“Cənub” qaz dəhlizi layihəsi - beynəlxalq təhlükəsizlik və əməkdaşlıq platforması
17.02.2015 [12:36]
Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi...
Başlıca strateji nüanslardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Ümumiyyətlə, sirr deyil ki, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən, həmçinin, əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Bu kontekstdə Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir, beynəlxalq xarakter daşıyır. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir. Belə ki, Avropa Xəzər regionunun özünün enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
“Cənub” qaz dəhlizi layihəsi regional və beynəlxalq enerji təhlükəsizliyinə strateji töhfələr verəcək
Digər tərəfdən, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Məlum olduğu kimi, ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur.
XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub” qaz dəhlizinin icrasına start verilməsi regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən müstəsna əhəmiyyət daşıyır. Fevralın 12-də isə Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin görüşündə də bu məqamlara xüsusi diqqət yetirilib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitqində layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir”.
Beləliklə, bu əməkdaşlıq formatında davam etdirilən işbirliyi, Azərbaycanın Avrasiyanın enerji xəritəsini zənginləşdirəcək layihələrə imza atması, Avropanın enerji təhlükəsizliyinə strateji töhfələr verməsi beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Avropanın enerji təhlükəsizliyində yeni mərhələ...
Bir sözlə, Qərb regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu kontekstdə əsas strateji məqam isə budur ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. Əsas etibarilə, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülmüş, lakin bunların praktiki nəticəsi olmamışdır. Azərbaycan bu sahədə də liderliyi öz əlinə götürmüş və “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanmışdır. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmiş, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilmişdir. 2015-ci il fevralın 12-də isə, qeyd edildiyi kimi, Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, mətbuat üçün bəyanat qəbul edilib.
Dolayısıyla, Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. “Cənub” qaz dəhlizi Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərir. “Cənub” qaz dəhlizi dünya əhəmiyyətli layihəyə çevrilib. Bu layihə, eyni zamanda, Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb.
“Cənub” qaz dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının
diversifikasiyası baxımından Avropanın prioriteti olacaq
Öz növbəsində, ekspert-mütəxəssislər də “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətini yüksək qiymətləndirirlər. Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, məhz Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəm daşıyan çox mühüm bir dövlətə çevrilib: “Hazırda Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. Məhz Prezident İlham Əliyevin fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin görüşündəki çıxışı bir daha təsdiq etdi ki, ölkəmiz Qərb üçün strateji tərəfdaşlıq missiyasını yerinə yetirməkdədir. Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirməklə tərəfdaş ölkələrdə işgüzarlığın və təşəbbüskarlığın artmasına yeni stimul verdi”.
“İki sahil” qəzetinə açıqlamasında SOCAR “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov isə qeyd edib ki, 1994-cü ildə XX əsrin müqaviləsinin imzalanması ilə başlayan, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın müstəqil dövlət kimi inkişaf xəttinin əsası oldu: “Azərbaycan neftini və qazını dünya bazarına nəql etmək üçün kəmərlər şəbəkəsi yaradıldı. Respublika rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edildi. Eyni zamanda, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrildi”.
D.İskəndərov bildirib ki, “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir: “Yeni marşrut, ilk növbədə, Avropaya qaz tədarükləri mənbələrini şaxələndirməyə, respublikamız üçün yeni alternativ marşrutlar açmağa imkan verəcək. Bundan əlavə, çoxtərəfli əməkdaşlıq regional inteqrasiya prosesinə güclü təkan verəcək. Özündə Cənub Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsini, Türkiyədə TANAP qaz kəmərinin və Avropada TAP qaz kəmərinin tikintisini birləşdirən və 3500 kilometrdən də uzun məsafəni əhatə edən “Cənub” qaz dəhlizi istər geosiyasi, istər isə mühəndislik nöqteyi-nəzərindən indiyədək dünyada həyata keçirilən ən mürəkkəb və əhəmiyyətli layihələrdən biridir. Hazırda “Cənub” qaz dəhlizindən bəhs olunarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, onun təşəbbüskarı da, icraçısı da Azərbaycandır və layihənin reallaşdırılmasında Prezident İlham Əliyevin siyasi iradəsi həlledici rol oynayır”.
D.İskəndərov əlavə edib ki, layihənin həyata keçirilməsi Azərbaycanın iqtisadi və siyasi cəhətdən daha da inkişaf etməsinə, yüksək rəqabətqabiliyyətli ölkə olmasına xidmət edəcək: “Eyni zamanda, Azərbaycanda yeni yataqların kəşfiyyat və istismarının sürətlənməsinə, yeni texnologiyaların axınına, Azərbaycan şirkətlərinin dünyada tanınmasına yardımçı olacaq”.
SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin müdiri İsgəndər Şirəli isə bəhs olunan qəzetə açıqlamasında bildirib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət neft-qaz sektorunun inkişafına, ölkəmizin karbohidrogen ehtiyatlarının ixracı sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə səbəb olub: “Belə ki, BTC və BTƏ kimi nəhəng neft-qaz boru kəmərlərinin işə düşməsi, TANAP-ın reallaşması istiqamətində atılan addımlar və ən əsası, 2014-cü il sentyabr ayının 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması əldə olunan böyük uğurlar sırasındadır”.
İ.Şirəli vurğulayıb ki, “Cənub” qaz dəhlizi həm Azərbaycan, həm də Avropa üçün çox əhəmiyyətli layihədir. Təsadüfi deyil ki, bu, XXI əsrin layihəsi adlandırılır.
SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov isə “Əsrin müqaviləsi”nin əhəmiyyətini önə çəkərək bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi və siyasi inkişafı “Əsrin müqaviləsi”ndən başlanır: “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə ölkəmiz neft-qaz sektorunda olduqca böyük uğurlar əldə edib. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlanılıb. Avropa üçün böyük önəm kəsb edən “Cənub” qaz dəhlizinin birinci hissəsi də məhz 2007-ci ildə istifadəyə verilib. 2012-ci ildə Türkiyə və Azərbaycan Trans-Anadolu (TANAP) kəmərinin tikintisi ilə bağlı razılığa gəlib”.
Q.Mahmudov qeyd edib ki, XXI əsrin layihəsi olan “Cənub” qaz dəhlizi Avropa üçün böyük əhəmiyyətə malikdir: “Cənub” qaz dəhlizi layihəsi bir daha Azərbaycanın Avropa üçün əhəmiyyətini, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Azərbaycan isə belə qlobal layihələr həyata keçirməklə bir daha sübut edir ki, regionda söz sahibidir”.
Beləliklə, rəylər onu deməyə əsas verir ki, “Cənub” qaz dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropanın prioriteti olacaq.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSiyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19

