Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda yeni iqtisadi modelə keçid ixracın genişlənməsi üçün yaxşı imkanlar yaradıb

Azərbaycanda yeni iqtisadi modelə keçid ixracın genişlənməsi üçün yaxşı imkanlar yaradıb

03.05.2017 [08:36]

Prezident İlham Əliyev: Biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik
Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri güclü iqtisadiyyat quruculuğu ilə bağlıdır. Milli iqtisadiyyatın güclənməsi və ölkənin iqtisadi müstəqilliyinin təmin olunması Azərbaycanın inamlı daxili və xarici siyasət həyata keçirməsində əsas amil qismində çıxış edir. Bu gün müstəqil Azərbaycan bütün dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, böyük hörmətə layiq bir dövlət kimi tanınır ki, bunun da əsasında dövlətin, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə yanaşı, həm də güclü iqtisadiyyat dayanır. Özünün geniş iqtisadi-maliyyə resurslarına istinad edən Azərbaycan regional lider dövlətə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Azərbaycanın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılan layihələr bütövlükdə Cənubi Qafqaz regionunun inkişafını təmin edir.
Ümumiyyətlə, statistik rəqəmlər son 13 ildə Azərbaycanın bütün dünya üzrə ən sürətlə inkişaf edən ölkələr sırasında yer aldığını təsdiqləyir. Bəhs olunan dövrdə ölkəmizə daxili və xarici mənbələrdən təxminən 200 milyard dollar həcmində sərmayələr yönəldilib, bütün respublika boyu 70 mindən çox yeni müəssisə istifadəyə verilib və 1,5 milyondan çox yeni iş yeri açılıb. Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də inkişafa istiqamətlənib. Belə ki, respublikamız qlobal iqtisadi böhranın mənfi təsirlərini effektiv şəkildə önləməklə özünün iqtisadi göstəricilərini artırmaqda davam edir. Cari ilin birinci rübündə Azərbaycan strateji valyuta ehtiyatlarını bir milyard dollar səviyyəsində artırmağa nail olub ki, bu da dünyadakı məlum kataklizmlər fonunda kifayət qədər yaxşı uğurdur.
Azərbaycanın yeni iqtisadi modeli bir sıra səciyyəvi cəhətləri ilə fərqlənir
Bu məqamda vurğulamaq yerinə düşər ki, hazırda dünyada yaşanan qlobal çətinliklərin fonunda ölkəmizin öz təhlükəsizliyini təmin etməsinin əsasında yeni iqtisadi modelə keçidi uğurla təmin etməsi amili dayanır. Respublikamızın ilk növbədə daxili resurslarına, tarixən formalaşan ənənələrinə istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modeli bir sıra xarakterik cəhətləri ilə fərqlənir ki, burada ilk növbədə daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətləri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə daha az məruz qalaraq yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft əsas rol oynamasın. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində ölkəmizdə uğurlu iqtisadi diversifikasiya siyasətinə diqqət çəkərək bildirib: “Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir”.
Öz növbəsində ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolu var. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Ötən 13 ildə fond tərəfindən sahibkarlara təxminən 2 milyard manat güzəştli kreditlər verilib. Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 80 faizə çatıb.
Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında o yolu tutub ki, perspektivdə ölkəmizin neft sektorundan asılılığı tamamilə aradan qaldırılmalıdır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün hazırda paytaxtda və bölgələrdə neftdənkənar iqtisadiyyat üzrə yeni müəssisələr yaradılır, aqrar sektorda yüksək məhsuldarlığı təmin edən intensiv metodların tətbiqinə geniş meydan verilir. Prezident İlham Əliyev bildirib ki, bundan sonra iqtisadiyyatımızı ancaq yeni yanaşmalar əsasında qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik: “Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.
Respublikamız məqsədyönlü diversifikasiya siyasətinə uyğun olaraq həmçinin ixracın şaxələndirilməsinə nail olmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir. Prezident İlham Əliyev diqqəti bir daha qeyri-neft ixracının artırılmasının zəruriliyinə çəkərək vurğulayıb: “Qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.
Aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir
Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Dövlət başçısının qəbul etdiyi mühüm qərarlar və aparılan islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bu islahatlar biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə inklüzivliyinin daha geniş miqyasda təmin edilməsi, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi, daxili bazarın qorunması və bu kimi digər vacib istiqamətləri əhatə edir.
Ölkəmizdə 2016-cı ildən tətbiqinə başlanan yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Fərmanla nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb.
Aparılan islahatlar çərçivəsində həmçinin ixracın stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən ildən respublikamızda ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Sözügedən müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ixracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib.
Tətbiq edilməyə başlandığı qısa müddət ərzində sahibkarlar tərəfindən mexanizmə böyük maraq göstərilib. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə başlanan islahatların əhatə dairəsi kifayərt qədər genişdir. İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə, o cümlədən də 2017-ci ildə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyev ölkəmizdə ötən ildən start verilən islahatların önəmindən bəhs edərək deyib: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım Fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir”.
Ölkəmiz kosmik sənayeni inkişaf etdirməklə bir neçə məqsəd güdür
Yeni şəraitdə Azərbaycanın bundan sonra da inkişafın ardıcıllığını təmin etmək naminə müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biri də sənaye sektorunda istehsal imkanlarının genişləndirilməsi ilə bağlıdır. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Cari ilin birinci rübündə ölkənin qeyri-neft sənayesi 2 faizdən çox artıb.
Hazırda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda sənaye istehsalının genişləndirilməsi istiqamətində innovativ əsaslı bir sıra iri layihələr icra edilir. Yeni layihələrə əsasən, yaradılan müəssisələrdə ölkəmizin böyükhəcmli ixrac imkanları formalaşacaq. Prezident İlham Əliyev sahibkarlara çağırış edərək deyib: “İndi Azərbaycanda bir neçə böyük sənaye müəssisəsi yaradılır. Mən bu barədə demişəm, sahibkarlara tövsiyələrimi vermişəm, bir daha demək istəyirəm ki, onlar bu böyük müəssisələrin istehsal edəcəyi xammaldan səmərəli şəkildə istifadə etsinlər, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul ixrac edək”.
Ölkədə reallaşdırılan iri sənaye layihələri arasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq.
İnnovativ, yüksək texnologiyalı sənaye quruculuğuna göstərilən diqqət sayəsində Azərbaycanın kosmik dövlətə çevrilməsi də böyük nailiyyətdir. Ölkəmiz kosmik sənayeni inkişaf etdirməklə bir neçə məqsəd güdür. Bu, ilk növbədə yeni texnologiyaların ölkəmizə gətirilməsi deməkdir. Bundan başqa, kosmik sənaye inkişaf etdikcə, bu sahədə çalışmağı bacaran milli kadrlar ordusu yetişir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda “Azərkosmos” ASC sırf milli kadrlar tərəfindən idarə olunur. Deyilənlərdən başqa, respublikamız orbitə çıxartdığı peyklərinin xidmətlərini xarici ölkələrə satır ki, bu da respublikamıza əlavə valyuta daxil olması deməkdir. Paralel şəkildə, innovativ xidmətlər ixrac edən Azərbaycanın beynəlxalq imici getdikcə möhkəmlənir.
Qeyd edək ki, indiyədək iki peykimiz orbitə çıxarılıb. Ölkəmizdə kosmik sənayenin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib: “Ölkəmizdə yüksək texnologiyalar inkişaf edir. Biz indi kosmik sənayeni inkişaf etdiririk. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür. Bizim iki peykimiz var, üçüncü peyk hazırlanır və biz bu xidmətləri artıq xaricə satırıq. Bu da ixracın bir növüdür”.
Azərbaycanın hərbi texnika ixracına başlaması qürurverici haldır
Müşavirədə Prezident İlham Əliyev son illərdə milli sənayemizdə yaranan daha bir ixrac istiqaməti barədə də danışıb. Söhbət hərbi texnikanın ixracından gedir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Yerli müdafiə sənayesinin yaradılması ilə, ilk növbədə, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb.
Eyni zamanda, Azərbaycan müxtəlif döyüş texnikalarının nümayiş olunduğu beynəlxalq sərgilərdə də uğurla iştirak edir. Həmin sərgilərdə Azərbaycanın buraxdığı müdafiə sənayesi məhsullarına böyük maraq göstərilib. Ayrı-ayrı ölkələr həmin məhsulları almaqla bağlı niyyətlərini ifadə ediblər və qarşılıqlı razılıq əsasında müqavilələr imzalanıb. Bəhs olunan müqavilələr əsasında respublikamız yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli hərbi texnikanı xarici ölkələrə satır və bundan müəyyən həcmlərdə valyuta qazanır. Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb: “Bizim yeni bir ixrac istiqamətimiz yaradılıbdır. Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir. On il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək. Bu gün bu, reallıqdır, biz buna nail olmuşuq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31