Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci Avropa Oyunlarına hazırlığı ən yüksək qiymətə layiqdir

Azərbaycanın birinci Avropa Oyunlarına hazırlığı ən yüksək qiymətə layiqdir

01.05.2015 [09:28]

Prezident İlham Əliyev: Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində hər sahədə dinamik inkişafa nail olan, bu əsasda regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan, bütün dünyada etibarlı tərəfdaş imici qazanan Azərbaycan həm də mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Hazırda isə ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Cari ilin yayında “qoca qitə”nin və bütün dünyanın idman nəbzi Azərbaycanda döyünəcək.
Azərbaycanda qısa müddətdə Oyunların yüksək səviyyədə keçirilməsi üçün müasir idman infrastrukturu qurulub
Birinci Avropa Oyunlarında “qoca qitə”nin təxminən 50 ölkəsindən 6 minədək atletin 20 idman növündə qüvvəsini sınayacağı gözlənilir ki, bu da yarışların böyük miqyası barədə konkret təsəvvür yaradır. Belə mötəbər Oyunlara ev sahibliyi hüququnun respublikamıza etibar edilməsi isə heç də təsadüfi deyil. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinə (AOK) üzv dövlətlərin birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı dəstəkləmələri ilk növbədə ölkəmizin bütün dünya üçün nümunə ola biləcək reallıqları ilə bağlıdır. Bu reallıqlar içərisində müstəqillik illərində Azərbaycanda ən yüksək standartlara cavab verən idman infrastrukturunun yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Son illərdə ölkəmizdə əksər mövcud idman qurğularında əsaslı yenidənqurma işləri aparılıb. Bundan başqa, respublikamızda çoxlu sayda ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları istifadəyə verilib. Məhz bu amil AOK üzvlərinin birinci Avropa Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana etibar etmələrində mühüm rol oynayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə keçirilən “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında son illərdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasından məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkəmizdə idman infrastrukturunun yaradılmasında ən yüksək standartların tədbiq edildiyinə diqqət çəkib: “...Son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil”.
Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin idman infrastrukturunu daha da zənginləşdirib. Artıq respublikamız Avropanın tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır. Qısa dövr ərzində ölkəmizin idman infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, çoxlu sayda beynəlxalq miqyaslı idman obyektləri yaradılıb, təhlükəsizlik, nəqliyyat, qonaqların və idmançıların yerləşdirilməsi və digər məsələlər uğurla həll olunub. Paytaxt Bakıda birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Hazır olan idman qurğularında yayda birinci Avropa Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışlarının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir.
Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakıda həyata keçirilən zəruri infrastruktur layihələri, o cümlədən də, şəhərin yol-nəqliyyat infrastrukturunda görülən işlər də diqqəti cəlb edir. Avropa Oyunlarına hazırlıq çərçivəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq yol-nəqliyyat infrastrukturunun imkanlarının daha da genişləndirilməsi istiqamətində bir sıra yeni layihələr reallaşdırılıb. Belə ki, Olimpiya Stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi, yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması həyata keçirilib. Əsas magistral yolların tikintisi yekunlaşıb. Şəhərin yol-nəqliyyat infrastrukturunun birinci Avropa Oyunlarına hazırlanması üzrə görülən işlər çərçivəsində Ziya Bünyadov prospektinin yenidən qurulması və prospektin üzərində yeni yol qovşaqlarının tikintisini xüsusi vurğulamaq gərəkdir. Bundan başqa, Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq “Bakı Ekspo” Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq nəzəri treninqlərə cəlb edilib. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınıb. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilib.
Azərbaycan birinci Avropa Oyunlarına hazırlıq sahəsində də dünya rekorduna imza atıb
Yuxarıda sadalanan faktlara istinadən deyə bilərik ki, Azərbaycanın birinci Avropa Oyunlarına hazırlığı ən yüksək qiymətə layiqdir. Azərbaycan birinci Avropa Oyunlarına da məhz ölkəmizə xas olan yüksək standartları əsas götürərək hazırlaşıb. Ölkəmiz yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Gələcək Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək. Dünya praktikasında belə mötəbər yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, 7 il vaxt verilir. Azərbaycan isə birinci Avropa Oyunlarına bütün hazırlıq işlərini cəmi 2,5 ilə yüksək səviyyədə tamamlamaqla bu sahədə də rekorda imza atıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdikləri yüksək etimadı doğrultmağa çalışıblar. Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsinin, həmçinin, yerli və xarici mütəxəssislərdən ibarət Beynəlxalq Əməliyyat Komitəsinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib: “Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət Beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapmışdır”.
Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsi də Azərbaycanda yarışlara hazırlıq məqsədilə görülmüş işləri yüksək qiymətləndirib və birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bəyan edib. Son vaxtlar Avropanın ayrı-ayrı ölkələrinin mətbuatında Azərbaycanda birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görüldüyü barədə silsilə yazılar dərc edilməkdədir. Öz növbəsində, Avropa Olimpiya Komitələrinin Əlaqələndirmə Komissiyasının üzvləri də birinci Avropa Oyunları öncəsi Bakıya baş tutan yekun səfərləri zamanı ölkəmizin paytaxtında hazırlanan idman obyektlərini gəzərək görülən işlər barədə müsbət rəy ifadə ediblər. Əlaqələndirmə Komissiyasının üzvləri tur çərçivəsində birinci Avropa Oyunlarına hazırlıqlarla bağlı ətraflı məlumat alıblar. Bundan əlavə, onlar birinci Avropa Oyunlarının Marşrut Şəbəkəsi boyunca hərəkət edərək Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Avropa Oyunları Parkını və digər idman obyektlərini gəziblər. Onlar, həmçinin, “Bakı-2015” Uniforma Paylama və Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər. Tur çərçivəsində Bakıda yaradılan idman obyektləri ilə tanış olan AOK Əlaqələndirmə Komissiyasının üzvləri 2012-ci ilin dekabr ayında Bakıya Avropa Oyunlarına ev sahibliyi hüququ verildiyi gündən bəri əldə edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər. AOK-un prezidenti Patrik Hikki isə “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında Oyunlara hazırlıq sahəsində bütün Bakı heyətinin dünya rekorduna imza atdığını bildirib: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etmək əzmindədir
Bu gün Azərbaycan reallığı elədir ki, respublikamız mühüm beynəlxalq tədbirlərin təşkili, bunun üçün zəruri şəraitin təmin olunması və öz müasir sosial, iqtisadi və idman infrastrukturu ilə dünyanın aparıcı ölkələri ilə müqayisə oluna bilər. Ekspertlərin rəylərinə əsasən, Azərbaycanda mövcud imkanlar istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir. Son illərdə Bakının humanitar və mədəniyyətlərarası dialoq forumlarına, ayrı-ayrı beynəlxalq təşkilatların zirvə toplantılarına, həmçinin, mötəbər idman yarışmalarına uğurla ev sahibliyi etməsi deyilənlərin təsdiqidir. Qarşıdakı illərdə respublikamızda daha bir neçə beynəlxalq turnir təşkil olunacaq. Ölkəmiz birinci Avropa Oyunlarından sonra 2016-cı ildə Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bundan başqa, ilk dəfə olaraq “Formula-1” yarışmaları regionumuza gələcək. Bu yarışlar paytaxtımızda baş tutacaq. 2017-ci ildə isə Azərbaycanda İslam Həmrəylik Oyunları keçirəcəyik. Prezident İlham Əliyev bildirib ki, bu kimi faktlar, əslində, Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir: “Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir”.
Beləliklə, bütün bunlar respublikamızın yüksək inkişafının, getdikcə artan potensialının, eyni zamanda, Azərbaycan cəmiyyətinin tolerantlığının, bütün dünyaya nümunə olacaq yüksək dəyərlərə sahib olmasının təsdiqidir. Şübhə yoxdur ki, Azərbaycanın sahib olduğu yüksək dəyərlər ölkəmizdə keçiriləcək idman bayramlarına təşrif gətirən qonaqlarda məmnunluq yaradacaq. Buna əminliyini ifadə edən Prezident İlham Əliyev deyib: “Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31