Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb
08.04.2017 [12:12]
Prezident İlham Əliyev: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq
Azərbaycanda xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitin meydana çıxartdığı çətinliklər ölkədə Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində həyata keçirilən önləyici tədbirlər sayəsində uğurla dəf edilir. Artıq ölkə iqtisadiyyatında sabitləşmə meyli müşahidə edilir, ələlxüsus da qeyri-neft sektoru üzrə kifayət qədər yaxşı göstəricilər əldə olunur. Bütövlükdə, respublikamız indiki şəraitdə də yerli istehsalı, daxili istehlak bazarını mümkün mənfi təsirlərdən qorumaq, inkişafın ardıcıllığını bundan sonra da təmin etmək əzmi nümayiş etdirir. Dünya ölkələri üçün hər cəhətdən çətin keçən 2016-cı ildə respublika iqtisadiyyatında qazanılan uğurlar belə nikbin qənaət ifadə etmək üçün ciddi əsaslar verir. Bir sıra ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı neft gəlirlərinin azalması fonunda yaranan təzyiqlərə daha yüksək dayanıqlılıq göstərir və neft sektorundan valyuta daxilolmalarının azalması qeyri-neft sənayesində, aqrar sektorda yeni istehsal və ixrac imkanlarının yaradılması hesabına müəyyən dərəcədə kompensasiya edilir. Ötən il Azərbaycanın qeyri-neft sənayesi təxminən 5, kənd təsərrüfatı 2,6 faiz artıb ki, bu da məlum çətinliklərlə müqayisədə kifayət qədər yaxşı göstəricilərdir.
Yeni şəraitdə Azərbaycanın özünü inamlı hiss etməsi, inkişafa istiqamətlənməsi, sosial-iqtisadi sahədə müsbət göstəricilər qazanması bir sıra mühüm amillərlə şərtlənir. Prezident İlham Əliyev bu yaxınlarda Fransaya səfəri çərçivəsində Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündəki çıxışında vurğulayıb ki, Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Məhz bu kimi amillər respublikada iqtisadi aktivliyin təmin olunmasına müsbət təsir göstərir. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Yatırılan investisiyalar Azərbaycanın güclü iqtisadi potensialının təsdiqi və ölkəmizə marağın ifadəsidir
Azərbaycanı iqtisadi aktivlik baxımından diqqəti çəkən ölkə kimi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən məqsədyönlü siyasət sayəsində kifayət qədər əlverişli investisiya mühiti formalaşıb. Davamlı sabitlik, aparılan islahatlar, mükəmməl qanunvericilik bazası və bu kimi digər mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artıran faktorlar qismində çıxış edir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydası müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
İnvestisiyaların strukturuna nəzər saldıqda aydın olur ki, həm yerli, həm də xarici investorlar Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarına sərmayələr yönəltməkdə maraqlıdırlar. Müəyyən çətinliklərlə müşayiət olunan 2016-cı ildə də ölkəmizə investisiya qoyuluşu yüksək səviyyədə olub. Yaradılmış gözəl sərmayə iqlimi hesabına Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə cəlb edilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. Ötən bir ildə 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Əlamətdar haldır ki, ötən il ölkəmizə yönəldilən sərmayələrin yarıdan çoxunu xarici investisiyalar təşkil edib. İndiki qlobal şərtlər fonunda respublikamıza xarici sərmayə qoyuluşunun yüksək səviyyədə olması olduqca müsbət göstəricidir. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb.
Respublikamıza yönəldilən xarici sərmayələrin böyük qismi Avropa İttifaqı ölkələrinin payına düşür. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdırlar. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur. Azərbaycan bu təşkilatın bütün üzv ölkələri ilə sıx münasibətlər qurub, eyni zamanda, qurumda təmsil olunan 9 dövlətlə strateji əməkdaşlıq haqqında sazişlər imzalayıb. Prezident İlham Əliyev Fransaya səfəri çərçivəsində Parisdə sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirib: “Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur”.
Təbii ki, Azərbaycanın güclü iqtisadi potensialı, ölkəmizdə aparılan islahatlar, əlverişli investisiya mühiti, qeyri-neft sektorunun inkişafına yönələn təşəbbüslər Fransa investorlarının da diqqətini cəlb edir. Hazırda Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdəki çıxışında Fransa şirkətlərinin Azərbaycana genişhəcmli investisiyalar yönəltmələrindən məmnunluq ifadə edərək vurğulayıb: “Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır. Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir”.
Aparılan islahatlar ölkədə biznes mühitinin optimallaşmasına müsbət təsir göstərib
Hazırda ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. Əlamətdar haldır ki, başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkədə uzunmüddətli dayanıqlı inkişafa, ölkənin daha da müasirləşdirilməsinə nail olmaq imkanı verir. Prezident İlham Əliyev diqqəti ölkəmizdə aparılan islahatlara çəkərək bildirib: “Biz Azərbaycanda çox əsaslı islahatlar paketini həyata keçirdik. Bu, əsasən ötən il oldu. Ötən il çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərmişdir. Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur”.
İslahatlar çərçivəsində özəl bölmənin dəstəklənməsi, ölkədə biznes mühitinin optimallaşdırılması məqsədilə təyata keçirilən tədbirlərin önəmini xüsusi qeyd etmək lazımdır. Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarını daha da artırmalarına əlverişli iqtisadi mühit formalaşdırır. Ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Azərbaycanda özəl sektorun imkanlarının artırılmasına güclü dəstək verilməsi ölkəmizin reallıqlarından irəli gəlir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan bütün sahələrdə ən yüksək dünya standartlarına istinad edir. Bu cəhətdən ölkəmizdə qlobal çağırışlar və daxili imkanlar nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü iqtisadi kurs da istisna deyildir. Prezident İlham Əliyev bildirib ki, biz islahatlarımızda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik. Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Artıq respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Aparılan islahatlar, o cümlədən də Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq Fərmanla təsdiqlənən kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsi yeni şəraitdə özəl sektorun qarşısında yeni inkişaf perspektivləri açıb. Qeyd edək ki, bəhs olunan Strateji Yol Xəritəsidə özəl sektorun geniş potensialına adekvat olaraq yaxın, orta və uzunmüddətli dövrdə kiçik və orta sahibkarlığın inkişaf hədəfləri müəyyənləşdirilib.
Azərbaycanda daxili və xarici investisiya qoyuluşu üçün müxtəlif sahələrdə geniş imkanlar var
Məlum olduğu kimi, müstəqillik illərində Azərbaycanda neft sektorunda bir sıra iri investisiya tutumuna malik enerji layihələri həyata keçirilib. Ölkəmizə transmilli neft şirkətlərinin böyük həcmlərdə sərmayə qoymalarının tarixi 1994-cü il sentyabrın 20-də imzalanan və sonralar “Əsrin kontraktı” adını alan müqavilə ilə başlayıb. Bu müqavilə əsasında Xəzərdə beynəlxalq əməkdaşlığa start verildi. Bundan sonrakı dövrdə regionda Azərbaycanın fəal moderatorluğu ilə digər mühüm enerji, nəqliyyat layihələri reallaşdırıldı. Böyük sərmayə qoyuluşu hesabına reallaşan Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələr regional və qlobal əməkdaşlığın dərinləşməsinə güclü töhfə verib, eyni zamanda, Azərbaycana böyük dividendlər gətirib, ölkəmizin nüfuzunu artırıb. Hazırda isə ölkəmizin təşəbbüsü və liderliyi ilə XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsi uğurla reallaşdırılır.
Enerji sektoru ilə yanaşı, Azərbaycanda digər sahələrdə, o cümlədən qeyri-neft sənayesində, kənd təsərrüfatında və digər istiqamətlərdə də geniş investisiya qoyuluşu imkanları var. Hazırda respublikamızda xarici şirkətlərin iştirakı ilə nəqliyyat, içməli su, ekoloji və digər layihələr icra edilir. Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri böyük dəstək göstərirlər. Fransız şirkətlərinin Azərbaycanın kənd təsərrüfatına sərmayələr yönəltmələri xüsusilə təqdirəlayiqdir. Prezident İlham Əliyev investisiyaların həm də neftdənkənar sahələrə yönəldilməsindən məmnunluq ifadə edərək deyib: “Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik”.
Yaradılan əlverişli biznes və investisiya mühiti nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir
Son illərdə ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, ölkənin böyük inkişaf potensialı dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edir. Nüfuzlu beynəlxalq qurumların hesabatlarında Azərbaycanın iqtisadi rəqabətlilik, biznesə başlamaq və digər istiqamətlər üzrə reytinqi ilbəil artır. Ümumdünya İqtisadi Forumunun yaydığı 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatında respublikamız 138 ölkə arasında 3 pillə irəliləyərək 37-ci pillədə qərar tutub. Son illərdə Ümumdünya İqtisadi Forumunun hazırladığı hesabatlarda Azərbaycan bu göstərici üzrə ənənəvi olaraq MDB məkanında ən yüksək pillədə qərarlaşır. Ölkəmiz lider mövqeyini bu dəfə də qorumağa müvəffəq olub. Bundan başqa, Dünya Bankının cari ilin yanvar ayında yaydığı “Global Economic Prospects” hesabatında Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı ilə bağlı nikbin proqnozlar öz əksini tapıb. Hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının növbəti illərdə daha da genişlənəcəyi qənaətinə gəlib. Bankın proqnozlarına əsasən, Azərbaycanda 2018 və 2019-cu illərdə ÜDM-in artımı 2,3 faiz səviyyəsində olacaq. Prezident İlham Əliyev dünyanın nüfuzlu qurumlarının Azərbaycanın iqtisadi durumunu yüksək qiymətləndirmələrindən məmnunluq ifadə edərək deyib: “Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Bu, çox yaxşı reytinqdir. Beləliklə, biz dünyanın 40 ən rəqabətədavamlı ölkəsi sırasındayıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

