Azərbaycanın Silahlı Qüvvələri qarşısında duran vəzifəni şərəflə yerinə yetirməyə qadirdir
24.06.2016 [09:53]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır
Xəbər verildiyi kimi, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq, iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilir. Cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru təlimlərin keçirildiyi ərazi kimi müəyyən edilib. Təlimlərdə əsas məqsəd birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir. Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub. Budəfəki təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla, əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.
Təlimlər zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşıya qoyulan tapşırıqları dəqiqliklə yerinə yetirməsi bir daha təsdiqləyir ki, Azərbaycan qısa müstəqillik tarixində yüksək döyüş hazırlığına malik ordu qurmağa müvəffəq olub. Yeri gəlmişkən, Prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda söylədiyi nitqində ölkəmizdə ordu quruculuğu prosesinin uğurla getdiyini xüsusi nəzərə çatdıraraq vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır: “Neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir”.
Ölkəmizin siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır
Yüksək döyüş hazırlığına malik nizami ordu, güclü hərbi-sənaye kompleksi hər bir ölkənin dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır. Azərbaycanda isə ordunun daim gücləndirilməsinin, döyüş qabiliyyətinin getdikcə daha da artırılmasının və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılmasının dövlətin prioritet hədəfləri sırasına daxil edilməsi həm də onunla şərtlənir ki, respublikamız bədnam qonşularımız ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunub. Bu müharibə nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovularaq qaçqın vəziyyətə düşüb.
Azərbaycan Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq bildirib ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: “Xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
Hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin olunmasına sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Məlumdur ki, beynəlxalq hüquq Ermənistanın zor gücünə zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞPA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda o prinsipdən çıxış edir ki, beynəlxalq hüquq həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil edilməlidir. Prezident İlham Əliyev qəti şəkildə bildirib ki, Azərbaycan xalqı və dövləti tarixi torpaqlarımızda heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək: “Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik”.
Ordumuzun aprel zəfəri təmas xəttində yeni vəziyyət yaradıb
Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar 20 ildən artıqdır ki, davam edir. Minsk qrupuna dünyanın ABŞ, Fransa, Rusiya kimi güclü dövlətləri cəlb olunsalar da, danışıqlarda irəliləyiş baş vermir. Bu da, ilk növbədə, onunla bağlıdır ki, suveren dövlətə qarşı təcavüzkarlıq siyasəti aparan Ermənistan cəzalandırılmır. Beləliklə də, status-kvo dəyişməz qalır. Azərbaycan işğal nəticəsində yaranan mövcud status-kvonun bundan sonra da uzanmasının qəti əleyhinədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir.
Torpaqları işğala məruz qalan Azərbaycanın münaqişənin həllində beynəlxalq hüquq normalarından çıxış etməsinə və aparılan danışıqlara sadiq qalmasına rəğmən, Ermənistan münaqişənin sülh yolu ilə həllinə hər hansı dəstək nümayiş etdirmir. Ermənistanın yeganə niyyəti müxtəlif spekulyativ vasitələrlə mövcud status-kvonun saxlanılmasına nail olmaqdan ibarətdir. Hamı görür ki, işğalçı ölkə danışıqlarda yalnız imitasiya taktikası seçir və daim təxribatlara əl atır. Gəlin xatırlayaq: 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Hər iki tərəf görüşü müsbət dəyərləndirmişdi. Beynəlxalq ictimaiyyət, o cümlədən də Azərbaycan bəhs olunan görüşdən sonra danışıqlarda daha da müsbət dinamikanın yaranacağını gözləyirdi. Təəssüf ki, bu baş vermədi. Danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində təxribat xarakterli hərbi təlimlərə başladı. Azərbaycan tərəfi ilk günlərdə işğalçı dövlətin təxribatlarına təmkinlə yanaşdı. Ermənistanın silahlı qüvvələri isə öz azğın hərəkətlərinin miqyasını daha da genişləndirərək təmas xəttindəki mövqelərimizə hərbi helikopterlər istiqamətləndirdilər. Yalnız bu zaman Azərbaycan Ordusu məcburiyyət qarşısında qalaraq həmin helikopterlərdən birini vurdu.
Cari ilin aprel ayında dünya ictimaiyyəti Ermənistanın təmas xəttində növbəti təxribat cəhdlərinin şahidi oldu. İşğalçı ölkənin silahlı qüvvələri atəşkəsi pozaraq iriçaplı silahlardan təmas xəttinə yaxın kəndlərdə yaşayan dinc insanları intensiv atəşə tutdular. Düşmən tərəfi bu zaman hətta qadağan olunmuş silahlara əl atmaqdan belə çəkinmədi. Təbii ki, rəşadətli Azərbaycan Ordusu düşmənin azğın hərəkətlərinin qarşısını aldı. Canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qalan işğalçı qüvvələr mövqelərindən qaçmaq məcburiyyətində qaldılar. Ordumuzun aprel zəfəri münaqişənin həlli ilə bağlı yeni vəziyyət yaradıb. Əvvəla, döyüşlərdə ciddi itkilər verən düşmən ordumuzun gücünün, Azərbaycan əsgərinin rəşadətinin şahidi oldu. Eyni zamanda, aprel döyüşlərindən sonra münaqişənin həllinə cəlb olunan təşkilatların və dövlətlərin fəallığı artıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı danışıqlar prosesi intensivləşib. O cümlədən Minsk qrupunun həmsədr dövlətlərinin - Rusiyanın, ABŞ-ın, Fransanın dövlət başçıları, yüksək səviyyəli rəsmiləri münaqişənin həllinə yönələn səylərini artırıblar və xüsusi bəyanatlarla çıxış ediblər. Aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü keçirilib. Bu günlərdə isə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində növbəti görüşü təşkil olunub. Ekspertlərin də bildirdikləri kimi, Vyana və Sankt-Peterburq görüşləri aprel hadisələrindən sonra yaranmış yeni şərait çərçivəsində baş tutub. Onu da qeyd edək ki, Sankt-Peterburq görüşündə münaqişənin mərhələli həllinə dair razılığa gəlinib. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, Sankt-Peterburq görüşü olduqca konstruktiv keçib və aparılan müzakirələr zamanı münaqişənin həlli məsələsiylə bağlı konkret təkliflər səsləndirilib. Görüşlərin ümumi nəticəsi çərçivəsində birmənalı şəkildə bu qənaətə gəlinib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və bu problem tezliklə həll olunmalıdır. N.Məmmədov bildirib ki, Sankt-Peterburq görüşü çərçivəsində təmas xəttində gərginliyin azaldılması, monitorinq qrupunun üzvlərinin artırılması, danışıqların konstruktiv şəkildə davam etdirilməsi kimi məsələlər xüsusilə diqqət mərkəzində olub. Onun sözlərinə görə, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Münaqişənin mərhələli həlli məlumdur. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi nəzərdə tutulur. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi gəlir. Öz növbəsində, Prezident İlham Əliyev münaqişənin həllində substantiv danışıqların vaxtının çatdığını bildirib: “Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni mənalı danışıqlar başlasın”.
Azərbaycan öz gücünü bundan sonra da artıracaq
Ermənistan-Azərbaycan, Qağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən ölkəmiz, ilk növbədə, özünün getdikcə güclənən ordusuna arxalanır. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 13 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsindən çoxdur.
Aprel döyüşləri Silahlı Qüvvələrimizin gücünü dünyaya, o cümlədən də Ermənistana göstərdi. Bununla belə, torpaqlarımızın işğal altında qalması faktı ordumuzun gücləndirilməsi zərurətini yenə də gündəmdə saxlayır. Nə qədər ki, müharibə ədalətli sonluqla başa çatmayıb və ərazi bütövlüyümüz təmin olunmayıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi və döyüş qabiliyyətinin artırılması bizim üçün prioritet vəzifə olaraq qalacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz gələcəkdə də hərbi gücümüzü artırmalıyıq və artırırıq. Dövlət başçısı ordunun gücləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verildiyini nəzərə çatdırıb: “Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib”.
Güclü müdafiə sənayesi Azərbaycan Ordusunun maddi-texniki təchizatının yüksəldilməsində mühüm rol oynayır
Son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan uğurlardan söhbət açarkən ölkəmizdə modern müdafiə sənayesinin yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Artıq ölkəmizdə onlarla hərbi təyinatlı zavod fəaliyyət göstərir.
Beləliklə, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur”.
Daha bir əlamətdar cəhət isə ondan ibarətdir ki, artıq Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası həm də xarici bazarlara çıxarılır. Ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Son illərdə keçirilən beynəlxalq sərgilərdə isə ölkəmizin müdafiə sənayesi 130-dan artıq hərbi məhsulla təmsil olunub. Sərgilərdə nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları beynəlxalq sərgilərdə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq sərgilərə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildiriblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

