Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 26 Avqust – Laçının yeni tarixinin başlanğıcı

26 Avqust – Laçının yeni tarixinin başlanğıcı

24.08.2026 [18:02]

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

26 Avqust – Laçın şəhəri günü Laçının tarixini, işğaldan azad olunmasını və bu gün
yaşadığı böyük dirçəlişi özündə birləşdirən əlamətdar tarixdir. Laçın qədim tarixi,
zəngin təbiəti və strateji mövqeyi ilə Azərbaycanın xüsusi əhəmiyyət daşıyan
bölgələrindən biridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın
adlandırılıb və şəhər statusu alıb, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi
kimi yaradılıb.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun əhalisi doğma
torpaqlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni irsə
ciddi ziyan vurulub. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi
niyyətlər dayanırdı. Lakin 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində
qazandığı tarixi Qələbə bu ədalətsizliyə son qoydu. 2020-ci il dekabrın 1-də Laçın
rayonu Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux
və Sus kəndləri nəzarətə götürüldü. Laçının azad edilməsi tarixi ədalətin
bərpasının mühüm göstəricilərindən biri oldu və bu tarixi Qələbənin şərəfinə
“Laçının azad olunmasına görə” medalı təsis edildi. Bu, Laçının azadlığı uğrunda
mübarizə aparan hərbçilərin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi də bu tarixi qələbənin
əbədiləşdirilməsinə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul
2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə
şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə hər il 26 avqust Laçın
şəhəri günü kimi qeyd olunur. Azadlıqdan sonra Laçın rayonunda yeni inkişaf
dövrü başladı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda genişmiqyaslı quruculuq və bərpa
işləri həyata keçirilir. Yeni yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, yollar
və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Laçının enerji potensialından
səmərəli istifadə istiqamətində də mühüm layihələr həyata keçirilir. Su elektrik
stansiyalarının və digər enerji obyektlərinin yaradılması rayonun enerji təminatını
gücləndirməklə yanaşı, onun iqtisadi potensialının artırılmasına da xidmət edir.

Rayonda yol-nəqliyyat infrastrukturu da yenilənir və genişləndirilir. Yeni avtomobil
yollarının və tunellərin inşası Laçının digər bölgələrlə əlaqəsini asanlaşdırır. Laçın
Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə rayonun və bütövlükdə
Qarabağın beynəlxalq nəqliyyat imkanlarını genişləndirərək bölgənin əhəmiyyətini
daha da artırır. “Həkəriçay” su anbarı layihəsi də rayonun su təminatı, kənd
təsərrüfatı və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Laçının bərpasında əsas məqsədlərdən biri doğma yurdlarından didərgin düşmüş
insanların öz torpaqlarına qayıdışını təmin etməkdir. 2023-cü il mayın 28-dən
başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri ilə
yanaşı, Zabux, Sus və Bəylik kəndlərində də yeni yaşayış məhəllələri salınıb və
sakinlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bununla Laçın təkcə yenidən
qurulmur, həm də öz sakinlərinin iştirakı ilə yeni həyatına qovuşur.
Laçının təbii gözəllikləri və zəngin turizm potensialı da diqqət mərkəzindədir.
Dağları, meşələri, çayları və bulaqları ilə seçilən rayon yerli sakinlərin və turistlərin
istirahəti üçün əlverişli məkana çevrilir. Turizm obyektlərinin yaradılması, istirahət
komplekslərinin istifadəyə verilməsi Laçının iqtisadi və turizm potensialının
inkişafına yeni imkanlar açır.
Laçının mədəni əhəmiyyəti də getdikcə artır. Şəhərin 2025-ci ildə MDB-nin
mədəniyyət paytaxtı elan olunması onun regionda və beynəlxalq müstəvidə
mədəni əhəmiyyətinin göstəricisidir. Bu status Laçının tarixi-mədəni irsinin
tanıdılması və şəhərdə mədəni tədbirlərin keçirilməsi baxımından mühüm
imkanlar yaradıb.
Prezident İlham Əliyevin azad olunmuş Laçına çoxsaylı səfərləri rayonun bərpası
və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərir.
Dövlət başçısının səfərləri zamanı mühüm infrastruktur, enerji, sosial və turizm
layihələrinin təməli qoyulub, bir sıra obyektlərin açılışı həyata keçirilib və
sakinlərlə görüşlər keçirilib.
Bu gün Laçın işğalın deyil, azadlığın, quruculuğun və Böyük Qayıdışın simvoludur.
26 Avqust – Laçın şəhəri günü həm tarixi Qələbənin, həm doğma torpaqlara
qayıdışın, həm də yenidən qurulan Laçının yeni həyatının rəmzi kimi böyük
əhəmiyyət daşıyır. Laçının sürətli inkişafı göstərir ki, azad edilmiş ərazilərimiz qısa
müddətdə müasir, dayanıqlı və firavan yaşayış məkanlarına çevrilir.

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31