Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib
18.03.2015 [10:00]
Millət vəkilləri hesabatı yüksək qiymətləndiriblər
Milli Məclisin dünən keçirilən növbəti iclasında Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Milli Məclisin sədri Oqtay Əsədov bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatına dair fikirlərini bildirən Oqtay Əsədov deyib: “Təqdim olunmuş sənəddən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib. Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası davam etdirilib”.
Milli Məclisin sədri bildirib ki, 2014-cü ildə ölkəmizdə ümumi daxili məhsul istehsalında 2,8 faiz artım əldə edilib. Dünya iqtisadiyyatı üçün o qədər də əlverişli olmayan bir zamanda bu, məqbul nəticə sayıla bilər. O.Əsədov deyib ki, ötən ilin sonlarında Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çox olub. Valyuta ehtiyatları ölkəmizin təqribən 3 illik idxalı həcmindədir, xarici dövlət borcunu 8 dəfədən çox üstələyir.
Spiker deyib: “Hökumətin hesabatının Milli Məclisdə müzakirə edilməsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqənin güclənməsinə, eləcə də sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılmasında və həllində deputatların iştirakına imkan yaradır. Görürük ki, hökumət deputatların təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında bunları nəzərə alır”.
Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edib. A.Rasizadə bildirib ki, son illərdə ölkədə aparılan ardıcıl sosial-iqtisadi tərəqqi siyasəti hesabat dövründə də uğurla davam etdirilib. İlin yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş bütün əsas vəzifələr yerinə yetirilib. Onun sözlərinə görə, makroiqtisadi sabitlik qorunub saxlanılıb, ümumi daxili məhsulun artımına nail olunub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib, xalqın rifahı davamlı olaraq yüksəldilib: “Nailiyyətlərin təməlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yaradılmış dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulmuş iqtisadi baza durur. Qeyd etmək lazımdır ki, belə nəticələr dünyada iqtisadi inkişafın zəiflədiyi bir vaxtda və beynəlxalq maliyyə bazarlarındakı qeyri-müəyyənliyin və onun fəsadlarının ölkə iqtisadiyyatına təzyiqi şəraitində əldə edilib. Keçən il dövlət büdcəsinin daxili vergilər və xarici ticarət əməliyyatları üzrə gəlirlərinin artımla yerinə yetirilməsi bütün iqtisadi və sosial proqramlar üzrə xərclərin icrasını təmin edib. Manatın sabitliyi qorunub, ölkənin strateji valyuta ehtiyatları artırılaraq ilin sonuna 51,3 milyard dolları keçib”.
Baş nazir qeyd edib ki, ümumilikdə, ölkənin sosial-iqtisadi inkişafı əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı bu səbəbdən 33,7 faiz azaldılıb, eyni zamanda, bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil edib.
Qarabağ və Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılıb, 172 ailəyə yeni mənzil verilıb.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkənin qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verib. Bunun nəticəsi olaraq, 2014-cü ildə respublikada 230-dan artıq sənaye müəssisəsi açılıb.
A.Rasizadə qeyd edib ki, Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan və həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək “Cənub” qaz dəhlizinin təməli qoyulub. Bu nəhəng infrastruktur layihəsi “Şahdəniz”, “TANAP” və “TAP” layihələri ilə birgə uzun müddət ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcək. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq, ordu quruculuğunun daim təkmilləşdirilməsini, onun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığına əyani sübutdur. Düşünürəm ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır” - deyə, Baş nazir vurğulayıb.
Müzakirələr zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, hökumətin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər ətraflı şəkildə təhlil olunub. M.Quliyev bir sıra təkliflərlə çıxış edib. O qeyd edib ki, müəyyən səbəblərdən bəzi Qarabağ əlillərinin pensiya məsələsində bir qədər uyğunsuzluq var: “Hansı Qarabağ əlillərinin minimum 5 il əmək stajı var, onlar artıq əlil kimi pensiya alırlar və bunun da minimum məbləği 120 manatdır. Amma 5 ilə qədər stajı olmayan Qarabağ əlillərinə pensiya yox, müavinət verilir. Müavinətin məbləği isə maksimum 60 manatdır. Yəni özlərindən asılı olmayan səbəbdən eyni kateqoriyadan olan insanların pensiyaları arasında çox ciddi fərqlər yaranır və bu da həmin insanların haqlı narazılığına səbəb olur. Bizə müraciət edirlər ki, 18 yaşında hərbi xidmətə getdikləri halda 5 il əmək stajını necə əldə edə bilərlər. Ona görə təklif edirəm ki, hökumət pensiya hüququ olmayan Qarabağ əlillərinin müavinətlərini minimum pensiya həddinə qaldırsın. Belə insanların sayı da çox deyil”.
M.Quliyev, həmçinin, gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka proqramından əlavə, sosial evlərin tikintisini də təklif edib. Millət vəkili orta tibb təhsili ilə əlaqədar da təkliflər verib.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hökumətin illik hesabatını yüksək qiymətləndirib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük uğurlar qazanır: “Hər birimiz ölkəmizin inkişafının şahidiyik. 2014-cü il Azərbaycan üçün bütövlükdə uğurlu il olub. Burada elə təkliflər edilir ki, bu təkliflər büdcə müzakirələri zamanı verilməlidir”.
S.Novruzov Baş nazir Artur Rasizadəni dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə də təbrik edib: “Artur Rasizadə uzun illərdir sədaqətlə, peşəkarlıqla hökumətə rəhbərlik edir. Bu işində ona uğurlar arzulayıram”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da hökumətin illik fəaliyyətini yüksək dəyərləndirib. O qeyd edib ki, son illər kənd təsərrüfatı sahəsinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, bu sahədə ciddi irəliləyişlər əldə olunur.
Millət vəkili Sahibə Qafarova bildirib ki, ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəyliyi amilidir. Onun sözlərinə görə, güclü dayaqlara malik sabitliyin bərqərar olması isə, əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir: “İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən-ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir”.
Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan hökumətinin fəaliyyətini təqdirəlayiq hesab edən millət vəkili bir sıra təkliflərlə də çıxış edib.
Millət vəkili Kamilə Əliyeva çıxışında bildirib ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Onun sözlərinə görə, hökumətin hesabatından da göründüyü kimi, ölkəmiz inkişaf tempini qoruyub saxlamaqdadır.
İclasda, həmçinin, millət vəkilləri Qənirə Paşayeva, Çingiz Qənizadə, Fazil Mustafa, Zahid Oruc, Leyla Abdullayeva, Musa Qasımlı, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Tahir Rzayev və başqaları çıxış edərək hesabata münasibət bildiriblər.
Çıxışlar zamanı deputatların manatın məzənnəsi ilə bağlı toxunduqları məsələyə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov münasibət bildirib. O deyib ki, baş verən proseslər əslində manatın devalvasiyası deyil, dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Ötən ildən başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşmasına bütün ölkələr reaksiya verir. Hökumət, Maliyyə Nazirliyi də xərcləri real neft qiymətləri əsasında həyata keçirir və buna uyğun da düzgün siyasət müəyyənləşdirilir. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var və ölkəmiz neft gəlirlərindən düzgün istifadə edir. Lakin köhnə siyasət davam etdirilsə idi, qısa zamanda həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun ehtiyatları sıfıra enə bilərdi.
E.Rüstəmov bildirib ki, burada qarşıya qoyulan əsas məqsəd inflyasiyanın qarşısının alınmasıdır. Qəbul olunan qərar ölkənin strateji maraqlarına xidmət edir.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

