Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə hökuməti Azərbaycanın milli maraqlarını nəzərə almalıdır

Türkiyə hökuməti Azərbaycanın milli maraqlarını nəzərə almalıdır

18.10.2017 [10:13]

Bu ölkənin vətəndaşlarının Qarabağa qeyri-qanuni səfəri, deputatlarının isə AŞPA-da Azərbaycanın mənafeyinə zidd olan qətnaməni dəstəkləməsi yolverilməzdir
Türkiyə-Azərbaycan münasibətləri hər zaman dünyaya qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsi kimi göstərilir. İki ölkə arasında istər siyasi, istər mədəni, istərsə də iqtisadi münasibətlər hər zaman dostluq və qardaşlıq kimi dəyərlər əsasında uğurla inkişaf edib. Lakin təəssüf ki, bir müddətdir baş verənlər iki qardaş ölkə arasında olan əlaqələrin ruhuna uyğun gəlmir.
Belə ki, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Bu azmış kimi, Qarabağa səfər edən Türkiyə vətəndaşları hazırda Türkiyə KİV-lərində, internet mediada qanunsuz səfərləri və “səfər təəssüratları” haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar. Vurğulanmalıdır ki, Türkiyə hökumətinin bu günə qədər də bu 4 xəyanətkara qarşı ciddi tədbir görməməsi isə Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurur.
Bununla yanaşı, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin Cumhuriyyet Xalq Partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı qərəzli hesabat üzrə Qətnamənin lehinə səs vermələri də anlaşılan deyil. Hər zaman Türkiyənin maraqlarını öz maraqları sayan Azərbaycana qarşı belə münasibətin, eyni zamanda, erməni lobbisinin və antitürk, antiislam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan hadisədir.
Məsələyə münasibət bildirən millət vəkili Azər Badamov deyib ki, Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizdən xəbərsiz, qeyri-qanuni səfər etmək birmənalı şəkildə beynəlxalq hüquq normalarının pozulmasıdır. Buna görə də Türkiyə hökuməti beynəlxalq hüquq normalarına əməl etməli və həmin şəxsləri cəzalandırmalıdır: “Təbii ki, Türkiyə ilə Azərbaycan arasındakı mənəvi bağlılıq bu məsələni daha da dərinləşdirir. Haqlı olaraq bu gün Azərbaycan cəmiyyəti, ölkə ziyalıları öz narazılıqlarını ifadə edirlər. Qarabağa səfər edən şəxslər Azərbaycan ilə yanaşı, Türkiyənin də milli maraqlarına qarşı gəliblər. İşğalçı, terroru dövlət siyasəti edən Ermənistanın çirkin oyunlarının tərkib hissəsinə çevrilən, Azərbaycanın mənafeyini heçə sayan bu şəxslər qanun qarşısında mütləq şəkildə cavab verməlidirlər”.
Millət vəkili AŞPA-da Azərbaycanın əleyhinə olan qətnamənin lehinə səs vermiş türkiyəli deputatların addımlarını da yolverilməz adlandırıb: “Azərbaycan xalqı, dövlət rəsmilərimiz, vətəndaş cəmiyyətimiz birmənalı şəkildə Türkiyənin maraqlarını öz maraqları sayır. Xaricdə yaşayan həmvətənlərimiz qondarma soyqırımı iddialarına qarşı hər zaman Türkiyə ilə birgə mübarizə aparırlar. 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev birmənalı şəkildə Türkiyə dövlətinin, xalqının yanında olduğumuzu və dəstəyimizi ifadə etmişdi. Bütün bunların qarşılığında türkiyəli deputatların bu addımı qardaşlıq münasibətlərinin üstünə kölgə salır. İnanıram ki, baş verənlərlə bağlı Türkiyə hökuməti lazımi ölçü götürəcək”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də baş verənlərin cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadığını dilə gətirib. B.Quliyev bildirib ki, Türkiyə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfəri Türkiyə hökuməti tərəfindən ciddi araşdırılmalı, baş verənlərdə məsuliyyət daşıyan şəxslər mütləq şəkildə qanunun tələbləri çərçivəsində cəzalandırılmalıdırlar: “Türkiyə hökumətinin susqunluğu qardaşlıq münasibətlərinə adekvat deyil. Analoji hal Lapşinlə bağlı baş verdyi zaman Belarus dövləti günahkarın tutulub Azərbaycana ekstradisiya olunmasını təmin etmişdi. Bu gün Türkiyə ən azından Belarus dövləti kimi iradə nümayiş etdirməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan xalqı baş verənlərlə bağlı izahat gözləyir”.
B.Quliyev türkiyəli deputatların AŞPA-da ölkəmizə qarşı olan qətnaməni dəstəkləməsini milli maraqlarımıza zərbə kimi dəyərləndirib. Onun sözlərinə görə, əgər Türkiyə hökuməti Qarabağa səfər edən, Azərbaycanın mənafeyini heçə sayan vətəndaşlarına qarşı qanuni vəzifəsini tam yerinə yetirsəydi, bu gün rəsmi Ankaranı təmsil edən millət vəkilləri ilə bağlı da analoji vəziyyət yaranmazdı: “Azərbaycan Respublikasının Prezidenti hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. AŞPA-da Prezident İlham Əliyevin məlum çıxışı bunun əyani təzahürü idi. Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Amma Türkiyəni təmsil edən millət vəkillərinin bu addımı iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradır”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30