“Mənim və ailəmin, bütövlükdə isə bütün şəhid ailələrinin arxasında dövlətimiz dayanıb”
03.07.2014 [10:14]
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun qızı Adolat Aznaurova: Bu iki gün ərzində mənə dövlətimin, insanlarımızın sahib çıxmasının özü də göstərdi ki, bəli, bu ölkədə şəhidə və onun övladlarına diqqət, qayğı var və olacaq
Dünən Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun qızı Adolat Aznaurova redaksiyamıza müraciət edərək Odlar Yurdu Universitetində təhsil aldığını və dövlət imtahanına buraxılmadığını bildirdi. Bu müraciətdən dərhal sonra universitetin rektoru, Milli Məclisin üzvü Əhməd Vəliyevlə əlaqə saxlayaraq problemin səbəbləri ilə maraqlandıq və Milli Qəhrəmanın övladının təhsillə bağlı yaranmış probleminin aradan qaldırılmasına kömək göstərilməsini xahiş etdik. Rektor belə bir problemdən xəbərsiz olduğunu bildirərək lazım olan bütün tədbirlərin görüləcəyini qeyd etdi. Bir neçə saatdan sonra isə Adolat Aznaurova redaksiyamıza gələrək məsələnin artıq həllini tapdığını bildirdi. O, dedi ki, universitetin rektoru, millət vəkili Əhməd Vəliyev təhsil haqqının universitetin hesabına ödənilməsini öz boynuna götürüb və onun dövlət imtahanına buraxılması ilə bağlı qərar qəbul edib.
Adolat Aznaurova bizimlə söhbətinə problemin həllinə yardım edən hər kəsə minnətdarlıq edərək başladı. O, daha sonra atası ilə bağlı xatirələrini bizimlə bölüşdü. Atası - Milli Qəhrəmanımız İsgəndər Aznaurovla fəxr etdiyini söyləyən A.Aznaurova dedi: “Heç şübhəsiz ki, hər bir uşaq üçün onun atası idealdır. Amma mənim üçün o, tamamilə fərqli idi. Çünki gördüyü hər bir işdə, atdığı hər bir addımda fərqlənirdi. O dövrdə ölkəmizdə müharibə gedirdi və atam İsgəndər Aznaurov özünün vüqarı və əyilməzliyi ilə yağı düşmənə qarşı mübarizə aparırdı. Bildiyiniz kimi, biz Axıska türküyük və məlum Fərqanə hadisələrindən sonra Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşmışıq. Atam da əsl topçu olduğunu erməni silahlı quldur dəstələrinə göstərmək üçün ön cəbhəyə yollanmışdı. Bu, həmin günlər idi ki, onda ermənilər Sovet qoşun birləşmələri ilə birgə Xocalıda dəhşətli qırğınlar, qətliamlar törədir, günahsız körpələri, qocaları diri-diri yandırır, süngüyə keçirir, dinc insanlara qarşı görünməmiş vəhşiliklər edirdilər. Atam döyüş yoluna Gədəbəy rayonunun Şınıx bölgəsindən başlamışdı. Az vaxt ərzində onun adı erməni vəhşilərinin dilinə düşübmüş. Çünki o, sərrast topçu kimi düşmənə ağır zərbələr endirir, qəlbindəki nifrəti onların üstünə güllə yağışına çevirirmiş”.
Uşaqlığım doqquz yaşımda qəfil qırıldı. Bircə anın içində böyüdüm
Adolat Azanurova dedi ki, atası hələ sağlığında ətrafındakı bütün insanların böyük sevgisini qazanıb. Xüsusilə, uşaqlar hər dəfə onun gəlişini səbirsizliklə gözləyirlərmiş: “Onun gəlişi təkcə bizim üçün yox, eyni zamanda bütün qəsəbədə yaşayan uşaqlar üçün toy - bayrama çevrilərdi. İnanın, atamın gəlişindən bəlkə də ən axırıncı bizim xəbərimiz olardı. Onun gəlişini qabaqcadan duyublarmış kimi, qonşu uşaqlar uzaqdan görüb başına yığışardılar. Hamının könlündə taxt qurmuşdu. O da uşaqlara qarşı laqeyd qala bilmirdi. Onlarla deyib gülür, onlara saqqız, konfet paylayırdı. Yəni, mənim atam uşaqla uşaq, böyüklə böyük idi. O, bizim bir dediyimizi iki etmir, imkan daxilində bütün istəklərimizi yerinə yetirirdi. Onun yoxluğunu uzun müddət qəbul edə bilmədim. Düzdür, o dövrdə mənim doqquz yaşım var idi və müharibəyə görə atamın üzünü az-az görürdük. Onun ölümü bizim üçün çox ağır itki idi. Həqiqətən elə bil ki, hər şeyimizi itirdik. Ölümü ilə barışa bilmirdim. Amma tam dərk edə bilməsəm də, başa düşürdüm ki, artıq o, yoxdur. Hər dəfə anamla Şəhidlər Xiyabanına gələndə başdaşındakı şəkli ilə danışıb təskinlik tapır və bu üzüntümü evdəkilərə hiss etdirməməyə çalışırdım. Sonralar oxuduğum kitabların birində belə bir cümləyə rast gəlmişdim: “Neçə yaşında olursanız olun, atanız dünyasını dəyişən kimi böyüyəcəksiniz”. Mənim də uşaqlığım doqquz yaşımda qəfil qırıldı. Bircə anın içində böyüdüm və olğun bir insan kimi davranmağa başladım”.
Ulu öndər Heydər Əliyevin imzaladığı Fərman Aznaurovlar ailəsinin həyatında ən unudulmaz anlardan biri olub
1995-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla İsgəndər Aznaurovun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi isə Aznaurovlar ailəsinin həyatında ən unudulmaz günlərdən biri olub: “Sonralar atam haqqında yazılmış məqalələri oxuyanda, xatirəsinə həsr olunan filmlərə baxanda, atamın - İsgəndər Aznaurovun Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edildiyini biləndə ürəyim dağa döndü və atamın sıradan bir insan olmadığını anladım. Bu mənim həyatımın dönüş nöqtəsi idi. Onsuz da həyatda hər bir övlad kimi idealım olan atam gözümdə daha da böyüdü. Mən artıq böyümüşəm. Hər şeyi anlayıram və dərk edirəm. İndi məni daha əvvəlki tək, “ata uzaqlara gedib, tezliklə qayıdacaq” və s. kimi yalançı vədlərlə aldatmaq mümkün deyil. Mən başa düşürəm ki, atam Azərbaycanın bölünməz hissəsi olan Qarabağ uğrunda vuruşub və qəhrəmancasına həlak olub. Daim dövlətimizin diqqət və qayğısını öz üstümüzdə hiss etdikcə, əmin oldum ki, mən tək deyiləm, geniş mənada isə biz tək deyilik. Mənim və ailəmin, bütövlükdə isə bütün şəhid ailələrinin arxasında dövlətimiz dayanıb. Mən deyərdim ki, təkcə mən yox, hər bir Azərbaycan vətəndaşı, ələlxüsus da öz yaxınlarını Qarabağ uğrunda gedən döyüşlərdə itirən biz şəhid ailələri, bundan başqa, həmin döyüşlərdə sağlamlıqlarını itirənlər də dövlətimizin daim diqqət mərkəzindədir. Hər bir ölkə vətəndaşı kimi mən də görürəm ki, ölkəmiz günü - gündən inkişaf edir. Dövlətimiz tərəfindən Milli Qəhrəmanlara göstərilən qayğı təqdir olunasıdır. Bu diqqət və qayğını görən və hiss edən gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olunacaq. Düşünürəm ki, hər bir Milli Qəhrəmanın, şəhidin xalqımızın tarixinə yazdığı qəhrəmanlıq salnaməsi gənclərin əbədi vətənpərvərlik məktəbi olmalıdır. Bu diqqət və qayğı nəticəsində hər bir Azərbaycan gənci İsgəndər Aznaurova, Mübariz İbrahimova və digər Milli Qəhrəmanlarımıza bənzəməyə çalışacaq və qarşısına bircə ümdə vəzifə qoyacaq: nəyin bahasına olursa olsun, torpaqları yağı düşməndən azad etmək!”.
Nə yaxşı, Vətəni qorumaq üçün qəhrəman oğullarımız var
“Azərbaycan mənim Vətənimdir və mənim atamın qəbri Şəhidlər Xiyabanındadır”, deyən Adolat Aznaurova hər dəfə Şəhidlər Xiyabanına gedəndə ürəyinin dağa döndüyünü söylədi: “Atamı və onun kimi digər Vətən yolunda öz canlarından keçənləri görəndə öz - özümə deyirəm ki, nə yaxşı, Vətəni qorumaq üçün qəhrəman oğullarımız var. Bu iki gün ərzində mənə dövlətimin, insanlarımızın sahib çıxmasının özü də göstərdi ki, bəli, bu ölkədə şəhidə və onun övladlarına diqqət, qayğı var və olacaq”.
Adolat Azanaurova sonda bir daha təhsillə bağlı probleminin həllinə dəstək verən hər kəsə təşəkkür edərək vurğuladı: “Bu gün biz Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin qəbulunda olduq. O, bizi çox gözəl qarşıladı. Mən Milli Qəhrəman övladı olduğumu təsdiqləyən müvafiq sənədləri universitet rəhbərliyinə təqdim etdim. Hörmətli rektorumuz isə bildirdi ki, Milli Qəhrəman övladlarına kömək etmək bizim borcumuzdur. Dərhal mənim dövlət imtahanına buraxılmağım barədə göstəriş verdi və bildirdi ki, təhsil haqqımın ödənişini ali təhsil ocağı öz üzərinə götürür. Bununla da məsələ həllini tapdı. Mən bir daha öz adımdan, ailəm adımdan Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevə və bu işdə köməkliyini əsirgəməyən hər kəsə öz minnətdarlığımı bildirirəm. İnanın, deməyə söz tapa bilmirəm. Bir daha çox sağ olsunlar!”.
P.S. Biz də “Yeni Azərbaycan” qəzeti olaraq müraciətimizə dərhal müsbət cavab verərək Milli Qəhrəmanın övladının təhsili ilə bağlı yaranmış problemin aradan qaldırılmasına kömək göstərən partiyamızın deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə, həmçinin, bu problemin ictimailəşdirilməsinə yardım edən milli mətbuatımızın bütün təmsilçilərinə minnətdarlığımızı bildiririk.
OKTAY
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

