Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

31.10.2017 [09:56]

Oktyabrın 27-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Hökumətlərarası Komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi Litva nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas iştirak ediblər.
İclas iştirakçılarını salamlayan Litvanın xarici işlər naziri L.Linkyaviçyus vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Nazir deyib ki, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır.
L.Linkyaviçyus qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan hər bir ölkə bu proqrama böyük ümid bəsləyir. Litva Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edə bilər. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun bütün dünyada məlum olduğunu deyən nazir bildirib ki, yeni “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.
L.Linkyaviçyus Litvanın ali məktəblərində iki yüzdən çox azərbaycanlı tələbə təhsil aldığını xüsusi qeyd edib və bu tələbələrin gələcək mütəxəssislər kimi hər iki ölkənin elçiləri olduğunu vurğulayıb.
Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədov səmimi qəbul üçün Litva tərəfinə təşəkkürünü bildirib. Nazir deyib ki, 2010-cu ildə fəaliyyətə başlamış Hökumətlərarası Komissiya bu müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin dərinləşməsinə sanballı töhfə verib, müxtəlif sahələrdə bir sıra layihələrin reallaşdırılmasını dəstəkləyib. F.Məmmədov bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı qarşılıqlı səfərlərin olduğunu xatırladaraq, bununla yanaşı iki ölkə arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu vurğulayıb.
Qeyd edilib ki, son üç il ölkələrimizin regionları arasında əlaqələrin inkişafı baxımından daha səmərəli olub. 2014-cü ildə “Azərbaycanın Şəmkir və Litvanın Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması haqqında” Niyyət Protokolunun imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələ olub. Bu baxımdan, Litvada istirahət mərkəzləri və müalicəvi kurortları ilə məşhur olan Druskininkay şəhəri ilə Azərbaycanın məşhur müalicəvi mərkəzləri - Naftalan şəhəri və Naxçıvandakı Duzdağ kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları xüsusi qeyd edilməlidir.
F.Məmmədov Azərbaycanın iqtisadi imkanları və logistik potensialı barədə məlumat verərək deyib ki, yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək. Vergilər naziri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayaraq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə məlumat verib.
Nazir iki ölkənin ali məktəbləri arasında əməkdaşlığı, Litva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artmasını qeyd edərək Avropanın ən qədim universitetlərindən olan Vilnüs Pedaqoji Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan auditoriya açılmasından məmnun olduğunu bildirib.
Vergilər naziri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi prosesində, o cümlədən Azərbaycan ilə Aİ arasında hərtərəfli saziş imzalanmasında Litvanın böyük dəstəyini xüsusi qeyd edib.
F.Məmmədov vurğulayıb ki, bununla bərabər, ikitərəfli əməkdaşlığın miqyası ölkələrimizin iqtisadi potensialına tam cavab vermir və bu potensialın tam səfərbər edilməsi Hökumətlərarası Komissiyanın işinin mühüm istiqamətlərindən biridir.
İclasda hər iki ölkənin iqtisadi durumu, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan ilə Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus imzalayıblar.
Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq bir sıra məsələlər barəsində razılığa gəliblər. Bunlara keçiriləcək sərgilər, konfranslar, biznes-forumlar barədə işgüzar dairələr üçün mütəmadi informasiya mübadiləsi, kimya və neft-kimya sənayesi, aqrokimya, əczaçılıq və tibbi avadanlıq üzrə ixtisaslaşan Litva şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən Sumqayıt kimya-sənaye parkında investorlar qismində iştirakının təşviq edilməsi daxildir.
Tərəflər ticari-iqtisadi sahədə əməkdaşlığın tənzimlənməsi, ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazasının, energetika, kənd təsərrüfatı və ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Azərbaycan tərəfi Litvadan Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda istehsal edilmiş məhsulun idxalına, ixracına, satışına və reallaşdırılmasına icazə verməməyi xahiş edib.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Litva XİN başçısı Linas Linkyaviçyus imzalayıblar.
Bundan başqa, “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumu” imzalanıb.
Litvaya səfəri zamanı vergilər naziri F.Məmmədov bir sıra mühüm görüşlər də keçirib. Litva Seyminin sədri Viktoras Pranskietis ilə görüş zamanı Azərbaycan-Litva parlamentləri arasında əlaqələrin inkişafı müzakirə mövzusu olub. Parlamentlərarası əlaqələrin inkişafından danışarkən F.Məmmədov iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Litva Seyminin sədri Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun Seymdə ən böyük qruplardan biri olduğunu xatırladıb və Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Vergilər naziri Fazil Məmmədovun Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus ilə təkbətək görüşü də keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənməkdədir. Litvanın Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlıq Sazişinin imzalanmasına hazırlıq prosesinə mühüm töhfə verdiyi qeyd edilib.
F.Məmmədov səfər çərçivəsində Şərqi Avropanın qədim ali təhsil ocaqlarından biri olan Vilnüs Pedaqoji Universitetində açılmış Azərbaycan auditoriyasına da baş çəkib, Universitetdə oxuyan azərbaycanlı tələbələrlə görüşüb.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30