Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Dayanıqlı inkişaf məqsədləri - keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib

“Dayanıqlı inkişaf məqsədləri - keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib

11.04.2017 [09:54]

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 132-134 saylı təhsil kompleksində aparılan açıq dərs prosesini izləyib


Əli Əhmədov: Hər bir millətin və dövlətin, eləcə də bütün dünyanın xoşbəxt gələcəyi bu gün gənc nəslin yaxşı təhsil almasından asılıdır
Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 132-134 saylı təhsil kompleksində “Dayanıqlı inkişaf məqsədləri - keyfiyyətli təhsil” mövzusunda aparılan açıq dərs prosesini izləyib. Açıq dərsdən sonra çıxış edən Əli Əhmədov Azərbaycanda yüksəkkeyfiyyətli təhsil almaq üçün şəraitin yaradıldığını, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Görülən işlərdən danışan Baş nazirin müavini deyib ki, hazırda dünyada heç də bütün ölkələrdə uşaqlar təhsil ala, lazımınca qidalana, sabitlik və əmin-amanlıq şəraitində yaşaya bilmirlər: “Hazırda dünyanın bir çox regionlarında gərgin vəziyyət hökm sürür, insanlar çoxsaylı problemlərlə üzləşirlər. Xüsusilə də Afrika və Asiyanın bir çox ölkələrində iqtisadiyyat zəifdir, insanlar aclıqdan, səfalətdən əziyyət çəkir, toqquşmalar şəraitində yaşayırlar. Bu, bütün dünyanı, eləcə də Birləşmiş Millətlər Təşkilatını ciddi şəkildə narahat edir. Bu problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi vacib tələb kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatı qarşıya qoyduğu 17 məqsədə nail olmaq üçün 2030-cu ilə qədər olan dövrü əhatə edən geniş proqram hazırlayıb. Azərbaycan da BMT-nin bu proqramına qoşulub”.
Müasir dövrdə keyfiyyətli təhsilin əhəmiyyətindən danışan Əli Əhmədov diqqətə çatdırıb ki, təhsil hər bir insanın xoşbəxt həyatının təmin olunmasında ən vacib amillərdən biri kimi çıxış edir: “Təhsil həm də ictimai xoşbəxtliyin təmin olunmasında mühüm rol oynayır. Şəxsi və ictimai xoşbəxtlik üçün keyfiyyətli təhsil almaq vacibdir. Hər bir millətin və dövlətin, eləcə də bütün dünyanın xoşbəxt gələcəyi bu gün gənc nəslin yaxşı təhsil almasından asılıdır. BMT-nin “Dünyamızı dəyişək!” devizi altında həyata keçirilən proqramının da məqsədi budur. Dünyanın inkişaf etmiş ölkələrinin bu səviyyəyə çatması məhz təhsilin yüksək səviyyədə olması ilə bağlıdır. Həmin ölkələrdə elm və təhsilin inkişafı cəmiyyətin, millətin və dövlətin inkişafını təmin edib, yüksək inkişaf göstəricilərinin əldə olunmasına səbəb olub. İnkişaf etməyən, ciddi sosial, iqtisadi və digər problemlərlə qarşı-qarşıya olan, əmin-amanlığın, sabitliyin olmadığı ölkələrdə isə zamanında təhsilin inkişafına diqqət yetirilməyib”.
Azərbaycanın gələcəkdə sosial və iqtisadi cəhətdən daha da inkişaf etməsinin həm də bu gün cəmiyyətimizin yaxşı təhsil alması ilə birbaşa əlaqəli olduğunu deyən Əli Əhmədov əlavə edib ki, bilik, təhsil və elm cəmiyyətin rifah halının daha da yaxşılaşdırılması, şəxsi və ictimai xoşbəxtliyin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir.
Baş nazirin müavini Əli Əhmədov nəzərə çatdırıb ki, dünyanın hər yerində ədalətin bərqərar olması vacibdir: “Dərs prosesində şagirdlərin biri BMT-nin Azərbaycan ofisinə məktubunda öz arzularını ifadə etdi. Bu, haqlı bir məktubdur. Bizim torpaqlarımız işğal olunub, 20 ildən çoxdur işğal altında olan torpaqlarımızdan didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizə qarşı haqsızlıq davam edir. Dünyanın hər yerində ədalət bərpa olunmalıdır. Azərbaycan müxtəlif regionlarda baş qaldıran problemlərin, gərginliklər və fəlakətlərin aradan qaldırılmasının, əmin-amanlığın, sülh və sabitliyin təmin olunmasının tərəfdarı kimi çıxış edir və eyni zamanda, dünya ictimaiyyətindən adekvat yanaşma gözləyir. Bizim bütün dünyadan Azərbaycana qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasını gözləmək haqqımız var”.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai təhsilin əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, təhsilin inkişafı və keyfiyyətli təhsil almaq bütün dünya üçün aktual məsələdir. Onun sözlərinə görə, yüksək rifahın və dayanıqlı inkişafın təmin olunmasında təhsil amili həlledici rol oynayır. Azərbaycanda savadlılıq səviyyəsinin çox yüksək olduğunu vurğulayan Qulam İsakzai bu sahədə davamlı tədbirlərin həyata keçirilməsinin aktuallıq kəsb etdiyini deyib. “Gənclərin keyfiyyətli təhsil alması inkişafın və etibarlı gələcəyin təmin olunması üçün əhəmiyyətlidir. İndiki şəraitdə ayrı-ayrı cəmiyyətlərdə mövcud olan bəzi hallar gənclərin təhsildən uzaq qalmasına və müxtəlif problemlərə səbəb olur. Qızların erkən yaşda ailə qurmasının onların təhsildən uzaq qalmasına, cəmiyyətdə layiqli yer tutmasına mane olması da bu sırada yer alır”, - deyə Qulam İsakzai vurğulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, təhsil nazirinin müavini Ceyhun Bayramov və digərləri iştirak ediblər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30