Rəsmi Tbilisi AP-nin yeni qətnaməsini “yanlış məlumatlara əsaslanan sənəd” kimi dəyərləndirib
Qonşu Gürcüstanla Avropa təsisatları arasında çatlar dərinləşməkdədir. Bunu Avropa Parlamentində (AP) ard-arda qəbul edilən və rəsmi Tbilisinin siyasətini pisləyən qətnamələr də təsdiqləyir.
Bugünlərdə AP-də Gürcüstanla bağlı daha bir tənqidi qətnamə təsdiqlənib. Söhbət “Paata Burçuladzenin işi və “Gürcü Arzusu” rejimi dövründə siyasi məhbuslar” adlı sənəddən gedir. Qətnamə 441 lehinə, 47 əleyhinə və 86 bitərəf səslə qəbul edilib.
Sənəd Avropa Parlamentinin siyasi mövqeyini ifadə edir.
AP-nin oxşar məzmunlu qətnamələri
Qeyd etdiyimiz kimi, AP-nin qonşu Gürcüstanla bağlı qətnamələri artıq silsilə xarakter daşıyır və əsasən bir-birini təkrarlayır. Bu fikrin təsdiqi kimi, təkcə son iki qətnamənin müqayisəsini aparmaq kifayətdir. Xatırladaq ki, Avropa Parlamenti bundan əvvəl oktyabrın birinci ongünlüyündə “Hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnamə qəbul edib. Sənəddə Gürcüstanın müxalifət partiyalarının qadağan edilməsi cəhdləri qətiyyətlə pislənilib və siyasi birliklərə qarşı qaldırılmış konstitusiya iddiasının dərhal geri götürülməsi tələb edilib. Bundan əlavə, qətnamədə Avropa İttifaqına və təşkilata üzv dövlətlərə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
AP-də Gürcüstanla bağlı təxminən bir ay ötəndən sonra qəbul edilən qətnamə də eyni ruhda və oxşar məzmundadır. Budəfəki qətnamədə də köhnə narrativlər təkrarlanmaqla Gürcüstan hakimiyyətinin siyasətindən narazılıq ifadə olunub. Belə ki, Avropa Parlamenti ciddi insan hüquqları pozuntularına görə məsul saydığı şəxslərə qarşı məqsədli sanksiyalar və viza qadağaları da daxil olmaqla, Aİ-nin koordinasiyalı cavab tədbirləri görməsi ilə bağlı çağırışını bir daha təkrarlayıb. Sənəddə “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladze ilə yanaşı, digər yüksək vəzifəli rəsmilərin, hakimlərin, prokurorların, hüquq-mühafizə orqanları əməkdaşlarının adları xüsusi qeyd olunub və onlara qarşı sanksiyaların tətbiqinin zəruriliyi yenidən gündəmə gətirilib.
Avropa Parlamentinin üzvləri Paata Burçuladze, İrakli Nadiradze və Paata Manjgaladzeyə çıxarılan hökmləri pisləyərək, onların və qətnamədə siyasi məhbus və ya “qanunsuz saxlanılan” kimi müəyyən edilən bütün şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Sənəddə Gürcüstan hakimiyyəti beynəlxalq ədalətli məhkəmə araşdırması standartlarına əməl etməyə, Burçuladzeyə müvafiq tibbi yardım və hüquqi dəstək göstərməyə, onun ailəsi ilə müntəzəm əlaqəsini təmin etməyə və maneəsiz konsulluq çıxışına şərait yaratmağa çağırılır.
AP üzvləri etirazçılara qarşı həddindən artıq güc tətbiqi, qorxutma və pis rəftar iddialarının müstəqil şəkildə araşdırılmasını da tələb edərək, məsul şəxslərin cavabdehliyə cəlb olunmasının vacibliyini vurğulayıblar.
Avropalı parlamentarilər həmçinin bəzi Aİ üzv dövlətlərini Gürcüstanda demokratik geriləməyə görə məsul hesab etdikləri şəxslərə qarşı tədbir görməməkdə tənqid ediblər.
Rəsmi Tbilisinin kəskin etirazı
Qətnamənin məzmunundakı bir məqam xüsusi diqqət çəkir. Sənəddə İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və əsas azadlıqlara hörmətin Aİ üzvlüyünə doğru irəliləyiş üçün mühüm şərt olduğu ayrıca vurğulanır. Qətnamədə növbəti dəfə yer alan müddəalar o reallığı ortaya qoyur ki, Avropa təsisatları Gürcüstanın Avropa İttifaqına inteqrasiya siyasətini bu ölkəyə qarşı təzyiq alətinə çeviriblər. Yəni rəsmi Tbilisi ölkəsinin gələcəyini Aİ-də görürsə, milli maraqlardan geri dönməli və Brüsseldən gələn direktivləri qeyd-şərtsiz qəbul etməlidir.
Xatırladaq ki, Brüssellə Tbilisi arasında narazılıqların daha güclü dalğası 2024-cü ilin may ayında Gürcüstan parlamentinin hakim partiyanın təşəbbüsü əsasında “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilməsi ilə başlayıb. Bəhs olunan sənəd ölkədə fəaliyyət göstərən və gəlirlərinin 20 faizindən çoxunu xarici mənbələrdən əldə edən qeyri-hökumət təşkilatlarını (QHT) və media qurumlarını “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” kimi reyestrdə qeydiyyatdan keçməyə və illik maliyyə bəyannaməsi təqdim etməyə məcbur edən qanunvericilik aktıdır.
Gürcüstan hakimiyyəti yeni qanunun qəbul edilməsini hesabatlılığın və şəffaflığın təmin edilməsinin zəruriliyi ilə əlaqələndirir. Brüssel isə rəsmi Tbilisinin izahlarını məqbul saymayaraq, bu və digər qanunların Rusiyanın təsiri altında qəbul edildiyini bildirir və onların ləğvini istəyir. Təbii ki, rəsmi Tbilisi ölkənin milli maraqlarını əsas gətirməklə Brüsselin ittihamlarını rədd edir.
AP-nin son qətnaməsinə Gürcüstanın reaksiyası da kəskin olub. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi yeni qətnaməni yanlış məlumatlara əsaslanan və ikitərəfli münasibətlərə zərər vuran sənəd kimi qiymətləndirib. Məsələ ölkənin xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə Avropa İttifaqının ölkədəki nümayəndəliyinin rəhbəri Pavel Herçinski arasında keçirilən görüşdə müzakirə olunub.
Gürcüstan XİN-in məlumatına görə, Zurabaşvili AP-də Gürcüstanla bağlı aparılan debatlara və noyabrın 26-da qəbul edilən yeni qətnaməyə etirazını bildirib.
Gürcüstan XİN-in bununla əlaqədar yaydığı bəyanatında Zurabaşvilinin Avropa Komissiyasının nümayəndəsinin açıqlamasına da münasibət bildirdiyi qeyd olunub. Nazir müavini Aİ-nin “özbaşına saxlanılan” hesab etdiyi şəxslərin ad və soyadlarının açıqlanmasını tələb edib.
Bəyanatda vurğulanıb ki, Gürcüstan tərəfi çoxsaylı müraciətlərinə baxmayaraq, indiyədək Aİ-dən həmin şəxslərlə bağlı konkret məlumat almayıb. XİN hesab edir ki, müvafiq hüquqi qiymətləndirmə Gürcüstan məhkəmələrinin qərarları ilə müəyyən olunub və Avropa İttifaqının ittihamları əsassızdır.
Görüşdə Gürcüstan tərəfi ölkənin Avropa İttifaqına üzvlük prosesinə sadiqliyini bir daha bəyan edib və Tbilisi ilə Brüssel arasında açıq dialoqun vacibliyini vurğulayıb.
Mübariz FEYİZLİ