Azərbaycan və Avropa İttifaqının Yüksək Səviyyəli Nəqliyyat Dialoqunda logistika imkanları müzakirə olunub
Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib. Tədbirdə Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantılarının inkişafı, infrastruktur layihələri müzakirə olunub. Tərəflər Orta Dəhlizin inkişafı üzrə Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanları, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına qurumun mümkün dəstəyi, Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi, Avropa logistika şirkətlərinin Orta Dəhlizdən istifadəsinin təşviqi məsələləri nəzərdən keçirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu dialoq tərəflər arasında münasibətlərdə yaranmış müsbət dinamikanı davam etdirmək və nəqliyyat sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni perspektivlər açır. Əldə olunmuş irəliləyişi nəzərdən keçirmək, ortaq prioritetləri bir daha təsdiqləmək və konkret növbəti addımları müəyyən etmək baxımından belə müzakirələr əlavə imkan yaradır.
TEN-T ölkəmiz üçün hansı strateji əhəmiyyət daşıyır?
Trans-Avropa Nəqliyyat Şəbəkəsi Avropa İttifaqı daxilində və onun qonşu regionlarında avtomobil, dəmir yolu, dəniz, daxili su və hava nəqliyyatı infrastrukturunu birləşdirən strateji layihələr toplusudur. Əsas məqsədi sərnişin və yük daşımalarını sürətləndirmək, sərhədyanı əlaqələri gücləndirmək və nəqliyyat sistemlərini daha dayanıqlı və rəqəmsal etməkdir.
TEN-T müasir geosiyasi və geoiqtisadi reallıqlar fonunda nəhəng nəqliyyat-logistika arxitekturası hesab olunur və bu layihəyə qoşulan ölkələrin sayı artmaqdadır. Bu baxımdan, Zəngəzur dəhlizinin TEN-T kimi strateji bir nəqliyyat şəbəkəsi ilə əlaqələndirilməsinin gündəmə gəlməsi, Cənubi Qafqazın Avropa üçün nə dərəcədə əhəmiyyətli bir tranzit məkanına çevrildiyini ortaya qoyur. Bu, Zəngəzur dəhlizinin regional deyil, qlobal nəqliyyat xəritəsində mövqeyini gücləndirəcək əsas layihələrdən biri olduğunu təsdiqləyir. Dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini təmin etməklə yanaşı, Orta Dəhlizin funksionallığını artırmaq potensialına malikdir.
Cari ilin mart ayında Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idar?etmənin qurulması və digər məsələlər müzakirə olunub. Orta Dəhlizdə yer almaq niyyətlərini bildirən Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlan?cağını vurğulayıblar. Bu, faktiki olaraq TEN-T- Orta Dəhliz zəncirinin qurulması deməkdir. Avropa Komissiyası səviyyəsində bu dəhlizin TEN-T çərçivəsində müzakirə olunması isə Zəngəzurun Avropa-Asiya nəqliyyat zəncirinin mümkün tərkib hissəsi kimi qəbul edildiyini təsdiq edir.
Beləliklə, gələcəkdə TR?PP layihəsi çərçivəsində Zəngəzur xəttinin Orta Dəhlizə və TEN-T-ə inteqrasiyası mümkünləşəcək.
Zəngəzurun TEN-T şəbəkəsinə daxil edilməsi Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığa yeni töhfə verməklə yanaşı, nəqliyyat bağlatılarında birgə qlobal bazar təmsilçiliklərini gücləndirəcək. Eyni zamanda, zəngin təbii və iqtisadi resursları, logistik imkanları olan Naxçıvan Muxtar Respublikasının regional nəqliyyat sisteminə tam inteqrasiyasını təmin etməklə, bu bölgənin də tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq, Avropa-Asiya bazarlarına çıxış qapılarını möhkəmləndirəcək.
Transxəzər Fiber-Optik Kabel Xətti - Aİ üçün rəqəmsal imkanlar
Azərbaycan və Avropa arasında bağlantı yaradacaq ən perspektivli layihələrdən biri də Transxəzər Fiber-Optik Kabel Xəttidir. Ötən ay Qazaxıstan və Azərbaycan hökumətləri tərəfindən istifadəyə verilən bu layihə çoxistiqamətli olmaqla, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanın rəqəmsal bağlantısını nəzərdə tutur. Belə ki, fiber-optik kabel “Rəqəmsal İpək Yolu” marşrutları ilə əlaqələndirilərək Asiya-Xəzər-Avropa rəqəmsal dəhlizini formalaşdıracaq.
Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin Orta Dəhliz təşəbbüsünə və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) təşəbbüsünə daxil edilməsi də müzakirə olunur. Layihənin reallaşmasında maraqlı tərəf olan beynəlxalq şirkətlər qrupu “NEQSOL Holding”in nümayəndəsi Kirill Rubinski bildirib ki, birgə layihələrin inkişaf perspektivləri böyükdür və beynəlxalq telekommunikasiya şirkətləri bu təşəbbüsü dəstəkləyir.
“Horizon Europe” proqramı çərçivəsində əməkdaşlıq
Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska Azərbaycan və Aİ arasında münasibətlərin yeni istiqamətlər üzrə daha da möhkəmləndiyinə diqqət çəkərək ötən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra əməkdaşlığın nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini xatırladıb. Regional bağlantılar, rəqəmsallaşma və aviasiya sahələri birgə fəaliyyətin genişləndirilməsi ortaq maraqların olduğu əsas istiqamətlərdir. Tərəflər aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsində də imkanları səfərbər etmək niyyətindədir. Həmçinin süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Avropa İttifaqı şirkətlərinin Azərbaycandakı fəaliyyəti, eləcə də Azərbaycanın “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirak imkanlarının artırılması da nəzərdə tutulur.
E.CƏFƏRLİ