Milli Məclisdə Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələ müzakirə olunub
08.04.2017 [12:22]
Parlamentin iclasında həmçinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək deyib ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur: “Rusiyada hansısa qüvvələr iki ölkə arasında əməkdaşlıq, dostluq münasibətlərinə bir xələl gətirmək istəyirlər. Bu məqsədlə belə bir məsələ ortaya atılıb”.
S.Novruzov bildirib ki, Ümumrusiya Azərbaycan Konqresi hər zaman Rusiyanın ən çətin zamanlarında dövləti müdafiə edib, öz mövqeyini ortaya qoyub. Onun sözlərinə görə, Azərbaycan dövləti də Rusiya ilə sıx əlaqələrə malikdir.
“Azərbaycanda 300-dən artıq rusdilli məktəb, universitetlər, eləcə də digər ali məktəblərin filialları fəaliyyət göstərir. Azərbaycan hər zaman bu məsələyə diqqət və həssaslıqla yanaşıb. Ölkəmiz Ermənistan istisna olmaqla öz qonşuları ilə yüksək münasibətlər qurulmasının tərəfdarı olub. Azərbaycan Prezidenti hər zaman bu siyasəti yürüdüb. Lakin bu gün bu cür məsələlərin ortaya atılması, hanısa qüvvələrin bu məsələləri qızışdırması, iki ölkə və onların vətəndaşları arasında narazılığa səbəb olur. Bu baxımdan hesab edirəm ki, Milli Məclisdə təmsil olunan dostluq qrupunun üzvləri və digərləri məsələnin müsbət həllinin tapılması üçün qarşı tərəfə müraciət etməlidirlər. Bu hərəkəti edənlər başa düşməlidir ki, iki ölkə arasında münasibətlər hər zaman yüksələn xətlə inkişaf edir. Azərbaycan regionda əhəmiyyətli rol oynayır. Ölkəmiz Rusiya ilə Türkiyə münasibətlərinin yaxşılaşmasında mühüm rol oynayıb. Bu münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin rolunu hər iki dövlət yüksək qiymətləndirib. Belə olan halda, Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunmasını gündəmə gətirməklə iki ölkə arasında narazılıq yaratmaq doğru deyil”, - deyə S.Novruzov vurğulayıb.
Millət vəkili Elmira Axundova da bu məsələ ilə bağlı qeyd edib ki, ÜAK-ın Rusiyada 74 regional təşkilatı fəaliyyət göstərir. Onun fikrincə, belə bir qurumun ləğv edilməsi iki dövlət arasında münasibətlərin ruhuna uyğun deyil: “Hesab edirəm ki, burada da erməni izi var”.
“Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunması ilə bağlı məsələ bizim üçün yaxşı olmayan haldır”. Bu fikirələri isə Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin deyib. Azərbaycanda rus icmasının olduqca normal və fəal fəaliyyət göstərdiyini deyən M. Zabelin bu məsələnin ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresi daim fəal, qanunauyğun şəkildə fəaliyyət göstərib: “Son həftə ərzində Dumanın deputatları ilə bu məsələ ilə bağlı sıx əlaqə saxlayıram. Bu məsələ bizi ciddi narahat edir. Əminəm ki, Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciətinin nəticəsi Azərbaycan xalqının tərəfində olacaq və azərbaycanlıların qələbəsi ilə bitəcək. Biz icma olaraq artıq müraciət hazırlayıb Rusiya tərəfinə göndərmişik və inanırıq ki, müraciətimiz nəzərə alınacaq”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Cənubi Qafqazda rus icmasının sayı ən çox Azərbaycandadır. Onun sözlərinə görə, bu faktlar, rusların ölkəmizdə necə rahat yaşadığı barədə məlumatlar Rusiya tərəfinə çatdırılmalıdır: “Pis qüvvələrin yaxşı qüvvələrə qalib gəlməsinə imkan verməməliyik”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da bu məsələdən narahatlığını bildirib. O deyib ki, ÜAK-da xeyli sayda ziyalılar, elm və təhsil adamları da təmsil olunurlar: “Rusiya Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, bir sıra universitetlərin professorları və digər nüfuzlu şəxslər həmin təşkilatın üzvləridirlər. Azərbaycanda xeyli sayda rusdilli məktəb, eləcə də Moskva Dövlət Universitetinin və Tibb Universitetinin filialları fəaliyyət göstərir. Belə bir şəraitdə ÜAK-ın ləğv olunması məsələsi təxribatdır”.
“Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresi zamanında Ulu öndər Heydər Əliyev və Rusiya Prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Bu qurum diaspor sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Konqres ölkəmizlə yanaşı, Rusiyanın dövlət maraqlarını hər zaman müdafiə edib”. Bu fikirləri isə Milli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib. Son illər Rusiya-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyən Ə.Hüseynli bildirib ki, iki dövlət arasında bütün sahələrdə əməkdaşlıq və dostluq əlaqələri mövcuddur. Bu əməkdaşlıq səmimi xarakter daşıyır. Onun sözlərinə görə, məhz bu baxımdan Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti təəccüb doğurmaqla yanaşı, bizdə bu məsələdə müəyyən təxribatların olması ilə bağlı fikir də yaradır: “Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatla bağlı təşkilata bir neçə dəfə müraciət edilib. Sonuncu, yəni üçüncü müraciət ötən ilin oktyabr ayında olub. Bilirsiniz ki, Konqresin ötən ilin dekabrında qurultayı keçirilib, qurultayda tanınmış diaspor nümayəndəsi Fazil Qurbanov onun yeni rəhbəri seçilib. Və bundan sonra Ədliyyə Nazirliyinin bildirdiyi nöqsanların aradan qaldırılması üçün sənədlər qaydaya salınb, yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Rusiyanın Ədliyyə Nazirliyi təşkilatın və onun bütün regional strukturlarının vahid dövlət reyestrindən çıxarılması ilə bağlı cari ilin mart ayında Ali Məhkəməyə müraciət edib. Lakin Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirin görülməsini özündə ehtiva edir. Belə ki, bu cür məsələlərdə qanunvericiliyə əsasən cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Təşkilatın ləğv olunması isə ən son tədbirdir. Lakin onlar son addımı, məhz Konqresin ləğvini seçiblər. Biz onlara Rusiya qanunvericiliyinə bir daha baxmağı təklif edirik”.
İşçi qrupun rəhbəri qeyd edib ki, bu kimi hallar Azərbaycan qanunvericiliyində də var: “Araşdırsaq, Azərbaycandakı Rus İcmasının da sənədləri ilə bağlı müəyyən problemlərin olduğunu görərik. Lakin Azərbaycanda heç zaman onun ləğvi ilə bağlı məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir. Ümidvarıq ki, Rusiyanın Ali Məhkəməsinin inzibati kollegiyası Avropa İnsan Haqları Konvensiyasını fundamental birləşmək hüququnun nə qədər vacib olduğunu üstün tutacaq və Ədliyyə Nazirliyinin bu müraciətini rədd edəcək. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Rusiya Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə müraciət ünvanlamağı nəzərdə tutur”.
Məsələ ilə bağlı millət vəkilləri Çingiz Qənizadə və Azay Quliyev çıxış edərək Rusiyanın müvafiq QHT-ləri ilə əlaqə saxlanıldığını qeyd ediblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə ötən ilin aprel döyüşlərindən bəhs edərək bildirib ki, bu hadisə bizim hərb tariximizdə şanlı səhifələrdən biridir. Aprel qələbəsinin qarşı tərəfə böyük zərbə vurduğunu deyən A.Mirzəzadənin sözlərinə görə, bu hadisə Ermənistana və onun havadarlarına ciddi dərs oldu: “Bizim məqsədimiz ərazi bütövlüyümüzün təmin olunmasıdır. Ona görə də Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov təqdim edib. V.Eyvazov bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində xeyli işlər görülüb. Qeyd edib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 30 faiz çox və ya 147 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onun sözlərinə görə, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib. Keçirilmiş reydlər zamanı ötən il küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Onların insan alverinin və məcburi əməyin qurbanı olmaları təsdiqlənməsə də, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onların məktəbdən yayınmasına şərait yaradan 240 valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 5 uşağın sosial problemləri həll olunub, daha 7 uşaq isə “Azərbaycan Uşaqlar Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib. V.Eyvazov diqqətə çatdırıb ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat əlavə vəsait xərclənib. Nazir müavini onu da qeyd edib ki, hesabat dövründə “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə qanunla müəyyən edilmiş tədbirlər görülüb.
Milli koordinator bildirib ki, ötən dövrdə ölkəmizdə insan alverinə qarşı mübarizədə Baş Prokurorluq, Ombudsman Aparatı, Təhsil, Ədliyyə, Səhiyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Dövlət Miqrasiya Xidmətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və yerli icra hakimiyyəti orqanları yaxından iştirak ediblər. Sonda V.Eyvazov onu da vurğulayıb ki, ölkəmizdə insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda yüksək dəyərləndirilib.
Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı müzakirələr aparılıb. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizənin səviyyəsi yüksəkdir. Onun sözlərinə görə, Azərbaycan bu baxımdan dünyada ən fəal ölkələrdən biridir.
Məsələ ilə bağlı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azəbaycanda ayrı-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır ki, bu da ümumilikdə mübarizənin effektivliyini artırır. Onun fikrincə, ictimaiyyətin də bu mübarizədə dəstəyi önəmlidir. İnsan alverinin obyektiv və subyektiv səbəblərinin olduğunu deyən millət vəkilinin sözlərinə görə, Azərbaycandakı milli-mənəvi dəyərlər ölkəmizdə insan alverinin qarşısının alınmasına kömək edir: “Dünyada baş verən hadisələr, müharibələr nəticəsində miqrantların qaçqın şəklində başqa ölkələrə köçməsi və onların insan alverinin qurbanı kimi istifadə olunması hallarını görürük. Son vaxtlar mətbuatımızda xoşagəlməyən qaçırılma xəbərlərinə rast gəlirik. Bu məsələlər bilavasitə Azərbaycan mentalitetinə zidd olan məsələlərdir. Ona görə də hesab edirəm ki, burada ictimaiyyətin qınağı, nəzarəti, xüsusilə də KİV-in rolu vacib şərtlərdəndir. Bu işlər hüquq-mühafizə orqanları ilə bərabər şəkildə aparılmalıdır ki, cəmiyyətimiz bu məsələlərə münasibət bildirsin”.
S.Novruzov qeyd edib ki, miqrantların qeydiyyat məsələsinə də ciddi şəkildə diqqət edilməlidir: “Təhlükəsizlik, milli-mənəvi dəyərlərimizin qorunması baxımından bu addımların atılması mütləqdir. Biz bu məsələyə hərtərəfli şəkildə diqqət etməliyik ki, dünyada bununla bağlı baş verənlər ölkəmizə transfer etməsin. Burada hər bir vətəndaşın üzərinə də ciddi vəzifə düşür. Vətəndaşlarımız burada ayıq-sayıq olub, aiddiyyəti orqanlarla əlbir şəkildə insanların bu alverin qurbanına çevrilməməsi üçün mübarizə aparmalıdır”.
Müzakirələrdə həmçinin millət vəkilləri Tahir Kərimli, Zahid Oruc, Qənirə Paşayeva və digərləri çıxış ediblər. Sonda illik məlumat qəbul olunub.
İclasda həmiçinin bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

