Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə 2017-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

Milli Məclisdə 2017-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

09.12.2016 [09:46]

Ölkədə 2017-ci il üçün yaşayış minimumu artırılır
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov iclasda ilk olaraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirə olunacağını bildirib. Sənəd haqqında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəbli bildirib ki, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək ki, bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 mln manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulub. Komitə sədri qeyd edib ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7% çoxdur. Təqdirə layiq haldır ki, fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42% təşkil edirdisə, gələn il üçün proqnozlaşdırılan bu göstərici 37,4%-ə düşür.
“Artıq pensiyalarla bağlı mövcud hüquqi bazanın beynəlxalq konvensiyalara, dünya təcrübəsinə, mövcud reallıqlara uyğun olaraq yenidən hazırlanması prosesi başa çatır. Düşünürəm ki, qanunun yeni variantda işlənməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsində ehtiyat mənbələri yaradacaq, vəsaitlərdən daha səmərəli və ədalətli istifadə olunmasına xidmət edəcəkdir. Layihənin müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsi deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir, bu da əlbəttə, nəticədə hiss olunan artıma gətirib çıxaracaqdır. Fondun xərclərinin təxminən 95%-ni hər il olduğu kimi, yenə də əmək pensiyalarının ödənişi qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7% çoxdur. Onu da qeyd etməyi vacib sayıram ki, ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların bu hesabla 1mln 320 min nəfər olacağı proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 20 min nəfər çoxdur. Buna baxmayaraq, ölkə üzrə orta aylıq pensiyanın məbləğinin təxminən 8% artırılaraq 203 manata çatdırılacağı gözlənilir”, - deyə Komitə sədri vurğulayıb.
İclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasda böhranın davam edən fəsadlarından və dünyanın siyasi, sosial və iqtisadi mənzərəsində müşahidə olunan proseslərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, qarşıya qoyulan bütün vəzifələrin və sosial proqramların uğurla icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.
Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu vəzifələrin yerinə yetirilməsi üçün çox ciddi tədbirlər görür. Belə ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, hazırda ölkənin sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir. Bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar hesabına yoxsulluq səviyyəsinin 5-6 faiz civarında saxlanılması təmin olunur.
Nazir məlumat verib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506,1 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 706,8 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara dövlət büdcəsindən və Dövlət Sosial Müdafiə Fondu büdcəsindən hazırda aylıq olaraq 316 milyon manat vəsait ödənilir. Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, Fondun 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə büdcəsinin icrası nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri, sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinadla tərtib olunub.
2016-cı ilin 10 ayı ərzində Fondun büdcəsinin sığorta-pensiya sisteminin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200,3 milyon manat artaraq 2631,1 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarındakı artım tendensiyası cari ilin 10 ayında da davam edib. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz və ya 80,6 milyon manat artaraq 1533,7 milyon manata çatıb.
S.Müslümov qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3400,0 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 247,7 milyon manat və ya 7,9 faiz çoxdur.
Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3318,2 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu 2016-cı ilin gözlənilən icra göstəricisindən 234,3 milyon manat və ya 7,6 faiz artıqdır. Təqdim olunmuş büdcə layihəsində 2017-ci il üçün yaşa görə əmək pensiyasının baza hissəsinin orta aylıq məbləği 110 manat götürülüb. 2017-ci ildə yaşa görə əmək pensiyasının baza hissəsinin maliyyələşdirilməsi xərclərinin (pensiyanın baza hissəsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələr daxil olmaqla) 1718,0 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
2017-ci ildə əmək pensiyalarının sığorta hissəsi 1495,8 milyon manat məbləğində nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə görə 5,6 milyon manat və ya 5,7 faiz çoxdur.
Fondun 2017-ci il üçün gəlirlərinin 3400,0 milyon manat həcmində proqnozlaşdırıldığını bildirən nazir diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsindən ayırmalar 2016-cı illə müqayisədə 24 milyon manat və ya 1,9 faiz artaraq 1270,0 milyon manat olacaq. Dövlət büdcəsindən nəzərdə tutulan transfert illik proqnozlaşdırılan xərcin 37,4 faizinin (2016-cı ildə 37,7 faizinin) maliyyələşməsini təmin edəcək.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm də ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib”. Bu fikri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müzakirələr zamanı deyib. S.Norvuzov bildirib ki, biz büdcənin təqdimatının yeni formasına keçməliyik. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təqdimatı bu baxımdan müsbətdir.
“Son illər ünvanlı sosial yardımların, pensiyaların verilməsində şəffaflıq daha da artıb. Bu yöndə elektron xidmətə keçilib. İndi ünvanlı sosial yardım alan şəxslərin siyahısı ƏƏSMN-in saytında yerləşdirilib. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bu sahədə artımlar göz qabağındadır. Şəhid ailələrinin mənzillə təmin olunması, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik. Bu baxımdan Fondun gələnilki büdcəsini də yüksək qiymətləndirirəm” - deyə S.Novruzov vurğulayıb.
S.Novruzov çıxışında həmçinin parlamentdə hökumətin tənqid edilməsi məsələsinə də toxunub: “Müxalifətçilərin hökuməti tənqid, iqtidar nümayəndələrinin isə müdafiə etməsi normaldır. Amma tənqid də normal və ünvanlı olmalıdır. Tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır, ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Bəzi həmkarlarımız iclas bitəndə isə hansısa hökumət üzvünə yaxınlaşıb deyir ki, səni nəzərdə tutmurdum. Bu gün hər kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işini müsbət qiymətləndirirsə, digər sahələrlə bağlı da ünvanlı danışmalıdır. Çünki hökumətin həm yaxşı, həm də pis işləyən üzvü ola bilər. Ona görə də hər kəsin konkret adı çəkilməlidir”.
İclasda həmçinin millət vəkillərindən Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Fazil Mustafa, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Zahid Oruc və Qənirə Paşayeva çıxış edərək qanun layihəsinə münasibət bildiriblər.
Sonra “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanun layihəsi müzakirə olunub. Bu barədə Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, 2017-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir: “Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılması nəzərdə tutulur”.
Müzakirələrdə çıxış edən millət vəkili Aydın Hüseynov deyib ki, gələn il yaşayış minimumu artırılırsa, bu, dövlət rüsumlarında da öz əksini tapmalıdır.
İclasda həmçinin “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında məsələlər də müzakirə olunub.
Bununla da parlamentdə 2017-ci ilin büdcə zərfinin müzakirəsi başa çatıb. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, parlamentin dekabrın 16-da keçiriləcək iclasında büdcə zərfinin qəbul olunması məsələsinə baxılacaq. Həmin günə qədər hökumət millət vəkillərinin büdcə zərfinə dair təkliflərinin dəyərləndirməsini aparacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31