Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Viktoriya Nuland müxalifətlə görüşməkdən niyə imtina etdi?

Viktoriya Nuland müxalifətlə görüşməkdən niyə imtina etdi?

20.02.2015 [00:35]

Və ya Fatma bu dəfə də bəzəkdə qaldı
Xəbər verdiyimiz kimi, fevralın 18-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nuland Bakıya səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Səfər çərçivəsində jurnalistlər üçün mətbuat konfransı keçirən xanım Nuland deyib ki, ABŞ Azərbaycanla 20 ildən artıq tarixə malik əməkdaşlığı yüksək qiymətləndirir. Onun sözlərinə görə, rəsmi Vaşinqton ötən illər ərzində qurulmuş güclü əlaqələri davam etdirmək istəyir. Viktoriya Nuland bildirib ki, ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq mövcuddur: “Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstanda və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq. Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin, Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də Azərbaycana gəliblər. Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin gücləndirilməsi sahəsində müzakirələr aparılır”.
Viktoriya Nuland suallara aydınlıq gətirdi
Yuxarıda qeyd edilən fikirlərdən də aydın olur ki, xanım Nuland bu səfəri zamanı gözlənildiyi kimi, bir sıra məsələlərə aydınlıq gətirib, cavabını gözləyən suallara açıq cavab verib. Əvvəla, sirr deyil ki, son dövrlər Birləşmiş Ştatlardakı maraqlı dairələr iki dövlət arasında münasibətlərə kölgə salmağa çalışırdı. Bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi, orada Azərbaycanın ünvanına qeyri-obyektiv ittihamların səsləndirilməsi buna misaldır. Hətta Azərbaycandakı “beşinci kolon” təmsilçiləri həmin fikirlərdən ilham alaraq, guya, Vaşinqtonun ölkəmizdə hansısa inqilab ssenariləri hazırladığı yönündə sərsəm fikirlər səsləndirirdilər. Xanım Nuland isə küçə qeybətlərindən o yana keçməyən bu fikirləri tamamilə inkar edərək Azərbaycanın Ağ Ev üçün əhəmiyyətini yenidən xatırladıb. O, xüsusilə qeyd edib ki, ölkələrimiz arasında əlaqələr çox yaxşı səviyyədədir: “Biz əlavə işlər görməyə, layihələr həyata keçirməyə çalışırıq. Ölkələrimizin birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. Hazırda “Cənub” qaz dəhlizi layihəsinin reallaşması istiqamətində birgə çalışırıq. Bu, yalnız Azərbaycan deyil, eyni zamanda, Avropada indiyə qədər yalnız bir mənbədən asılı olan bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir”.
Hökumətlə vətəndaş cəmiyyəti arasındakı dialoqun əhəmiyyətini vurğulayan V.Nuland bildirib ki, belə təmasların qurulması gələcək baxımından çox vacibdir. ABŞ Azərbaycanda hökumətlə vətəndaş cəmiyyəti arasında bu cür təşəbbüsləri və dialoqları 20 ildən artıqdır ki, dəstəkləyir.
Xanım Nuland da digər amerikalı siyasətçilərin izindən getdi
O da bəllidir ki, xanım Nuland Bakıya ayaq basmazdan əvvəl radikal müxalifət təmsilçiləri və onların muzdlu mirzələri bu səfərdən özləri üçün böyük ümidlər gözlədikləri iddiasını ortaya qoyurdular. Əslində, bundan əvvəl də biz bu cür ucuz və səmərəsiz “piar” kampaniyalarının şahidi olmuşduq. Yəni, nə zaman ki, ABŞ-dan Azərbaycana yüksək çinli məmur səfərə gəlir, radikallar dərhal özlərinə əl qatırlar. Xatırlayaq, 2012-ci ildə keçmiş dövlət katibi Hillari Klinton Bakıya səfər edəndə radikalların o zamankı periodik təbliğat kampaniyası heç bir səmərə verməmiş, xanım Klinton bu ünsürlərlə görüşməkdən imtina etmişdi. Bu dəfə isə Viktoriya Nuland eyni addımı atdı - bir el məsəlində deyildiyi kimi, Fatma bəzəkdə qaldı. Baxmayaraq ki, radikallar 2015-ci il planlarını bütünlüklə bu səfər üzərində fokuslaşdırmışdılar. Guya V.Nuland Bakıya gələndə bütün gününü bunların hay-küyünə qulaq asmağa həsr edəcək, yağlı-yağlı vədlər verəcək, üstəlik portfelində “inqilab” ssenariləri gətirəcəkdi. Bunlar da görüşdən çıxdıqdan sonra dərhal bəyanat verərək ABŞ-ın radikal müxalifət partiyalarına “sonsuz dəstəyindən” danışıb, yalan və pafos dolu təbliğata start verəcəkdilər. Ən nəhayət, bütün fəaliyyəti xarici direktivlərdən asılı olan radikallar xanım Nulandın “təlimat” və “tapşırıqları” əsasında seçki ilində iş başına keçəcəkdilər. Amma olmadı - Dövlət Departamentinin rəsmisi səfərini tamamlayıb gedər ayaqda isə “inqilab” həvəskarlarına Azərbaycanda inqilab olmayacağını çox açıq bir mətnlə ifadə etdi.
ABŞ rəsmisi fərsiz müxalifət liderləri ilə niyə görüşməli idi ki?
Əvvəla, radikalların bu cür səfərlərə belə canfəşanlıq göstərməsi, bu səfərlərə nəfəslik kimi baxmasının səbəblərinə diqqət yetirək: Bu gün ölkəmizdə vətəndaşların ciddi narazılığına şərait yaradan səbəblər yoxdur. Əksinə, Azərbaycan xalqı, vətəndaşlarımız bugünkü iqtidarın fəaliyyətindən razıdır və öz əməlləri ilə bu razılığı ifadə edirlər. Təbii ki, bu şərait radikal müxalifətin ölkəmizdə fəaliyyət sferasını tamamilə daraldıb. Bu gerçəkliyi radikal müxalifətin ştatlı liderləri də bilir və onların hakimiyyətə gəlmək perspektivlərinin, ümidlərinin üstündən birdəfəlik xətt çəkildiyini anlayırlar. Ona görə də, siyasi arenadakı mövcudluqlarını qorumaq, maddi və mənəvi dəstək almaq üçün ümidlərini yalnız xaricdəki dairələrə bağlayırlar.
Eynilə xanım Nulandın radikal müxalifət təmsilçiləri ilə görüşməməsi başadüşülən, eyni dərəcədə də məntiqlidir. Çünki 22 ildir müxalifətdə olan, amma bu illər ərzində bir buğda dənəsi qədər belə inkişaf etməmiş, əksinə, hər keçən ildə daha da zəifləmiş, faktiki olaraq kiçik bir qrupdan ibarət olan bu müxalifətə Azərbaycan cəmiyyətində heç bir inam və etimadın olmadığını ölkəmizdən kənarda da bilirlər. Bu günə qədər ermənipərəst dairələrin Azərbaycanda sabitliyi pozmaqla bağlı müxtəlif planlarında baş rol alan bu antimilli ünsürlərin fərsizliyindən Nuland da xəbərdar idi. Elə bu səbəbdən də bu fərsiz, tükənmiş siyasətçilərlə görüşməkdən imtina etdi. Bu, eyni zamanda, radikalların Azərbaycandakı mövqeyinin və onlara olan beynəlxalq münasibətin hansı səviyyədə olduğunu da göstərdi.
Azərbaycan dövlətinə yüksək beynəlxalq maraq ifadə olunur
Əlbəttə, xanım Nulandın müxalifətlə görüşdən imtina etməsinin yeganə səbəbi bu antimilli ünsürlərin fərsizliyi və savadsızlığı deyil. Bunun digər bir səbəbi də Azərbaycan dövlətinin yüksək inkişafı və bu inkişafa da məhz indiki hakimiyyətin həyata keçirdiyi siyasət sayəsində nail olunmasıdır. Azərbaycanın dünyada iqtisadi inkişaf tempinə görə öndə gedən dövlətlər sırasında yer alması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ildən-ilə daha da artması müasir dövrümüzün inkarolunmaz reallıqlarıdır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırıb, siyasi sabitlik gücləndirilib, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha möhkəmləndirib. Respublikamızda möhkəm sosial-iqtisadi tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı hökm sürür. Bu da Azərbaycanla səmimi əməkdaşlıq etmək istəyən dövlət və onların hökumətlərinin maraqlarına cavab verir. Bu səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün səfərlərində ən yüksək səviyyədə qarşılanır, Azərbaycan dövlətinə yüksək maraq ifadə olunur. Radikal müxalifət cəbhəsində qərar tutmuş antimilli ünsürlər isə hər səfər sonrasında bugünkü pəjmürdəliyi yaşamalı olurlar və onlar bu ağıl və məntiqlə davam etdikləri müddətcə bundan sonra daha çox xəyal qırıqlığına məcburdurlar. Çünki heç bir özünə hörmət qoyan siyasətçi bu cür uğursuz siyasi qrupla hər hansı bir ciddi mövzu ətrafında müzakirə aparmağı özünə rəva görmür.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31