Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açıb

Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açıb

15.02.2017 [09:56]

Prezident İlham Əliyev: Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir
Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz və hörmət qazandırıb. Azərbaycan Respublikası özünün milli maraqlara söykənən praqmatik xarici siyasətində daim o mövqedən çıxış edir ki, dövlətlərin bir-birləri və beynəlxalq qurumlarla münasibətləri xoş mərama, tərəflərin qarşılıqlı maraqlarına və beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Respublikamızın müstəqillik illərində sıx əlaqələr qurduğu beynəlxalq qurumlardan biri də Avropa İttifaqıdır. Hazırda Azərbaycanın istər Avropa İttifaqı ilə münasibətləri, istərsə də quruma üzv dövlətlərlə ikitərəfli əlaqələri kifayət qədər yüksək səviyyədədir. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Belçika Kralı Filip, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşləri olub. Bəhs olunan görüşlərdə qarşılıqlı münasibətlərin hazırkı durumu və əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə edilib.
Azərbaycan-Avropa İttifaqı münasibətləri bir sıra strateji istiqamətləri əhatə edir
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi ölkəmizin qlobal əməkdaşlığına yaxşı nümunədir. Diqqəti çəkən əsas məqamlardan biri isə bu əməkdaşlığın getdikcə daha çox dərəcədə real müstəviyə keçməsi, yeni, daha önəmli və perspektivli strateji sahələri əhatə etməsidir. Siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə Azərbaycanla Avropa İttifaqı ölkələrini ortaq məxrəcə gətirən çağırışlar kifayət qədər çoxdur. Əlamətdar haldır ki, yaxınlaşmaq, qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirməklə bağlı təşəbbüslər hər iki tərəfdən dəstəklənir. Azərbaycan Avropa məkanına, o cümlədən də Avropa İttifaqına daha sıx inteqrasiya etməyi özünün prioritet hədəflərindən biri hesab edir. Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra mətbuata verdiyi bəyanatda ölkəmizin Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək niyyətinə bir daha diqqət çəkərək vurğulayıb: “Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik”.
Eyni zamanda, Avropa İttifaqı da Azərbaycanın regional və qlobal önəmini yüksək dəyərləndirərək əlaqələrin miqyasının daha da genişlənməsinə böyük əhəmiyyət verir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mətbuata bəyanatında bildirib ki, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Donald Tusk vurğulayıb: “Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik”.
Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Yuxarıda vurğulandığı kimi, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur. Azərbaycan Avropa İttifaqının bütün üzv ölkələri ilə sıx münasibətlər qurub, eyni zamanda, qurumda təmsil olunan 9 dövlətlə strateji əməkdaşlıq haqqında sazişlər imzalayıb. Prezident İlham Əliyev ölkəmizdə Avropanın Azərbaycanın əsas iqtisadi tərəfdaşı olduğuna böyük önəm verildiyini nəzərə çatdıraraq deyib: “Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub”.
Azərbaycan iqtisadi və siyasi müstəvilərdə əlaqələr qurduğu bütün tərəfdaşları kimi, Avropa İttifaqı ölkələri ilə də məhz praqmatik, qarşılıqlı faydalı əməkdaşlıq zəminində yaxınlaşmağa can atır. Ölkəmiz Avropa İttifaqı və quruma üzv dövlətlərlə münasibətlərində daim milli maraqları əsas götürür. Məlumdur ki, ayrı-ayrı beynəlxalq qurumların və dövlətlərin münasibətlərində bir sıra hallarda ikili standartlara yol verilir, milli maraqlar gözardına alınır, demokratiya, söz azadlığı kimi məsələlərdən qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə edilməsinə cəhdlər göstərilir. Azərbaycan üçün belə yanaşma qəbuledilməzdir. Ölkəmizin prinsipial mövqeyi belədir ki, münasibətlər bərabərhüquqlu, səmərəli olmalı, qarşılıqlı etimada əsaslanmalıdır. Tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edən razılaşdırılmış prinsiplərə riayət olunması tərəflər üçün mütləq xarakter daşımalıdır. İkitərəfli münasibətlərdə təhdid, təzyiq, qarşılıqlı etimaddan sui-istifadə, daxili işlərə müdaxilə kimi zərərli addımlara yol verilməməlidir. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə də məhz bu prinsipləri əsas götürür.
Qarşılıqlı maraqların geniş spektrini nəzərə aldıqda Azərbaycanla Avropa İttifaqı ölkələrinin əməkdaşlığının geniş perspektivləri nikbinlik doğurur. Prezident İlham Əliyevin Brüsselə səfəri, burada Avropa İttifaqının rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlər və siyasi-iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı müzakirə edilən aktual məsələlərin əhatə dairəsinin kifayət qədər geniş olması onu deməyə əsas verir ki, artıq Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni bir səhifə açılıb. İndiyədək qoyulan möhkəm təməl, eyni zamanda, tərəflərin xoş niyyət ifadə etmələri əməkdaşlığın yeni mərhələdə də tərəflər üçün əhəmiyyətli və səmərəli olacağı barədə nikbin qənaət ifadə etməyə ciddi əsaslar verir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlər bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Avropa münasibətlərində vacib sahədir
Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir. Bu baxımdan ehtiyatları 1 trilyon kubmetrdən artıq dəyərləndirilən “Şahdəniz” yatağının işlənməsi böyük önəm daşıyır. “Şahdəniz-2” layihəsi Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. İndiyədək öz enerji təhlükəsizliyinə nail olan Azərbaycanın bu layihənin reallaşdırılması ilə Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdiyinə diqqət çəkərək bildirib ki, enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir. Vurğulamaq yerinə düşər ki, “Şahdəniz-2” layihəsi intensiv şəkildə davam etdirilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin 90 faizi artıq tamamlanıb.
“Şahdəniz” layihəsi ilə paralel şəkildə, Azərbaycan qazının Avropa məkanına çatdırılması üçün nəzərdə tutulan “Cənub Qaz Dəhlizi”nin tikintisi də böyük uğurla davam etdirilir. Cədvəl üzrə gedən işlərin 2018-2020-ci illərdə tamamlanması nəzərdə tutulub. Layihə tamamlandıqdan sonra Azərbaycan qazı daha da böyük həcmdə qonşu və Avropa ölkələrinə nəql ediləcək. Prezident İlham Əliyev bəhs olunan layihənin inkişaf etdirilməsində Azərbaycanın Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyini məmnunluq hissi ilə vurğulayıb: “Biz “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik”.
Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Artıq layihənin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib. 2016-cı ilin fevralında isə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib və perspektiv fəaliyyət planları müzakirə edilib, bir sıra önəmli qərarlar qəbul olunub.
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Qeyd edək ki, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa böyük sərmayələr yatırır
Məlumdur ki, hazırda dünyada mədəniyyətlər və dinlərarası dialoqun, müxtəlif sivilizasiyaların daşıyıcısı olan ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmləndirilməsi ilə bağlı çağırışlar böyük aktuallıq kəsb edir. Artıq bütün dünyada ksenofobiyanın, milli-dini-irqi ayrı-seçkiliyin qlobal miqyasda necə böyük təhdidlərə, qarşısıalınmaz təhlükələrə yol açdığı yaxşı başa düşülür. Bu gün insanları, xalqları, ölkələri ayıran, bəşəriyyətin gələcəyini məhvə sürükləyən belə mənfi meyillərin qarşısı qəti şəkildə alınmasa, sabah gec olacaq. Bu baxımdan Azərbaycanın dünya ölkələri, o cümlədən də Avropa İttifaqı ilə mədəniyyətlərarası dialoqu dərinləşdirməyə böyük səy göstərməsi diqqətəlayiqdir.
Son illərdə Azərbaycan bütün dünyada mədəniyyətlər və dinlərarası dialoq mərkəzinə çevrilib. Ölkəmizdə ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar, mötəbər idman yarışları keçirilir. Məhz Azərbaycanın təşəbbüsü əsasında Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət və digər sahələrdə dialoqun əsasını təşkil edən “Bakı prosesi”nə uğurla start verilib. Ölkəmiz 2015-ci ilin yayında tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi edib. Bir neçə aydan sonra isə respublikamızda İslam Həmrəyliyi Oyunları start götürəcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən il Azərbaycanda “Multikulturalizm İli” elan olundu. Azərbaycanın dövlət başçısı 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı növbəti Sərəncam imzalayıb. Bütün bu deyilənlər Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun möhkəmlənməsinə necə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Azərbaycan üzərinə götürdüyü nadir missiyanı ona görə uğurla reallaşdıra bilir ki, ölkəmizdə həm dövlət siyasəti multikulturalizm ənənələri üzərində qurulub, həm də cəmiyyətdən buna böyük dəstək var.
Dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın nadir rolu isə respublikamızın istər Avropa, istərsə də İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında bir körpu olması ilə bağlıdır. Əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Azərbaycan dünya ölkələri, o cümlədən də Avropa İttifaqı ilə əlaqələrində öz prinsiplərinə sadiq qalaraq mədəniyyətlər və dinlərarası dialoqun möhkəmlənməsinə yeni töhfələr verməyə çalışır. Prezident İlham Əliyev bu sahədə ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın getdikcə dərinləşməsindən məmnunluq ifadə edərək bildirib ki, əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Prezident İlham Əliyev vurğulayıb: “Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Bunu qeyd etdiyinə görə cənab prezidentə minnətdaram. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir”.
Avropa İttifaqının mövqeyi belədir: Status-kvo davamlı qala bilməz
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun mətbuata bəyanatında həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı fikirlər də yer alıb. Donald Tusk mətbuata bəyanatında vurğulayıb ki, status-kvo bu cür davamlı qala bilməz.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ifadə etdiyi fikirdən də göründüyü kimi, beynəlxalq hüquq Ermənistanın zor gücünə zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda o prinsipdən çıxış edir ki, beynəlxalq hüquq həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil edilməlidir. Ermənistan isə aparılan sülh danışıqlarının ruhuna zidd mövqe nümayiş etdirərək hər vəchlə status-kvonun saxlanmasına çalışır. Ermənistanın qeyri-konstruktiv mövqeyi beynəlxalq hüquq normaları ilə bir araya sığmır. Status-kvonun qeyri-müəyyən müddətədək uzanması, eyni zamanda, regionda təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ermənistanın beynəlxalq hüququ pozması dünya birliyi tərəfindən də narahatlıqla qarşılanır. Azərbaycanın dövlət başçısı ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə Avropa İttifaqı Şurasının prezidentinə təşəkkürünü ifadə edərək bildirib: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31