakı Dövlət Universitetinin (BDU) yaranmasından 104 il ötür. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atılmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdi. Bu tədbirlərin içərisində müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Müsəlman Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi tarixi hadisələrdən biri də BDU-nun yaradılması olub. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. Ölkənin maliyyə imkanlarının xeyli zəif, maddi-texniki bazanın qeyri-mövcudluğu, milli kadrların çatışmazlığı Bakıda universitetin yaradılmasını zəruri edirdi.

1919-cu il aprelin 8-də Xalq Cümhuriyyətinin parlamenti  Bakı şəhərində universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə tapşırılırdı:

1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin;

2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.

İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamenti 1919-cu il sentyabrın 1-də ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

Universitet Komissiyasının sədri V.İ.Razumovskiy 1919-cu il sentyabrın 4-də Ticarət Məktəbinin direktoru V.İ.Ponomaryova 186 saylı məktubla müraciət edərək məktəbin binasının universitet üçün təhvil-təslim edilməsi vaxtının sentyabrın 5-nə, səhər saat 10-a təyin edildiyi haqqında məlumat vermişdir.

1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında hökumət tərəfindən qərar qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının əməkdar professoru V.İ.Razumovskiy Bakı Dövlət Universitetinin rektoru, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqorov isə Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə təsdiq olundu. Universitet Komissiyası tərəfindən seçilmiş fakültə terapevtik klinikası kafedrasının əməkdar professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrini icra etməsi qəbul edilib.

1919-cu il sentyabrın 11 də Bakı Dövlət Universitetinin rektoru V.İ.Razumovskiy təhsil ocağının professorlarının mənzil məsələsinin hökumət tərəfindən həll edilməsi haqqında Xalq maarif naziri R.B.Kaplanova məktubla müraciət edib. Müraciətdə qeyd edilirdi ki, Rostov, Xarkov, Yekaterinoslav və Rusiyanın digər şəhərlərindən olan professor heyətinin xidmət etmək üçün Bakıya dəvət edilməsi, onların hökumət tərəfindən mənzillə təmin edilməsini tələb edir. Bu məsələnin həllinin gecikdirilməsi universitetin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun gələcək fəaliyyətini təhlükə altına alır. Azərbaycan hökuməti qısa müddət ərzində universitetdə xidmət etmək üçün dəvət olunmuş müəllim-professor heyətinin mənzillərlə təmin olunması vəzifəsini layiqincə yerinə yetirib.

Adının tarixi

1924-cü ildə universitetə Vladimir İliç Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Sergey Mironoviç Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universiteti bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş Məhəmməd Əmin Rəsulzadənin adını daşıyıb. 2000-ci ildən Bakı Dövlət Universiteti adı ilə təsdiqlənib.

Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli sərəncam imzalayıb. Sərəncamda universitetin yubileyinin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edilib. Həmin Sərəncamda qeyd  edilir:  “Azərbaycan Xalq  Cümhuriyyətinin yadigarı  Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk  prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var” .

Onu da xatırladaq ki, ölkəmizin təşəbbüsü ilə BDU-nun 100 illiyi UNESCO-nun 2018-2019-cu illər üzrə yubileylər siyahısına daxil edilib.

Paylaş:
Baxılıb: 1233 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31