Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

21.10.2017 [09:15]

İclasda bir sıra sənədlərə dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın payız sessiyası barədə çıxış edib. Səməd Seyidov bu sessiyanın digər sessiyalardan fərqli olaraq o qədər də asan keçmədiyini bildirib. O deyib ki, səbəb təkcə Azərbaycanla bağlı sənədlərin müzakirəsi deyildi, ümumiyyətlə, sessiyanın bir neçə günü Azərbaycana həsr olundu: “Sual olunur. Buna nə ehtiyac var idi? Nəyə görə Azərbaycanla bağlı məsələlər gündəmə gətirildi? Bütün bunlar bizə aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf alaraq öz niyyətlərini həyata keçirirlər. Azərbaycandan başqa monitorinq altında olan ölkələr də var, lakin həmin ölkələrə bu cür yanaşılmır. Görürük ki, burada Azərbaycan bir hədəf kimi seçilib. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən, hətta nifrət edən deputatlar əsassız iddialar səsləndirdilər. Keçirilən iclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş sənədlərə elə əlavələr edirlər ki, bunlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Bu gün Avropa Şurasının baş katibi ən yüksək dəyərləri - insan haqlarını, demokratiyanı alətə çevirərək Azərbaycana qarşı təzyiq göstərir”.
S.Seyidov qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi yüksək siyasət bütün Avropaya bəllidir: “Lakin orada çıxış edən deputatların fikirlərinin heç biri həqiqət deyil. Bu gün yalnız bir insanın hüquqlarını tələb etmək, lakin 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını tanımamaq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir. Biz bu tələbi Avropa Şurasının hər zaman qarşısında qoymuşuq”.
Millət vəkili deyib ki, Azərbaycanla bağlı qətnamələrin qəbulunda səsvermə zamanı bir sıra insanlar təsir altına düşərək səs veriblər: “Burada ilk növbədə Ukraynadan olan deputatları qeyd etmək istəyirəm. Ukrayna deputatları Azərbaycan əleyhinə çıxış ediblər. Bildiyiniz kimi, Ukrayna-Azərbaycan əlaqələri inkişaf mərhələsini yaşayır. Təəssüf ki, həmin deputatlar Azərbaycanın əleyhinə səs veriblər. Bu, onların Ukraynaya qarşı çıxması deməkdir. Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar, bitərəf qalıblar”.
Avropa Şurasında Azərbaycan-Tükiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən deputat söyləyib ki, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da çıxışında buna aydınlıq gətirib: “Bizim əlaqələrimiz möhkəmdir. Bir neçə nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri bu mənzərəni dəyişə bilməz”.
“Nümayəndə heyəti Avropa Şurasında baş verənlərə baxmayaraq, öz mövqeyini ortaya qoyub. Nümayəndə heyətimiz 16 ildir ki, Avropa Şurasında fəaliyyət göstərir. Əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycana olan hücum uğurlarımızın məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Onlar uğurlu siyasətə qarşı çıxırlar. Biz Avropa Şurası ilə münasibətləri ciddi təhlil etməliyik. Əgər biz xoşagəlməz hadisələrin baş verdiyini görürüksə, o zaman ciddi qərarlar qəbul etməli, sözümüzü deməliyik. Bu gün Avropa Şurası Avropa demək deyil, Avropa məkanı çox genişdir. Biz işlərimizi bu istiqamətdə görməliyik”, - deyə S.Seyidov vurğulayıb.
“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”. Bu fikirləri isə Milli Məclisin sədri Oqtay Əsədov deyib. Onun sözlərinə görə, AŞPA katibi Yaqland Azərbaycana qarşı düşmən mövqedə olan şəxsdir: “Avropada 68 ildir ki, tətbiq olunmayan bir maddəni Azərbaycana qarşı qəbul etmək istəyirlər. Hansı ki, Avropa Şurasında Avropa Məhkəməsinin 10 minlərlə qərarı yerinə yetirilmir. Hətta onların cərimələri belə verilmir. Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil sanki lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi tam ədalətsizlikdir”.
Millət vəkillərindən Rüfət Quliyev, Fazil Mustafa, Zahid Oruc, Qənirə Paşayeva, Elşən Musayev və digərləri çıxış edərək məsələ ilə bağlı fikirlərini bildiriblər.
Millət vəkili Elman Nəsirov isə çıxışında Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra erməni tərəfinin bəyanatlarını tənqid edib. O bildirib ki, Sarkisyan və Nalbaldyan çıxışlarında Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacağını iddia edirlər. Millət vəkilinin fikrincə, belə bəyanatlar sülh prosesini pozmağa xidmət edir. Spiker Oqtay Əsədov isə bildirib ki, erməni tərəfinin nə deməsindən asılı olmayaraq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyi bütün dünyaya məlumdur: “Prezident İlham Əliyev dəfələrlə bəyanat verib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və ərazi bütövlüyümüz heç vaxt danışıqlar predmeti deyil”.
Daha sonra millət vəkilləri gündəlikdə olan məsələləri müzakirə ediblər. Əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu müzakirəyə çıxarılıb. Sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, sənədə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.
MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı Məclisə deputat seçilə bilər.
Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrumetmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatı mandatdan məhrumetmə tələbi 5-dən 7-yə qaldırılır.
Müzakirələrdən sonra sənəd qəbul edilib.
Parlamentin iclasında həmçinin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub: “Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. Müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb”.
Komitə sədri bildirib ki, sənəddə 3 maddə tamamilə dekriminallaşıb: “Bu, ehtiyatsızlıqdan sağlamlığa zərərvurma və mülkiyyət əleyhinə olan 131.1 və 184 və 189-cu maddələrdir. Eyni zamanda, məcəllənin ümumi hissəsində cinayətlərin təkrar törədilməsi maddəsi yeni redaksiyada verildiyinə görə digər 10 cinayət tərkibi dekriminallaşdırılıb. Beləliklə, təxminən 15-ə yaxın maddə dekriminallaşdırılıb”.
Onun sözlərinə görə, məcəlləyə yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəza növü əlavə edilib. “Bu təbii ki, kifayət qədər humanist bir yanaşmadır və qanun layihəsində 140-dan çox maddənin sanksiyasında alternativ olaraq bu cəza növü nəzərdə tutulur. Ümumiyyətlə, Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir. Bu, ölkəmizdə hüquqi sahədə islahatların tərkib hissəsidir, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı atılan addımdır”, - deyə komitə sədri vurğulayıb.
Qeyd olunub ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicəyə cəlb olunacaq. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar.
Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar təklif olunur. Həmin Sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Qeyd edilənlərə əsasən təqdim olunan qanun layihəsində Cinayət Məcəlləsinə müəyyən istiqamətlər üzrə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, bu dəyişikliklərə cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqinin genişləndirilməsi, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi məsələləri daxildir.
Beləliklə, təqdim edilən qanun layihəsində qeyd olunan istiqamətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsində müvafiq dəyişikliklər edilib. Eyni zamanda, layihədə Cinayət Məcəlləsinin müvafiq maddələri normayaratma texnikası baxımından təkmilləşdirilib.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, sözügedən vacib və irihəcmli dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının təmini baxımından mühüm bir sənəddir. Əsas məqsəd qanunvericiliyi dövlətin cəza siyasətinə uyğunlaşdırmaqdır. Dəyişikliklərin qəbul edilməsi həm də Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq. Onun sözlərinə görə, hər bir dövlətin cəza-hüquq siyasəti var: “Yəni dövlət cəza siyasətində humanizmə üstünlük verir. Eyni zamanda, dünyanın heç bir ölkəsində ideal qanunvericilik sistemi yoxdur. Zaman keçdikcə çatışmazlıqlar da aradan qaldırılacaq. Hazırkı qanun layihəsi humanizmlik prinsiplərinə əsaslanıb”.
Deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli, Elmira Axundova, Musa Quliyev, Zahid Oruc, Tahir Kərimli, Vüsal Hüseynov və Fərəc Quliyev Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsinə təklif olunan dəyişikliklər cəza siyasətinin humanistləşdirilməsi məqsədindən irəli gəlir. Müzakirə olunan layihələr səsə qoyularaq qəbul olunub.
İclasda həmçinin gündəlikdə olan digər məsələlər də müzakirə olunub, bir sıra sənədlərə dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30