İşğaldan azadlığa, dirçəlişdən yeni inkişafa

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Rayonun ümumi torpaq fondu 79.812 hektardır. İşğaldan əvvəl burada taxıl, üzüm, tütün və bostan məhsulları becərilir, heyvandarlıq inkişaf etdirilirdi. Qubadlı çalışqan əhalisi və bərəkətli torpaqları ilə tanınan, sakit həyat sürən bir diyar idi.

Bu həyat 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin rayona hücumu nəticəsində pozuldu. Yüzlərlə il boyu doğma yurdda yaşayan insanlar öz evlərini tərk etməyə məcbur oldu. İşğal illərində şəhər və kəndlər talan edildi, evlər, məktəblər, tarixi və dini abidələr dağıdıldı. İşğalın bu acı fəsadları təkcə maddi itkilərlə ölçülmür, nəsillərin yurd həsrəti ilə keçən taleyi də bu faciənin tərkib hissəsidir. Rəsmi İrəvanın həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti isə işğal olunmuş ərazilərin tarixi simasını dəyişdirməyə, beynəlxalq hüquqa zidd olaraq faktlar yaratmağa yönəlmişdi.

2020-ci ilin Vətən müharibəsi bu uzun həsrətə son qoydu. Oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və bir sıra kəndləri işğaldan azad etdi, bununla da Qubadlı rayonu tamamilə düşməndən təmizləndi. Bu hadisə müharibənin gedişatında dönüş nöqtəsi oldu və qələbəni yaxınlaşdırdı. Ordumuzun peşəkarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız ardıcıl şəkildə azad olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Tarixi Qələbə günlərinin yaddaşlarda əbədiləşdirilməsi dövlətin diqqət mərkəzindədir. Bu məqsədlə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı döyüşlərində iştirak edən igidlərin xidmətləri bu mükafatla yüksək qiymətləndirildi. Oktyabrın 25-i isə hər il Qubadlı şəhəri günü kimi qeyd olunur.

Azadlıqdan sonra Qubadlıda genişmiqyaslı quruculuq işlərinə start verildi. Prezident İlham Əliyev azad olunmuş Qubadlıya dəfələrlə səfər etdi, görülən işlərlə yaxından tanış oldu, tapşırıq və tövsiyələr verdi. Şəhərdə ilk yaşayış məhəlləsi salındı, Mahruzlu və Zilanlı kəndləri yenidən qurulmağa başladı. Bu addımlar sabiq məcburi köçkünlərin doğma yurda qayıdışını təmin edən real nəticələrdir.

İnfrastruktur layihələri Qubadlının dirçəlişində mühüm yer tutur. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu yol bölgələr arasında əlaqəni gücləndirəcək, iqtisadi inkişafa və yeni imkanlara təkan verəcək mühüm layihədir. Rayonda “Qubadlı” gömrük postunun fəaliyyətə başlaması da bölgənin strateji əhəmiyyətini artırır.

Qubadlının yeni inkişaf tarixi başlanıb. Üç onilliyə yaxın davam edən həsrət sona çatıb, xarabalıqlar yerində müasir yaşayış məhəllələri, yollar və infrastruktur yaranır. Qubadlı şəhəri günü bu yurdun azadlığını, şəhid və qazilərimizin fədakarlığını, xalqımızın birliyini və gələcəyə inamını bir daha xatırladır.

 

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi