Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / OCCRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir

OCCRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir

07.09.2017 [10:15]

Yaxud, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası xarici anti-azərbaycançı mərkəzlərin və ermənipərəst qüvvələrin növbəti dəfə Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar dünya ictimaiyyəti tərəfindən etiraf edilməkdədir. Lakin ölkəmizin regionun əsas siyasi aktoruna çevrilməsi, qlobal məsələlərin müzakirəsində söz sahibi olması, beynəlxalq tribunalardan öz haqq səsini ucaltması, mühüm dialoqların aparıldığı siyasi mərkəz rolunda çıxış etməsi hər zaman olduğu kimi, yenə də xaricdəki anti-azərbaycançı dairələri, o cümlədən ermənipərəst mərkəzləri narahat etməkdədir. Belə ki, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələr və gedən proseslərə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutması adıçəkilən xarici dairələri min bir yola əl atmağa, yalanlar danışmağa, dezinformasiyalar yaymağa vadar edir. Yəni, zaman-zaman Azərbaycana qarşı güclənən və səngiyən belə çirkin qarayaxma kampaniyalarının həyata keçirilməsinə səbəb ölkəmizin heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasət aparmasıdır.
Yeri gəlmişkən, son günlərdə ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyası da xarici anti-azərbaycançı mərkəzlərin və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir. Bu məqsədlə guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın aldığı, onları gizli fondlardan maliyyələşdirdiyi barədə növbəti dezinformasiya dövriyyəyə buraxılır və beynəlxalq media tərəfindən süni şəkildə tirajlanır. Təbii ki, hər zaman etibarlı tərəfdaş, demokratiyanın inkişafına münbit şərait yaradan ölkə kimi xarakterizə olunan Azərbaycan dövləti haqqında belə yalanların yayılması ermənipərəst mərkəzlərin əsl niyyətini ortaya qoymaqla yanaşı, bu yalanların yayılma səbəblərini də ifşa edir. Ən əsası, belə yalanların hansı “mənbələrdən” tirajlanması, arxasında hansı qüvvələrin olması da bu dezinformasiyanın hansı səbəblə ortaya atıldığını üzə çıxarır.
Qeyd edək ki, bu “informasiya” dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının adından verilib və dərhal bəlli xarici KİV şəbəkəsi tərəfindən ictimailəşdirilib. Ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyalarında bilavasitə iştirakçı qismində çıxış edən həmin KİV-lər isə Azərbaycan haqqında ortaya atılmış bu yalan iddianı tirajlamaqla hansı ünvanlara “xidmət göstərdiklərini” açıq şəkildə ortaya qomuş olurlar.
Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə yalan iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu məqamlar isə artıq şərhə ehtiyac qoymur. Yəni erməni lobbisinin və eləcə də onların havadarlarının belə çirkin və gülünc iddialara əl atması onların artıq çıxılmaz vəziyyətdə olmasından xəbər verir.
Digər tərəfdən vurğulanmalıdır ki, bu antimilli dairələr təkcə Azərbaycanı deyil, həm də ölkəmizə xoş münasibət bəsləyən, onun inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri - ictimai-siyasi xadimləri, rəsmi şəxsləri, ekspertləri də hədəfə alırlar. Bir sözlə, ölkəmizdəki demokratik inkişafı bəyənən, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini dilə gətirən, ölkəmizin dünyada sülhün və əmin-amanlığın qorunmasında, sivilizasiyalararası dialoqun aparılmasında oynadığı rolu dəyərləndirən hər bir tanınmış sima bu ermənipərəst şəbəkənin düşməninə çevrilir, həmin şəxslərə qarşı ağlagəlməz yalanlar səsləndirilir.
Maraqlıdır ki, əgər OCCRP, həqiqətən də, korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, görəsən, nə üçün erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır? Hansı səbəbdən erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçiləri necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında heç nə verilmir?
Deməli, bütün bunlar onu göstərir ki, OCCRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir. Ancaq onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30