Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda bütün sosial məsələlər həllini tapır

Azərbaycanda bütün sosial məsələlər həllini tapır

15.04.2017 [10:22]

Prezident İlham Əliyev: Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir
Azərbaycanın hər zaman özünün dərin məzmunlu sosial siyasətinə sadiq qalması, iqtisadi potensialın artmasından davamlı şəkildə insanların həyat səviyyəsinin yüksəldilməsi naminə istifadə edilməsi ölkəmizi fəqləndirən əsas cəhətlərdən biridir. Respublikamızda səmərəli iqtisadi siyasət hər sahədə ölkənin güclənməsinə, o cümlədən də milli gücün artmasını şərtləndirən vacib amillərdən biri kimi sosial sahənin prioritetliyinin təmin olunmasına xidmət edir. Ölkəmizdə milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədədir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkədə cari ilin birinci rübündə yeni sosial təşəbbüslər irəli sürülüb
Mənfi xarici təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də ölkəmiz genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Bunun təsdiqi kimi təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, ötən il ölkəmizdə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Azərbaycan həmçinin 2017-ci ilə də yeni sosial təşəbbüslərlə başlayıb. Cari ilin dövlət büdcəsi vəsaitlərinin 40 faizdən çoxunun məhz sosial xərclərə yönəldilməsi nəzərdə tutulub. Bundan başqa, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Minimum aylıq əməkhaqqının artırılması ilə paralel şəkildə dövlət və özəl sektorda çalışanların əmək haqlarında da müəyyən artımlar baş verəcək.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında müvafiq Sərəncama əsasən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Eyni zamanda, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Respublikamızda fərdi uçot sistemində qeydiyyata alınan vətəndaşların sayının cari ilin 1 yanvar tarixinə 3 371 908 nəfərə çatdığını nəzərə alsaq, görərik ki, bəhs olunan Sərəncam kifayət qədər geniş əhali kontingentini əhatə edir.
Respublikamızda sosial müdafiə tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilik bazasının ardıcıl şəkildə möhkəmləndirilməsi də təqdirəlayiq haldır. Xəbər verildiyi kimi, parlamentdə ölkədə Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsinin gəlirləri 3 400 000 000,0 manat, xərcləri isə 3 400 000 000,0 manat məbləğində təsdiq edilib. 2017-ci il ərzində əmək pensiyalarının ödənilməsinə 3 213 820 000,0 manat vəsait yönəldilməsi nəzərdə tutulub.
Göründüyü kimi, Azərbaycanın sosial siyasəti dərin məzmunludur. Ölkəmizdə ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə bütün sosial məsələlərin həllini tapdığına diqqət çəkərək vurğulayıb ki, çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür.
Bütün ölkə boyu sosial infrastruktur layihələri icra olunur
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir. Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür. Qarşıya respublika miqyasında qəzalı məktəblərin tamamilə ləğv edilməsi kimi mühüm vəzifə qoyulub. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Sosial infrastruktur layihələri icra edilir. Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır”.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq səhiyyə sahəsində davamlı şəkildə həyata keçirilən islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev ölkə miqyasında tibb müəssisələrinin yenidən qurulması layihələrinin cari ilin birinci rübündə də davam etdirilməsindən məmnunluğunu bildirərək deyib ki, birinci rübdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
Nazirlər Kabinetinin bəhs olunan iclasında cari ilin sonunadək ölkədə sosial infrastrukturun yenilənməsinin davam etdirilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Ölkədə dövlət büdcəsinin icrası və büdcə xərcləri tam yerinə yetirilməlidir. İnvestisiya proqramları, o cümlədən infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) 100 faiz icra olunmalıdır. Azərbaycanın 270 kəndinə modul tipli içməli su qurğularının quraşdırılması işi sürətləndirilməli, həmin yaşayış məntəqələrinin əhalisi bu işin tezliklə yekunlaşmasına ictimai nəzarəti artırmalıdır. Bundan başqa, bu il Abşeron və Ağcabədi Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub. Diqqəti investisiya layihələrinin icrasının zəruriliyinə çəkən Prezident İlham Əliyev deyib: “Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizdir. Bu il daha da artacaq. İçməli su layihələri nəzərdə tutulan investisiya həcmində tam icra edilməlidir. Eyni zamanda, bu il biz kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra edəcəyik. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək”.
Bölgələrdə məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər böyük sosial əhəmiyyət daşıyır
Azərbaycan dövləti bölgələrdə məşğulluğun artırılması istiqamətində müvafiq tədbirləri davam etdirir. Bölgələrdə məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər böyük sosial əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bu barədə fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik”.
Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,5 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür.
Azərbaycan yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev cari ilin birinci rübündə ölkə üzrə proqnozlaşdırıldığından daha çox yeni iş yerlərinin yaradılmasını iqtisadi inkişafın təzahürü kimi səciyyələndirərək deyib: “Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir”.
Ekspertlər irəli sürülən sosial təşəbbüsləri yüksək dəyərləndirirlər
Beləliklə, ölkədə insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət, müvafiq infrastruktur quruculuğu ilə bağlı iri investisiya tutumlu layihələrin həyata keçirilməsi böyük məmnunluq doğurur. Bu məqama diqqət yetirən ekspertlər də Azərbaycanın dərinməzmunlu sosial siyasətinin ölkənin güclü iqtisadi potensialından qaynaqlandığını bildirirlər. Məsələn, qəzetimizə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, Azərbaycan dünya iqtisadi böhranını çox uğurla önləyib və inamla postneft dövrünə qədəm qoyub. Hazırda ölkəmiz yeni uğurlar əldə etməkdədir. Milli Məclisin deputatı vurğulayıb ki, iqtisadi sahədə qazanılan uğurlar öz növbəsində sosial təşəbbüslərin reallaşdırılması imkanlarını artırır. Musa Quliyev deyib: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında sosial sahə ilə bağlı çox ciddi mesajlar verib. Dövlət başçısı insanların sosial müdafiəsinin gücləndirilməsində mühüm amil olan əmək haqlarının, pensiyaların vaxtında əhaliyə çatdırılması, indeksiyasiyanın aparılması, inflyasiyaya uyğun olaraq əmək haqlarının, pensiyaların artırılmasının da gündəmdə durduğunu vurğulayıb. Dövlət başçısı həmçinin əhalinin sosial müdafiəsində ən mühüm amillərdən biri qismində çıxış edən səhiyyə ilə də bağlı tövsiyələrini verib. Prezident İlham Əliyevin tapşırığına əsasən ötən ildən Azərbaycanda əhalinin dövlət vəsaiti hesabına icbari tibbi müayinəsi aparılır və ötən il 5 milyon insan belə müayinədən keçirilib. O cümlədən müəyyən xəstəlikləri aşkarlanan insanlar uçota alınaraq onların pulsuz müalicəsi təmin olunub. Prezident İlham Əliyev həmçinin ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı tövsiyələrini verib. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihənin Mingəçevir şəhərində və Yevlax rayonunda başlanılması və gələn ildən isə respublikada daha geniş miqyasda tətbiq olunması əhalinin keyfiyyətli və əlçatan tibbi xidmət almasına imkan verəcək”.
Bu məqamda qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən məqsədyönlü regional sənaye quruculuğu siyasəti də iqtisadi mahiyyəti ilə yanaşı, həm də dərin sosial əhəmiyyəti baxımından diqqəti cəlb edir. Sənaye layihələri böyük əmək tutumuna malikdir və yeni sənaye obyektlərinin istifadəyə verilməsi regionlarda məşğulluq kimi çox aktual məsələnin həllində sanballı töhfədir. Öz növbəsində İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Murad Abdullayev qəzetimizə verdiyi açıqlamada diqqəti Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında rayonlarda sənaye mərkəzlərinin yaradılmasının sürətləndirilməsinə dair verdiyi tapşırıqlara yönəldib. Murad Abdullayevin sözlərinə görə, ölkəmizdə reallaşdırılan sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye və texnologiyalar parkları, həmçinin sənaye məhəllələri yaradılır: “Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində mövcud layihələr üzrə rezidentlər tərəfindən 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması planlaşdırılır. İndiyədək Qaradağ Sənaye Parkına 470 milyon dollar investisiya qoyulub ki, bu da 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Əczaçılıq üzrə yaradılan müəssisələrdə 300-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur”.
Murad Abdullayev bildirib ki, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir: “Neftçala Sənaye Zonasında polietilen boru və modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan 2 müəssisə artıq fəaliyyətə başlayıb, balıq yemi, karton stəkan və kənd təsərrüfatı təyinatlı qurğular istehsal edəcək 3 müəssisənin cari ilin ilk yarısında fəaliyyətə başlaması nəzərdə tutulur. Balıq konservi istehsal edən “Azprodukt” MMC-nin və avtomobil istehsal edən “Azeurocar”ın 2017-ci ilin sentyabr ayında, plastik tara istehsalı müəssisəsi “Metak”ın bu ilin iyulunda fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələr üzrə təqribən 45 milyon manatdan çox investisiya qoyulacaq, 500-dən çox yeni iş yerləri yaradılacaqdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31