Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir

06.01.2016 [09:39]

Prezident İlham Əliyev: Son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib
Prezident İlham Əliyevin təkcə 2015-ci ilin son ongünlüyündə imzaladığı bir sıra mühüm sənədlər, həmçinin dövlət başçısının şəxsən iştirakı ilə yeni sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycan hökumətinin ardıcıl həyata keçirdiyi genişməzmunlu sosial siyasətə sadiqliyinin ifadəsidir. Qlobal miqyasda yeni gərginliklər və çətinliklər yaranmasına baxmayaraq, Azərbaycan dövləti sosial sahədə hər hansı proqramı ixtisara salmır, əksinə vətəndaşların mənafelərinə yönələn yeni təşəbbüslərlə çıxış edir, ələlxüsus da aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insanlara hərtərəfli dəstək göstərir. Deyilənlərin təsdiqi olaraq qeyd edək ki, Prezident İlham Əliyev 30 dekabr 2015-ci il tarixində aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödənilməsi qərara alınıb. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon manat ayrılıb.
2015-ci il dekabrın 24-də isə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib. Yüksək səviyyədə inşa olunan 132 mənzilli binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub. Mənzillərin hamısı təmir edilib və yaşayış üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev binanın istifadəyə verilməsi mərasimində sakinlərlə görüşündə gözdən əlillər üçün yaşayış binasının inşa olunmasını ölkəmizdə həyata keçirilən sosial siyasətin əlaməti kimi səciyyələndirib.
Yüksək iqtisadi inkişaf dinamikasına malik Azərbaycan, eyni zamanda, sosial dövlətdir
Məlum olduğu kimi, qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalara baxmayaraq, hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün dinamik iqtisadi inkişaf dövrünü yaşayır. Son 12 ildə respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb ki, bu da bütün dünya üzrə rekord göstəricidir. Ölkəmizdə uğurlu iqtisadi inkişaf dinamikası qlobal miqyasda yeni gərginliklər yaşandığı 2015-ci ildə də davam edib. Belə ki, ötən ilin 9 ayında ölkə iqtisadiyyatında 3,7 faiz artım müşahidə edilib. Son illərdə Azərbaycanın dinamik inkişafa nail olması beynəlxalq reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb. Dünya İqtisadi Forumu 2015-ci ildə yaydığı hesabatında respublikamızı iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerdə qərarlaşdırıb. Beynəlxalq Valyuta Fondu isə 2015-ci ildə ölkəmiz üçün 4 faizlik iqtisadi artım proqnozlaşdırıb.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət də məhz ölkənin iqtisadi potensialının genişlənməsinə əsaslanır.
İldən-ilə güclənən iqtisadiyyat respublikamızda sosial sahəyə daha böyük diqqət göstərilməsinə və bu istiqamətdə ardıcıl layihələr reallaşdırılmasına geniş imkanlar açır. Son 12 ildə respublikamızda 3 mindən artıq məktəb, təxminən 500 səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub.
Azərbaycanda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, respublikamızda yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, Azərbaycan özünün əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn genişməzmunlu sosial siyasətini qlobal miqyasda yeni gərginliklərin yarandığı, həmçinin dünya birjalarında neftin qiymətinin aşağı düşdüyü 2015-ci ildə də intensiv şəkildə davam etdirib. Prezident İlham Əliyev 2015-ci ildə ölkəmizdə hər hansı sosial layihənin ixtisara salınmadığından məmnunluq ifadə edib: “... Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıbdır”.
Dövlət başçısı sosial proqramların 2016-cı ildə də icra ediləcəyini bildirib: “Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır”.
Ölkədə xüsusi qayğıya ehtiyacı olan insanların problemləri həllini tapır
Azərbaycanda sosial sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar hərtərəfli dövlət dəstəyi ilə əhatə olunublar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər.
Ölkəmizdə məqsədyönlü sosial siyasətin tərkib hissəsi olaraq sosial öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi təmin edilir, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl proqramlar reallaşdırılır. Bu məqamda vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə 500 minə yaxın insan, başqa sözlə desək, 114 min ailə ünvanlı sosial yardım alır. 2015-ci ilin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib.
Ölkəmizdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilir. Həmin insanların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri yüksələn xətlə davam etdirilir. Ötən il 2014-cü illə müqayisədə 65 faizə yaxın çox, yəni 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Bu təbəqədən olan şəxslərin protez-ortopedik xidmətlə təminatında mühüm işlər aparılır və təkcə ötən ilin 11 ayında nazirlik tərəfindən onlara 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 40,1 faiz çox, yəni 31923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ümumilikdə 2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı müvafiq təbəqələrdən olan 16,3 min nəfərdən çox şəxsi əhatə edib.
Tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması məqsədilə institusional islahatlar da daxil olmaqla həyata keçirilən tədbirlər bu sahədə daha ədalətli yanaşmanı təmin edir və dövlətin qayğısından, ilk növbədə, buna daha çox ehtiyacı olan insanlar bəhrələnirlər. Görülən tədbirlərin nəticəsində sosial müavinət alan ailələrin sayı 20 faizədək azalıb, eyni zamanda, ilkin əlillik təyin edilmiş şəxslərin sayı 2014-cü ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb. Yeri gəlmişkən, nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq hansısa məmurlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək.
Qeyd olunanlar bir daha təsdiqləyir ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət dəstəyi ədalət prinsipinə əsaslanır və ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyev ehtiyacı olan insanların problemlərinin həll edilməsinin, ədalətin tam şəkildə təmin olunmasının aparılan islahatların əsas məqsədi olduğunu xüsusi olaraq vurğulayıb: “Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun”.
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan vətəndaşları, xüsusilə də dövlətin qayğısına böyük ehtiyacı olan vətəndaşlar növbəti illərdə də dövlət siyasətinin mərkəzində olacaqlar.
Xalq üçün, dövlət üçün böyük xidmət göstərmiş insanlar hərtərəfli qayğı ilə əhatə olunublar
Ölkəmizdə Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə fəal iştirak etmiş müharibə əlilləri və şəhid ailələri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin miqyası kifayət qədər genişdir. Dövlət başçısı bu istiqamətdə görülən işlərdən məmnunluğunu ifadə edib: “Son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobili verilmişdir”.
21 dekabr 2015-ci il tarixində isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam ölkəmizin ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsini daha dolğun şəkildə təmin etmək məqsədi daşıyır. Sərəncama əsasən, müvafiq kateqoriyadan olan şəxslərin ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 (on) milyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, qeyd olunan vəsait dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası, yəni nazirlik tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub. Layihəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Onlardan 10 rayon üzrə inşası başa çatmış 65 fərdi ev, habelə 3 şəhərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, eləcə də Tərtər rayonunda 54 mənzilli yaşayış binası cari ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Beləliklə, cari ilin ötən dövründə 175 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.
Müharibə əlilləri və şəhid ailələri üçün hazırda respublikanın bölgələrində 310 fərdi ev tikilir ki, onlardan 73 evin inşası artıq tam yekunlaşıb, qalan evlərin isə böyük əksəriyyətinin tikintisi tamamlanmaq üzrədir. Yaxın vaxtlarda Salyan, Sabirabad, Şabran, Siyəzən, Ağdaş, İmişli və digər rayonlarda yeni fərdi evlərin, habelə Bakı şəhərində hazır yaşayış binalarından alınmış mənzillərdən təmir işləri başa çatdırılmış 88 mənzilin müharibə əlilləri və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur. Bu kateqoriyadan olan şəxslər üçün İmişli və Beyləqan rayonlarının hər birində bir 54 mənzilli, Şamaxı rayonunda isə bir 36 mənzilli yaşayış binasında tikinti işləri də artıq yekunlaşmaq üzrədir. Bundan başqa, hazırda Bakıda 96 mənzilli yaşayış binasının inşası davam etdirilir.
Əlillərin cəmiyyətə inteqrasiyası prioritet məsələdir
Ciddi sosial aktuallıq kəsb edən məsələlərdən biri də əlillərin cəmiyyətə fəal şəkildə inteqrasiya edilməsidir. Heç cür barışmaq olmaz ki, fiziki qüsurlu insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hesab etsinlər. Prezident İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin”.
Ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması üçün məqsədyönlü layihələr həyata keçirilir. Sosial cəhətdən həssas qruplardan olan insanların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına açıq, inklüziv və bərabərhüquqlu çıxış imkanlarına malik olmasına şəraitin yaradılması daim diqqətdə saxlanılır. Bu sahədə işlərin davamı kimi, 2015-ci ilin yanvar-oktyabr aylarında 743 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş kvota üzrə işlərlə təmin edilib ki, onlardan 240 nəfərini əlilliyi olan şəxslər, 159 nəfərini məcburi köçkünlər, 156 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, qalanlarını digər müvafiq kateqoriyalardan olanlar təşkil ediblər. Bu dövrdə 508 nəfər əlilliyi olan şəxs, 164 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək insan və internat məktəblərini bitirmək ərəfəsində olan, valideyn himayəsindən məhrum olmuş gənc əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Hazırda ölkəmizdə gözdən əlillərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2014-2015-ci illərdə 100-ə yaxın belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin binası inşa olunur. Burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 884 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31