Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Eldar İbrahimov: Prezidentlərin növbəti üçtərəfli Zirvə görüşünün keçirilməsi çox əhəmiyyətli tarixi-siyasi hadisədir

Eldar İbrahimov: Prezidentlərin növbəti üçtərəfli Zirvə görüşünün keçirilməsi çox əhəmiyyətli tarixi-siyasi hadisədir

03.11.2017 [10:10]

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qonşu, dost İrana səfəri, səfər zamanı İran Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə həm təkbətək, həm birlikdə görüşməsi, yəni 3 ölkənin dövlət başçılarının növbəti üçtərəfli Zirvə görüşünün keçirilməsi, həmin görüş zamanı Birgə Bəyannamənin imzalanması, verilən bəyanatlar, səsləndirilən mesajlar çox əlamətdar, önəmli və çox əhəmiyyətli tarixi-siyasi hadisədir”.
Modern.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib. Millət vəkilinin fikrincə, bu cür səfərlərin, bu tipli görüşlərin, sammitlərin keçirilməsi nəinki 3 ölkənin, bütövlükdə bölgənin və dünyanın xeyrinədir. E.İbrahimov deyib ki, bu cür qarşılıqlı səfərlər, zirvə görüşləri narahat, hər gün yeni-yeni münaqişə ocaqlarının alovlandığı dünyamızda inkişafın, tərəqqinin, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verə bilər: “Konkret olaraq, Azərbaycanla İran, Azərbaycanla Rusiya, bütövlükdə bu 3 ölkə arasında qarşılıqlı etibara və etimada əsaslanan yüksək səviyyəli qonşuluq, dostluq, müttəfiqlik münasibətləri var və bu münasibətlər hər gün yüksələn xətt üzrə inkişaf, regionumuzda sülhə, sabitliyə, təhlükəsizliyə xidmət etməkdədir”.
E.İbrahimov qeyd edib ki, qonşu dövlətlərlə dostluq əlaqələrinin, yüksək səviyyəli münasibətlərin qurulması, mövcudluğu hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir: “Çünki qonşu dövlətlərlə bu və ya digər səbəblərdən düzgün münasibətlər qurulmayanda bundan ilk növbədə həmin dövlətlərin və onların xalqlarının özləri əziyyət çəkirlər. Bu məsələdə acı və arzuolunmaz “təcrübələr” ortadadır və saysız-hesabsızdır. Ancaq münasibətlər normal olanda bu, həmin dövlətlərin və qonşu xalqların özlərinə böyük və müsbət təsirini göstərir. Azərbaycan da bu baxımdan öz qonşuları ilə qarşılıqlı etibara və etimada əsaslanan münasibətlərə böyük önəm verir. Azərbaycan bu gün istər İranla, istərsə də ən böyük qonşumuz olan Rusiya ilə yüksək səviyyəli, belə demək mümkünsə, strateji müttəfiqlik münasibətlərinə malikdir. Münasibətlərin bu səviyyəyə qalxmasında Ulu öndər Heydər Əliyevin və Onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin böyük rolu və müstəsna xidmətləri var.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyimizin ilk illərində, təcrübəsiz, şəriştəsiz iqtidarların dövründə istər şimal, istərsə də cənub qonşumuzla münasibətlərimiz çox gərgin idi, hətta deyərdim ki, az qala düşmənçilik həddindəydi. Ancaq 1993-cü ilin yayında Azərbaycan xalqının təkidli tələblərindən sonra yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik, tarazlaşdırılmış siyasəti nəticəsində istər İranla, istərsə də Rusiya ilə münasibətlərdə gərginlik, ziddiyyətlər aradan qaldırıldı, münasibətlər normallaşdırıldı və ildən-ilə dostluq, müttəfiqlik münasibətlərinə çevrildi”.
E.İbrahimov deyib ki, hazırda bu münasibətlərin yüksələn xətt üzrə inkişafında, eyni zamanda, cənab Putinlə cənab Ruhaninin böyük xidmətləri var: “Onlar da münasibətlərin yaxşılaşdırılması və yüksək səviyyəyə qaldırılmasına öz töhfələrini veriblər və verməkdədirlər. Odur ki, bu 3 ölkə arasında münasibətlərin, əməkdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsi hər zaman diqqət mərkəzindədir. Bundan qazanan isə bizlər, xalqlarımız və dövlətlərimiz olur və olacaq”.
Azərbaycanın qonşularından yalnız Ermənistanla heç bir əməkdaşlığa malik olmadığını deyən E. İbrahimov bunun da həmin dövlətin işğalçılıq və təcavüzkarlıq siyasəti ilə bağlı olduğunu bildirib: “Qeyd etdiyim kimi, Azərbaycan bütün qonşu dövlətlərlə yüksək münasibətlərə malikdir. Ümumiyyətlə, ölkəmiz bloklara qoşulmamaq xəttini tutaraq, bütün dünya dövlətləri ilə normal, sivil münasibətlərə malikdir, belə münasibətlərin qurulmasında maraqlıdır. Azərbaycan yalnız Ermənistanla heç bir əlaqələrə malik deyil. Bunun da əsas səbəbkarı və günahkarı elə həmin ölkənin özüdür. Məhz Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti ucbatından 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edir və sülhü təmin etmək mümkün olmur. İşğala və təcavüzə məruz qalmasına baxmayaraq, Azərbaycan illərdir münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük versə də, bu mövqeyinə sadiq qalsa da, ancaq Ermənistan, onun başabəla, cinayətkar rəhbərliyi hər dəfə danışıqlar prosesini müxtəlif bəhanələrlə pozur, status-kvonu uzatmağa, münaqişənin “dondurulmuş” şəkildə qalmasına cəhd göstərir. Eyni zamanda, işğalçı qonşumuz bu cür yarıtmaz, qeyri-konstruktiv siyasəti ilə özünü Azərbaycanın da yaxından iştirak etdiyi regional və qlobal-beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayır. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir. Onun sözü, nüfuzu ilə bütün dünyada hesablaşırlar. Yəni Azərbaycanın razılığı və iştirakı olmadan bu regionda heç bir layihə reallaşdırıla bilməz. Bu baxımdan da, nə qədər ki, Ermənistan təcavüzkarlıq və işğalçılıq siyasətindən əl çəkməyib, Azərbaycan torpaqlarının işğalına son qoymayıb, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz öz doğma yurdlarına qayıtmayıb, dəhşətli müharibə cinayətləri, Xocalı qətliamı ilə bağlı gerçəkliklər onların dilindən etiraf olunmayıb və bunlarda əli olanlar haqlı cəzalarına çatmayıb, o zamana kimi Ermənistanla hər hansı münasibətdən, onların hər hansı layihədə iştirakından söhbət gedə bilməz. Ancaq hələ də gec deyil, onlar öz yanlışlıqlarından, təcavüzkarlıq, işğalçılıq xislətlərindən və siyasətlərindən əl çəkməlidirlər. Başqa yolları da yoxdur, artıq dalana dirəniblər...”
E.İbrahimov sonda qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə İranda keçirilən üçrətəfli Zirvə görüşü Azərbaycan, Rusiya və İran arasında münasibətlərin inkişafında növbəti mərhələ olacaq: “Bir daha bu səfəri və üçtərəfli Zirvə görüşünü yüksək qiymətləndirir, onun qarşılıqlı münasibətlərin inkişafına böyük təkan verəcəyi və yeni mərhələ təşkil edəcəyini əminliklə vurğulamaq istəyirəm”.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30