Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək

Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək

17.03.2015 [10:16]

Prezident İlham Əliyev: Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Bərdədə bir sıra obyektlərin açılışına qatılıb, ictimaiyyətin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev Bərdədə regional “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışında müasir inkişaf yolu tutan Azərbaycanın innovativ fəaliyyət sahəsində bir sıra uğurlara imza atdığını vurğulamaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına əminliyini də ifadə edib: “Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq”.
Azərbaycan brendi olan “ASAN xidmət”in təcrübəsi bütün dünyada maraqla izlənilir
Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində reallaşdırılan “Elektron hökumət” quruculuğu, o cümlədən də, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Qısa müddətdə əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Ümumiyyətlə, ölkəmizdə “Elektron hökumət”in əsas prinsipi yüksək səviyyəli informasiya cəmiyyəti quruculuğuna, dövlət orqanlarının işinin səmərəliliyini artırmağa, şəffaflığı təmin etməyə, korrupsiya hallarının qarşısını almağa nail olmaqdan və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Bütün bunlar isə son nəticədə respublikamızda “Elektron hökumət”in geniş populyarlıq qazanmasını təmin edib.
Təsadüfi deyil ki, BMT-nin yaydığı hesabatda 2014-cü ildə “Elektron hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələrinin reytinq cədvəlində respublikamız 193 ölkə arasında 68-ci yerdə qərar tutub. 2012-ci ildə isə ölkəmizdə bu sahədə daha mühüm bir islahata start verilib. Belə ki, 2012-ci il dekabrın 29-da Bakıda ictimai əlaqələr sahəsində dünya üzrə Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk pilot layihəsi-1 saylı mərkəzi fəaliyyətə başlayıb. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə verilib. Artıq bu proses regionları da əhatə etməyə başlayıb. Belə ki, hazırda ölkədəki 8 “ASAN xidmət” mərkəzindən 4-ü bölgələrin payına düşür. Daha iki mərkəzin tikintisi isə Bakıda və Qəbələdə aparılır, həmçinin, yaxın zamanlarda Masallıda da “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulub. Hazırda “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də, miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. İndiyədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə edilən müraciətlərin sayı 4 milyon 120 mini ötüb ki, bu da sözügedən mərkəzlərə vətəndaşların inamının getdikcə artmasından xəbər verir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında “ASAN xidmət”in ictimai xidmətlər sahəsində bir inqilab olduğuna diqqət çəkərək məmnunluqla bildirib ki, hazırda Azərbaycanın bu sahədəki təcrübəsi bütün dünyada maraqla izlənilir: “ASAN xidmət” doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, “ASAN xidmət”in fəaliyyəti nəticəsində bir neçə məqsəd artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa qarşı mübarizə, yenilik, müasirlik, könüllülər qrupunun yaradılması, bölgələrin inkişafı. Bu xidmətin fəaliyyəti indi özünü başqa sahələrdə də göstərir.
“Asan xidmət”in Bərdə şəhərində fəaliyyətə başlaması xüsusi əhəmiyyətə malikdir
Bərdədə yaradılan regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Digər “ASAN xidmət” mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompüterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.
Qeyd edək ki, Bərdə “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır.
Bərdənin cəbhə xəttinə yaxın ərazidə yerləşdiyini nəzərə alsaq, onda burada yüksək səviyyəli “ASAN xidmət” mərkəzinin yaradılmasının necə böyük önəm daşıdığı barədə konkret təsəvvür yaranar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev diqqəti Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlamasının əhəmiyyətinə yönəldərək vurğulayıb: “Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır. Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra isə artıq vətəndaşları qəbul etməyə başlayacaq”.
Belə yüksək səviyyəli “ASAN xidmət” mərkəzinin Qarabağ bölgəsində yaradılması, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətini və güclü siyasi iradəsini təcəssüm etdirir. Məlumdur ki, havadarlarının dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsinin bir sıra ərazilərini işğala məruz qoyan Ermənistan iqtisadi tənəzzül girdabında boğulur. Forpost ölkə işğalçılıq siyasətindən əl çəkmədikcə daha acınacaqlı duruma düşür. Azərbaycan isə ötən illərdə öz potensialını əhəmiyyətli dərəcədə artırıb və regionun lider dövləti səviyyəsinə yüksəlib. Bunun nəticəsidir ki, ölkədə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də iri layihələr həyata keçirilir. Bərdədə yaradılan “ASAN xidmət” mərkəzi bunun növbəti təsdiqidir. Bu, bir daha göstərir ki, Azərbaycanın bütün regionları kimi, Qarabağ bölgəsi də güclü inkişaf proseslərinə cəlb edilib. Respublikamızdakı inkişafı görən düşmən anlamalıdır ki, işğalçılıq siyasətini davam etdirməyin heç bir faydası yoxdur. Məqsədyönlü siyasət sayəsində güclü dövlətə çevrilən Azərbaycan ölkənin bütün bölgələrini, o cümlədən də, bütövlükdə Qarabağı inkişaf, tərəqqi, müasirlik məkanına çevirmək əzmindədir.
Onu da qeyd edək, Bərdədə “ASAN xidmət” mərkəzinin yaradılması qonşu rayonların da sakinlərinin rahatlığına səbəb olacaq. Belə ki, mərkəzin fəaliyyətindən Bərdə də daxil olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Beləliklə, cəbhə xəttinə yaxın ərazidə yerləşən Bərdədə yeni “ASAN xidmət” mərkəzinin yaradılması heç də adi hadisə deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla inkişafını göstərir. Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət” var və bu xidmət bütün ətraf rayonların sakinlərinə, məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də sevindirəcək”.
Cəmiyyətdəki səfərbərlik, ölkənin iqtisadi və hərbi gücü Azərbaycanın düşmən üzərində qələbəsini şərtləndirir
Məlumdur ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan dövləti xalqımızın xoş məramına sadiq qalaraq ölkənin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasına səy göstərir və aparılan danışıqlarda daim konstruktiv mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir”.
Lakin Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, BMT, digər beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilən qətnamələrdən və digər sənədlərdən irəli gələn tələbləri yerinə yetirmir, hər vəchlə işğal nəticəsində yaranmış status-kvonu saxlamağa çalışır. Belə olan halda Azərbaycan öz gücünə güvənməlidir. Sosial-iqtisadi sahədə qazanılan uğurlar, ordu quruculuğunda əldə olunan nailiyyətlər, cəmiyyətdəki həmrəylik, eyni zamanda, dövlətin, ölkə rəhbərliyinin nümayiş etdirdiyi güclü siyasi iradə Azərbaycanın düşmən üzərində qələbəsini yaxınlaşdırır. Təsadüfi deyil ki, son vaxtlarda təmas xəttində Azərbaycanın üstünlüyü tam şəkildə təmin olunub, ordumuz sərhədlərimizi inamla qoruyur və lazım gəldikdə düşmənə layiqli zərbələr vurur. Bütün bunlar onu deməyə əsas verir ki, bizim qələbəmiz uzaqda deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31