Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək

12.05.2017 [09:54]

Prezident İlham Əliyev: ... İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli maraqları əsasında uğurla təmsil olunur, etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsi də qeyd olunmalıdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Bütövlükdə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
O da vurğulanmalıdır ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc edilmiş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində qeyd edilib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün praktiki addımlar atır: “Hər il Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq “Humanitar Davos” adını qazanmışdır. 2016-cı ildə biz Yaxın Şərq və Afrika ölkələrindən Avropaya pənah aparan miqrantların necə aqressiv qarşılandığının, islamofob meyillərin açıq şəkildə özünü büruzə verdiyinin şahidi olduq. Belə vəziyyətdə Azərbaycan 2016-cı ili “Multikulturalizm ili” elan edərək bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Biz nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edirik”.
Azərbaycan İslam ölkələri arasında çoxşaxəli əlaqələrin genişlənməsində önəmli rol oynayır
Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində də nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Daha doğrusu, hər il düzənlənən İƏT-in zirvə toplantılarında qəbul edilən yekun qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət düzgün qiymətləndirilir və Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bununla yanaşı, Azərbaycan da müsəlman dünyasında hökm sürən konfliktlərin aradan qaldırılması istiqamətində öz fəal səylərini davam etdirir. Dövlətimizin başçısı “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində diqqətə çatdırıb ki, Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmir, problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüququ müdafiə edir və öz prinsipial mövqeyini həmişə qoruyub saxlayır: “Ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır”.
Prezident İlham Əliyev bəhs olunan məqaləsində onu da vurğulayıb ki, qarşıdakı dövrdə İslam ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın siyasi əlaqələrimizin səviyyəsinə çatdırılması bizim əsas hədəflərimizdən biridir: “Biz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm veririk”.
Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli adı daşımağa Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.
Bütövlükdə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. Bu məqamda qeyd etmək yerinə düşər ki, Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur ki, bu da İslam irsinin qorunmasında və yaşadılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ölkəmiz İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xüsusi diqqət yetirir
O da qeyd edilməlidir ki, Azərbaycan İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xüsusi diqqət yetirir. Ümumiyyətlə, İslam dünyasında həmrəyliyin təmin olunmasına müstəsna töhfələr verən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya mühüm bir çağırışdır. Bu, bir həqiqətdir ki, bu gün müsəlman ölkələrinin həmrəylik amilinə böyük diqqət göstərilməsi strateji zərurət kimi çıxış edir. Bu mənada, Azərbaycanın həmrəyliyə xidmət edən rolu və mövqeyi olduqca təqdirəlayiqdir. Bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tempinə malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, Azərbaycanı müsəlman ölkələrinin etibarlı tərəfdaşına, İslam həmrəyliyinə müstəsna töhfələr verən dövlətə çevirib. Ən əsası, bütün bunlar bütövlükdə İslam həmrəyliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir.
Dünya ictimaiyyəti IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müsəlman ölkələrinin birlik və həmrəyliyinə şahidlik edəcək
Bu kontekstdə IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Əminliklə söyləmək olar ki, IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi əlamətdar hadisədir.
Şübhəsiz ki, dünya ictimaiyyəti IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müsəlman ölkələrinin birlik və həmrəyliyinə şahidlik edəcək. Prezident İlham Əliyev sözügedən məqaləsində vurğulayıb: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.
Əlbəttə, sivilizasiyalarası dialoqun inkişafına müstəsna töhfələr verən, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda ilk Avropa Oyunlarından sonra IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ölkəmizin siyasəti və nüfuzunun göstəricisidir. Yeri gəlmişkən, mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “... İki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Əminəm ki, burada güclü rəqabət olacaqdır. Ancaq bir daha da qeyd etmək istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir. Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var”.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edəcək
Sadalananlarla yanaşı, digər bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Ümumiyyətlə, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə kimi seçilməsinin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Bütövlükdə, bu zamana qədər əldə edilən nailiyyətlər və görülən işlər Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına da uğurla ev sahibliyi edəcəyini deməyə əsas verir. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Komitənin yekun iclasında çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır: “Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə, Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30