Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Cocuq Mərcanlının bərpası tarixi hadisədir

Prezident İlham Əliyev: Cocuq Mərcanlının bərpası tarixi hadisədir

14.04.2017 [09:18]

Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını göstərir
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan milli maraqlara söykənən və qətiyyətli xarici siyasət kursu həyata keçirir. Ölkəmizin xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirir
Qeyd etmək lazımdır ki, 2017-ci ilin birinci rübündə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirib, bu kontekstdə ardıcıl və məqsədyönlü iş aparılıb. Aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişəki kimi, diqqət mərkəzində olmuşdur: “Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində, işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar”.
Dövlətimizin başçısı əlavə edib ki, bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz: “Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir”.
Şübhəsiz ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Belə olan halda işğalçı ölkə rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, müəyyən zaman kəsiklərində qoşunların təmas xəttində təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Amma işğalçı ölkə buna nail ola bilmir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün qətiyyətli mövqeyini davam etdirir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz”.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək
O da vurğulanmalıdır ki, beynəlxalq təşkilatlar, eləcə də münaqişənin həlli prosesində vasitəçilik missiyasını icra edən ATƏT-in Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir və Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Ötən ilin aprel döyüşlərindən sonra yaranmış vəziyyətin fonunda hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur, ATƏT-in Minsk qrupu isə münaqişənin həll edilməsinin zərurət olduğunu diqqətə çatdırır. Yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir. Bütövlükdə isə, ATƏT-in Minsk qrupun həmsədrləri Ermənistana təzyiqi daha da gücləndirməli, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri icra olunmalıdır.
Şübhəsiz, bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Prezident İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik”.
Ermənistan özünü biabır və ifşa etdi
Digər tərəfdən, cari ilin birinci rübündə bu kontekstdə müşahidə edilən reallıqlardan biri də Ermənistanın Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə bir daha özünü biabır etməsi oldu. Dünya ictimaiyyəti “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini nümayiş etdirdi. Bu “referendum”un keçirilməsi ilə Ermənistanın özünü bir daha biabır və ifşa etdiyini deyən dövlətimizin başçısı diqqətə çatdırıb: “Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Prezident İlham Əliyev əlavə edib ki, əslində, bu “referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər: “Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular”.
Qarabağa böyük qayıdış Cocuq Mərcanlıdan başlayır
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarımızı azad etmək əzmində olduğunu göstərməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Cari il yanvarın 24-də Prezident İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanması və bu Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi bu kontekstdə xüsusi qeyd edilməlidir. Əlbəttə, bu Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir.
Əminliklə qeyd edə bilərik ki, Qarabağa böyük qayıdış Cocuq Mərcanlıdan başlayır. Bunu təmin edən başlıca amil isə, qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərindəki aprel qələbəsidir. Şübhəsiz, həmin döyüşlər çərçivəsində Lələtəpənin azad edilməsi Cocuq Mərcanlı kəndinin erməni təhdidindən azad edilməsinə, orada məskunlaşmaya imkan yaratdı.
Cari ilin birinci rübündə beynəlxalq miqyasda, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın fəal siyasətindən bəhs edən Prezident İlham Əliyev deyib: “Bir önəmli hadisə də baş verdi. Biz Cocuq Mərcanlı kəndinin bərpasına başladıq. Hesab edirəm ki, bu da tarixi hadisədir. İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək”.
Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulub
Qeyd edildiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin bəhs olunan Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 4 milyon manat, digər bir Sərəncamla isə Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısının müvafiq sərəncamlarından sonra Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırlanıb. Qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq. Kənddə qurulacaq kommunal xidmətlər, qaz, elektrik enerjisi, su xətti ilə bağlı texniki şərtlər də alınıb. Ərazidə bərpa prosesinin ikinci mərhələsində isə daha 100 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlərin tikintisi aparılacaq. Kənddə əlavə olaraq daha bir məktəb binasının da inşası nəzərdə tutulub. Bir sözlə, Cocuq Mərcanlıda infrastruktur layihələri gerçəkləşdiriləcək, əhalinin təhlükəsiz və rahat yaşaması üçün müvafiq tədbirlər görüləcək.
Bütövlükdə, dövlətimizin başçısının qeyd etdiyi kimi: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Azərbaycan cari ilin birinci rübündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal siyasət həyata keçirib
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan cari ilin birinci rübündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox fəal siyasət həyata keçirib: “Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyəli mövqe nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycan həm btən il aprel döyüşləri zamanı əldə etdiyi şanlı qələbə ilə, həm də diplomatik müstəvidə qazandığı üstünlüklə bir daha Ermənistana bu mesajı verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradıla bilməz”.
E.Məmmədov əlavə edib ki, 2017-ci ilin birinci rübündə - yanvar ayının 24-də Prezident İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanması xüsusi qeyd edilməlidir. “Dövlət başçısının Sərəncamı məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu Sərəncam bir daha təsdiqləyir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu istiqamətdə artıq əməli addımlar atılır”, - deyən millət vəkili vurğulayıb ki, Azərbaycanın uğurlu xarici siyasəti, prinsipial mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün etibarlı zəmin formalaşdırır.
Milli Məclisin deputatı Sahibə Qafarova da qəzetimizə açıqlamasında diqqətə çatdırıb ki, 2017-ci il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirib: “Diplomatik müstəvidə görülən işlərlə yanaşı, Prezident İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanmasını da ayrıca vurğulamaq gərəkdir. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamın imzalanması xalqımızda böyük qürur hissi və ruh yüksəkliyi yaratmaqla yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək gücündə olduğunu nümayiş etdirdi. Bütövlükdə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın inamlı, cəsarətli addımları münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapacağına dair böyük ümidlər yaradıb”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31