Öyrətmək üçün öyrənmək

Öyrətmək üçün öyrənmək

Bir mədəniyyətdir.

 Ənənəyə çevrilməlidir. Uşaqlara yazı yazaraq düşünməyi, mütaliəni vərdişə  çevirməyi öyrətmək istəyiriksə, özümüz öyrənməsək, olmayacaq.

Yenə “Ədəbiyyat paytaxtı” Dublin təcrübəsinə baxmaq məcburiyyətindəyik. Hər il keçirilən Dublin Kitab Festivalı il boyu fəaliyyətini dayandırmır, interaktivliyini daim qoruyub-saxlaya bilir. Axı festivala yığışıb kitab təqdim etməklə iş bitmir. Onu satmaq, oxutdurmaq üçün daim hərəkətdə olmalı, dinamik, funksional alətlərdən istifadə edilməli, beləcə, növbəti festivala hazırlaşmalısan. Həm də gələcəyin oxucusunu yetişdirməlisən. Dublində də belə etməyə çalışırlar.

Festival bitsə də, müxtəlif platformalarda öyrədici tədbirlər il boyu davam edir. Valideynlər və uşaqlar birlikdə dəstəklənir.

Məsələn, “Gəlincik” təcrübəsi görüşlərində yalnız 5-8 yaşları arasında uşaqlar iştirak edə bilər. Təbii ki, valideynləri ilə. Onlar İrlandiyanın gəlincik nağıl qəhrəmanları ilə ətraflı tanış olacaq, həmçinin 8 yaşından yuxarı uşaqlar üçün altı kitab müəllifi ilə görüş keçirəcəklər. Məsələ burasındadır ki, İrlandiyada uşaq yazıçıları da janrlar və hətta yaş kateqoriyaları üzrə ixtisaslaşıblar. Qəribədir, yazıçı necə ixtisaslaşa, xüsusilə də, müəyyən edilmiş yaş kateqoriyası üzrə “bölünə” bilər? Yəqin ki, bu qaydaları bizim mühitdə tətbiq etmək çətin olardı. Lakin məsələ çox sadədir. Uşaqları mütaliəyə və gələcək həyata hazırlamaq üçün yaş bölgüləri çox vacibdir, hətta tələbdir. Axı onlar sürətlə böyüyür, dəyişir və “bir də başını qaldırıb görürsən ki”, valideynlərindən də qabağa keçməyə can atırlar. Əlbəttə ki, bu mərhələləri kitabla birlikdə adlamaq olduqca faydalıdır.

Dublin Kitab Festivalı ətrafında  fəaliyyət göstərən “Yaradıcılıq stansiyası” (ailəvi rəsm çəkmək, təxəyyülün inkişafı), “Uşaq kitab mübadiləsi” (oxuyub bitirdiyin uşaq kitabını gətirib yeni bir kitabla əvəzləmək), “Öz gölməçəni yarat” (ən kiçik məkanda belə təbiətlə ünsiyyət) və sair bu kimi layihələr bir-birini əvəz edərək balaca oxucuları təkcə kitaba deyil, həm də həyata alışdırır.

Bu yaxınlarda isə Dublindən çox uzaqda olmayan Londonda Buker Uşaq Ədəbiyyatı mükafatı da təsis edilib. Bu, müsabiqənin tarixində bir ilkdir. Sənaye dayana bilməz, gələcəyin uşaqları və onların valideynləri alıcı, istehlakçıdır. Bəs öyrətmək üçün öyrənmək necə?

Bunu Dublində yaxşı bilirlər. London isə sənayenin gələcəyini düşünməlidir...

Məqsəd Nur