Azərbaycanda hamı üçün əlçatan sosial evlərin tikintisi uğurla davam etdirilir
23.11.2017 [09:50]
Prezident İlham Əliyev: Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır
Sosial dövlət olan Azərbaycan daim ölkə vətəndaşlarının maddi təminatının möhkəmlənməsinə, həyat şəraitinin yaxşılaşmasına yönələn yeni təşəbbüslərlə çıxış edir. Bu baxımdan respublikamızda ötən ildən hamı üçün əlçatan olan sosial evlərin tikintisinə başlanılması böyük aktuallıq daşıyır. Dərin sosial məzmun kəsb edən bu təşəbbüs bilavasitə xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına yönəlmiş siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Prezident İlham Əliyevdən gəlib. Məlumat üçün bildirək ki, sosial evlərin tikintisi Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanı əsasında yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) həvalə olunub. Dövlət başçısının 2016-cı il dekabrın 6-da imzaladığı müvafiq Fərmanla isə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” təsdiqlənib. Bəhs olunan Strateji Yol Xəritəsinin qəbul edilməsi bir daha təsdiqləyir ki, Azərbaycanda iqtisadi və sosial islahatlar paralel şəkildə həyata keçirilir və ölkə iqtisadiyyatının inkişafı ilə bağlı strateji yanaşmada iqtisadi diversifikasiya ilə yanaşı, sosial təminat məsələlərinin prioritetliyi də qorunub saxlanılır.
Ötən dövrdə respublikamızda sosial mənzillərin tikintisi ilə bağlı bir sıra vacib məsələlər həllini tapıb. İlk növbədə onu vurğulayaq ki, MİDA-nın fəaliyyətinə yüksək səviyyəli mütəxəssislər cəlb olunub, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri araşdırılıb. Bundan başqa, qurum tərəfindən şəhərsalma nöqteyi-nəzərdən əlverişli yerləşmə prinsipi əsas götürülərək torpaq sahələrinin seçilməsi həyata keçirilib. Agentliyin mütəxəssisləri Bakıda və ölkənin digər şəhərlərində bir çox torpaq sahələrinə baxış keçirib, müvafiq meyarlar üzrə qiymətləndirmələr aparıblar. MİDA-dan verilən məlumatda bildirilir ki, torpaq sahələrinin dəyərləndirilməsi zamanı, ilk növbədə, şəhərlərin inkişaf perspektivləri nəzərə alınaraq, həmin ərazilərin iş yeri mərkəzlərinə yaxınlığı, ekoloji cəhətdən əlverişliliyi, nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyar kimi götürülür.
Aztəminatlı ailələr güzəştli və uzunmüddətli ödəmə şərtləri ilə yeni mənzillər əldə edəcəklər
Beləliklə, yeni sosial təşəbbüsə uyğun olaraq bütün respublika miqyasında aztəminatlı ailələrin uyğun qiymətə mənzil şəraitlərinin yaxşılaşdırılması strateji hədəf kimi qarşıya qoyulub. Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimindəki çıxışında yeni layihənin dərin sosial əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır. Ümumiyyətlə, son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik”.
Sirr deyil ki, aztəminatlı ailələrin aylıq gəlirləri bazar qiymətləri ilə mənzil almağa kifayət etmir. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.
Aztəminatlı ailələr güzəştli mənzilləri ədalət meyarı gözlənilməklə əldə edə biləcəklər və bu zaman şəffaflıq tam təmin olunacaq. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixdə imzaladığı müvafiq Fərmana əsasən MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası təsdiqlənib. Bu qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları və mənzillərin əldə edilməsi ilə bağlı ödəniş şərtləri müəyyən edilib. Beləliklə, ilk növbədə, şəhid ailələri, müharibə veteranları, gənc mütəxəssislər, müəllimlər, hərbçilər və bu kimi digər kateqoriyadan olan vətəndaşlar MİDA-nın inşa etdiyi yaşayış komplekslərində güzəştli şərtlərlə mənzillər əldə edə biləcəklər.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13.07.2017-ci il tarixli və 21.07.2017-ci il tarixli müvafiq fərmanlarına əsasən güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları daha da genişləndirilib. Belə ki, “ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs” adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin “ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri” də əhatə edəcək. Bununla yanaşı, yeni - “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası da əlavə olunub. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq, güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər. Qeyd edək ki, müvafiq kateqoriyadan olan vətəndaşlardan müraciətlər “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə və yaxud Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, həmçinin Sumqayıt “ASAN xidmət” mərkəzində qəbul olunur.
Azərbaycan dövləti çox böyük sosial əhəmiyyət daşıyan layihənin reallaşdırılmasına praktiki müstəvidə hər cür dəstək verir, o cümlədən sosial evlər tikilən ərazilərdə kommunal infrastrukturun yaradılmasında yaxından iştirak edir. Dövlət büdcəsinin xərclər istiqamətində sosial mənzillərin tikintisinə böyük məbləğdə vəsait ayrılması nəzərdə tutulur. Maliyyə naziri Samir Şərifovun parlamentə verdiyi məlumata əsasən, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərində sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 milyon manat vəsait yönəldilməsi qərara alınıb. Bu tendensiya perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğulayıb ki, sosial evlərin tikintisi layihələrinin davam etdirilməsi üçün gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır: “MİDA-nın - Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda böyük şəhərcik tikilir. Gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi icra olunsun”.
Sosial evlərin inşası ilə bağlı ilk layihə çərçivəsində işlər intensiv şəkildə davam etdirilir
Ölkəmizdə sosial mənzillərin tikintisi ilə bağlı birinci layihənin icrasına ötən ilin dekabrında Prezident İlham Əliyevin xeyir-duası ilə start verilib. İlk belə layihə Bakının Yasamal rayonunda Qanlı göl adlanan ərazinin şimal və şimal-qərb hissəsində, Xarici Dairəvi Avtomobil yolunun kənarında həyata keçirilir. Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimdə iştirak edən Prezident İlham Əliyev çıxışında layihənin uğurla reallaşdırılacağına əminliyini ifadə edərək vurğulayıb: “Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcəkdir. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik”.
Bəhs olunan ərazidə 11,6 hektar sahə Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli sosial evlərin tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib. Sosial evlər üçün ərazi seçilərkən gələcək sakinlərin maksimum rahatlıqlarının təmin olunması üçün bütün amillər nəzərə alınıb. İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin hər cəhətdən əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Eyni zamanda, seçilmiş ərazinin paytaxtın əsas iş yeri mərkəzlərinə yaxınlığı burada yaşayacaq insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmalarına imkan verəcək. Layihə çərçivəsində yeni nəqliyyat marşrutları açmaq və onları Bakı şəhərinin mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiya etmək nəzərdə tutulub. Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub.
Sözügedən layihə üzrə tikinti işləri cədvələ uyğun davam etdirilir. Artıq kompleksdə ilk 9 mərtəbəli yaşayış binasının, 3 mərtəbəli ümumtəhsil məktəbinin tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi nəzərdə tutulub. Paralel şəkildə daha 25 binanin tikintisi, habelə şəhərciyin elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edən mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması istiqamətində işlər intensiv şəkildə həyata keçirilir. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın sosial mənzil tikiləcək. Mənzillər gələcək sakinlərə tam təmirli vəziyyətdə, həmçinin mətbəx mebelləri quraşdırılaraq təhvil veriləcək. Layihənin üstünlüyü həm də ondan ibarətdir ki, güzəştli şərtlərlə mənzil sahibi olan vətəndaşlara mülkiyyət hüququnu təsdiqləyən sənəd də veriləcək.
Bütün ölkəni əhatə edən layihələrə özəl sektor da məmnuniyyətlə qoşulur
Müstəqil Azərbaycanda indiyədək sosial mənzillərin tikintisi praktikası olmayıb. Bu, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan tamamilə yeni bir ideyadır. Ölkəmizdə Prezident İlham Əliyevin bəyan etdiyi yeni sosial proqram dünya təcrübəsinə istinad edilərək həyata keçirilir. Xatırladaq ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada, qardaş Türkiyədə sosial mənzillərin tikintisi ilə aztəminatlı əhalinin mənzil probleminin həllinə dəstək verilməsi praktikasından geniş istifadə olunur. Sosial mənzil fondları həmçinin bizə coğrafi baxımdan da yaxın olan bəzi MDB ölkələrində də yaradılıb. Təbii ki, sosial mənzillər inşa edilərkən müxtəlif ölkələrin təcrübəsi Azərbaycanda olduğu kimi tətbiq edilmir, bu zaman respublikamızın iqtisadi inkişafı ilə bağlı fərqli cəhətlər nəzərə alınır.
Ölkəmizdə aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatına nail olmaq üçün həmçinin paytaxt Bakının ayrı-ayrı rayonlarında pilot layihə həyata keçirilir. Məlumdur ki, hazırda Bakı şəhərində qəzalı vəziyyətdə olan binalar kifayət qədər çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 25 fevral 2016-cı il tarixli müvafiq qərar qəbul edib. Sözügedən qərara əsasən, Bakıda irimiqyaslı yenidənqurma işlərinə, o cümlədən də sosial evlərin inşası ilə bağlı pilot layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Beş il müddəti üçün nəzərdə tutulmuş pilot layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadratmetr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində pilot layihə çərçivəsində inşa olunan binaların özəlliyindən bəhs edərək deyib: “Hazırda Bakı şəhərində 95 yaşayış binası tikilir. Bu binaların özəlliyi ondan ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə olan binaların, bəzi hallarda daxmaların yerində tikiləcək. Orada yaşayan vətəndaşlara kompensasiya ödənilir, yaxud da ki kirayə pulu verilir. Sonra onlar daha da böyük mənzillərlə təmin ediləcəklər. Artıq bir layihə icra edilib. Orada əvvəllər yaşamış və bu gün yaşayan sakinlər çox razıdırlar. Onlara təmirli, müasir və daha böyük həcmli mənzillər verilmişdir”.
Sosial mənzillərin tikintisinin əhatə dairəsi yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmayacaq. Müvafiq Strateji Yol Xəritəsinə əsasən belə mənzillər Bakı da daxil olmaqla, ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində inşa olunacaq. İndiyədək Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib.
MİDA tərəfindən növbəti layihənin Hövsan qəsəbəsində reallaşdırılması nəzərdə tutulub. Yeni layihə Nazirlər Kabinetinin 22.02.2017-ci il tarixli Sərəncamı ilə MİDA MMC-yə ayrılmış 20 hektar ərazidə həyata keçiriləcək. Artıq Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.
Vacib məqamlardan biri də dərin sosial əhəmiyyət daşıyan layihələrdə özəl bölmə təmsilçilərinin iştirakının təmin olunmasıdır. Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimindəki çıxışında bu məqama da toxunan Prezident İlham Əliyev deyib: “Həm Bakı şəhərində, həm digər böyük şəhərlərimizdə və gələcəkdə hər bir yerdə sosial binaların tikintisi aparılmalıdır və aparılacaq. Ancaq bu prosesə daha da geniş xarakter vermək üçün özəl sektor da buna qoşulmalıdır”.
Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında özəl bölmə hərtərəfli şəkildə dəstəklənir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 14 ildə respublikamızda müxtəlif sahibkarlıq subyektlərinə təxminən 2 milyard manat həcmində güzəştli kreditlər verilib. Öz növbəsində dövlətdən həm siyasi, həm də maddi dəstək alan milli sahibkarlar ordusu ölkədə reallaşdırılan layihələrə fəal şəkildə qoşulmaq əzmi nümayiş etdirirlər. O cümlədən dövlət başçısının çağırışına qoşulan sahibkarlar sosial mənzil tikintisi layihələrində məmnuniyyətlə iştirak edirlər. MİDA-dan verilən məlumata əsasən, ötən müddət ərzində Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə müvafiq xidmətlərin göstərilməsi üzrə investisiya müsabiqələri keçirilib. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir. İnvestorlardan biri tərəfindən öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcək. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək. MİDA ilə özəl sektor təmsilçilərinin əməkdaşlığı növbəti layihələr çərçivəsində də təmin olunacaq.
Yeni layihələr ölkə üzrə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir
Biz yuxarıda hamı üçün əlçatan mənzil tikintisi layihələrinin sosial önəmindən bəhs etdik. Bu layihələr, eyni zamanda, böyük iqtisadi əhəmiyyət daşıyır. Ölkə boyunca mənzil tikintisinin canlandırılması əlaqəli sahələrə güclü multiplikativ təsir göstərir. Məlumdur ki, iqtisadi sektorun ayrı-ayrı sahələri arasında sıx bağlılıq var. Hansısa bir sahədə yaşanan inkişaf və yaxud tənəzzül digər sahələrdə adekvat şəkildə təzahür edir. Mütəxəssislərin qənaətinə görə, sosial mənzillərin tikintisi ilə bağlı reallaşdırılan layihələr 20-dək əlaqəli sahədə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. Son vaxtlarda inşaat sektorunda müşahidə edilən canlanma xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində ölkədə müşahidə edilən bu müsbət tendensiyadan məmnunluğunu bildirərək deyib: “Tikinti sektorunda canlanma gedir. Bu, tikinti materialları sektoruna da müsbət təsir göstərir. Gələn il bu sahədə işlər daha da sürətlə gedəcək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10

